close

Britaniya şirkəti Söyüdlüdən çıxmayacağını deyir

Foto: “Azərtac”

Reza Vəziri hadisələrin şirkətə böyük ziyan vurduğunu açıqladı

Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkətinin baş direktoru Reza Vəziri Söyüdlüdə baş verən hadisələrin şirkətə böyük ziyan vurduğunu bildirib.

Bu barədə Reza Vəziri sentyabrın 28-də Gədəbəydə keçirilən brifinqdə deyib.

“Biz yüksəliş dövrü yaşayırdıq və hadisələr səhmlərin artdığı dövrə təsadüf etdi. Həmin məsələlərdən sonra bazarda qiymətlər 80 faiz endi. Bu, təbii ki, böyük ziyandır. Lakin olanlar şirkəti bazardan çıxarmayacaq”, – deyə o bildirib.

R.Vəziri qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq davam edəcək, mövcud qüsurlar aradan qaldırılacaq.

“Biz gərək tullantılarla bağlı məsələlərdə Söyüdlü sakinlərini öncədən məlumatlandıraydıq. Bu nöqsanımızı qəbul edirik”.

Bəlkə də, əhalini vaxtında məlumatlandırsaydıq, bu sahədə maarifləndirsəydik, düzgün iş qursaydıq, vəziyyət bu həddə gəlib çatmazdı. Təəssüf edirəm ki, bu işi görməmişik. Bu, bizim səhvimizdir. Bunu etiraf edirəm”, – o qeyd edib.

Şirkətin insan resurslarının idarə edilməsi və inzibati işlər üzrə meneceri Rahib Rzayev isə bildirib ki, oktyabrda işçilər üçüncü tərəf yoxlaması ilə təkrar tibbi müayinədən keçiriləcək.

Onun sözlərinə görə, 2008-ci ildən 2019-cu ilə qədər hər il şirkətin işçilərini tibbi müayinədən keçiriblər:

“İndiyə kimi peşə xəstəliyi ilə bağlı hansısa neqativ hal aşkarlanmayıb”.

Sentyabrın 26-da Gədəbəyin Söyüdlü kəndindəki vəziyyəti araşdırmaq üçün yaradılan komissiya açıqlama yayıb.

Komissiya zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin aşkarlandığını qeyd edib.

Həmin məlumatda bildirilir ki, nümunələrin təhlili zamanı su obyektlərində və torpaqda bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb.

İyunun 20-də Söyüdlü sakinləri “Gədəbəy” yatağından qızıl hasilatı və emalı şirkətinin çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər.

Polis etirazlara müdaxilə edib. Həmin vaxt 10 nəfərə yaxın şəxsin xəsarət aldığı və rəsmi olaraq beş nəfərin inzibati həbs olunduğu açıqlanıb.

Sakinlər həmin süni gölün suyunda sianid olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirirdilər.

Etiraza səbəb olan süni göl kənddəki ikinci oxşar su hövzəsi olacaqdı.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.

Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

İyulun 11-də Prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışarkən polisin davranışını müdafiə edib, kimsənin polisə ləkə vurmasına imkan verməyəcəyini deyib.

O, vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb.

Prezident habelə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitlə bağlı məsələdə səhlənkarlıq etdiyini deyib.

İyulun 4-də Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan  keçmiş deputat Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qərarı çıxarılıb.

Nazim Bəydəmirli və vəkilləri onun iyunun 20-21-də Gədəbəyin Söyüdlü kəndində baş verən polis zorakılığına qarşı etiraz etdiyindən həbs olunduğunu düşünür, eks deputat özünü “ekologiya məhbusu” sayır.

Rəsmi açıqlamada isə bildirilir ki, o, Cinayət Məcəlləsinin 182.2.4 maddəsi – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə ittihamı ilə həbs edilib. Bu maddə ilə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Ana səhifəBölgəBritaniya şirkəti Söyüdlüdən çıxmayacağını deyir