close

Ariqo Sakkinin əfsanəvi “Milan”ı

Foto: “sportmob.com”

Yadigar Sadıqlı

(birinci hissə)

Futbol üzrə İtaliya çempionatının 1978/79 mövsümü başa çatanda “Milan” azarkeşləri toy-bayram edirdilər. Sevimli komandaları 11 illik fasilədən sonra yenidən çempion olmuşdu. Özü də bu,  çempionluq deyildi: “Milan” onuncu “skudetto”nu qazanırdı və bundan sonra formasına bir ulduz vurmaq hüququ qazanırdı. Klubun həmin ilin dekabrında qeyd olunacaq 80 illik yubileyinə bundan gözəl hədiyyə ola bilməzdi.

Amma düz bir il sonra əhval-ruhiyyə tamamilə başqa idi. Məsələ heç də onda deyildi ki, “Milan” titulunu qoruya bilməmiş və üçüncü yeri tutmuşdu. Dərd daha ağır idi: “Totonero” adını alan danışılmış oyunlar qalmaqalına görə komanda “Lazio” ilə birlikdə aşağı liqaya, B seriyasına göndərildi, onun prezidenti Feliçe Kolombo isə ömürlük diskvalifikasiya edildi.

Yadigar Sadıqov
Foto: Meydan Tv


Haşiyə: diskvalifikasiya olunan oyunçular arasında ən məşhuru o zaman İtaliya millisinin və “Peruca”nın hücumçusu Paolo Rossi oldu. Onu əvvəlcə 3 illik diskvalifikasiya etmişdilər, apelyasiyadan sonra cəza 2 ilə endirildi. Nəticədə Rossi 1982-ci il dünya çempionatına iki ay qalarkən “Yuventus”un tərkibində yaşıl meydanlara qayıtdı. İki illik fasiləyə baxmayaraq, millinin baş məşqçisi Entso Bearzot onu komandaya dəvət etdi. Çempionata uğursuz başlayan Rossi (elə İtaliya da həmçinin) son üç oyunda 6 qol vuraraq komandasının çempion olmasında həlledici rol oynadı. Bəzən rast gəlinən “Rossi həbsxanadan çıxıb çempion oldu” iddiası yanlışdır. Çünki Rossi və başqaları əvvəlcə həbs edilsələr də, sonradan heç biri cinayət məsuliyyətinə cəlb olunmadılar. “Totonero”da günahkar bilinənlər yalnız idman cəzası aldılar. Rossi artıq 1981-ci ilin yayından “Yuventus”la məşq edirdi.

“Milan” 1980/81 mövsümündə B seriyasında 38 oyunda 50 xal (qələbəyə görə 2 xal verilirdi) toplayaraq birinci yeri tutdu və A seriyasına qayıtdı. Gözləmək olardı ki, “Totonero”nun vurduğu zərbənin təsiri artıq arxada qalıb, amma elə olmadı. Növbəti mövsümdə “Milan” 30 oyunda cəmi 25 xal toplayaraq 16 komanda arasında 14-cü yeri tutdu və B seriyasına qayıtdı. Bir il sonra yenə B seriyasının qalibi kimi (38 oyunda 54 xal) A seriyasına yüksəldi.

Komanda elitaya qayıtsa da, elitanın zirvəsindəki yerinə qayıda bilmədi. Sonrakı üç il ərzində ardıcıllıqla 8-ci, 5-ci və 7-ci yerləri tutdu. Bu illərdə diqqətçəkən nəticə yalnız 1985-ci ildə İtaliya kubokunun finalına çıxmaq oldu. Amma əvvəlki mərhələlərdə “Napoli”, “Yuventus”, “İnter” kimi komandaları adlayan “Milan” finalda “Sampdoriya”ya uduzdu.

Bununla belə, heç də parlaq olmayan bu dövrlərdə gələcək əfsanəvi komandanın əsası qoyulur ki, bu sırada ilk növbədə üç nəfər qeyd olunmalıdır: Franko Barezi, Mauro Tasotti və Paolo Maldini.

Barezi hələ 1977-ci ildən “Milan”ın oyunçusu sayılırdı. Komanda B seriyasına düşəndə başqa komandalardan təklif alsa da, klubuna sadiq qaldı. Baxmayaraq ki, uşaqlıqdan “İnter” azarkeşi idi və “Milan”a da “İnter”dən rədd cavabı alandan sonra gəlmişdi (böyük qardaşı Cüzeppeni isə götürmüşdülər). O, 1982-ci ildə qoluna kapitan sarğısını keçirdi və onu 15 il daşıdı.

Mauro Tasotti “Lazio”nun yetirməsi idi. 1980-ci ildə hər iki klub B seriyasına göndəriləndə “Milan”a keçdi. Bir müddət sonra komandanın vitse-kapitanı olan Mauro 1997-ci ildə 37 yaşında karyerasını bitirənə qədər “Milan”da oynadı. Karyerasını bitirəndən sonra da 2016-cı ilə qədər klubda müxtəlif vəzifələr tutdu. Beləcə, ömrünün 36 ilini “Milan”a həsr etdi ki, klub tarixində mütləq rekord sayılır.

Paolo Maldini isə uşaqlıqdan qara-qırmızı rənglərlə böyümüşdü. O, “Milan”ın başqa bir əfsanəsinin – kapitan Çezare Maldininin oğlu idi. Komanda 1963-cü ildə tarixində ilk dəfə Çempionlar kubokunu qazananda onu başa üstə qaldıran adam məhz Çezare olmuşdu. Maldini 1985-ci ilin yanvarında, hələ 17 yaşı olmamış “Milan”da debüt etdi və 2009-cu ilə qədər qara-qırmızı formanı geyindi. O, Barezidən sonra 12 komandanın kapitanı oldu.

Bu üçlükdən əlavə, komandaya cəlb olunanlar sırasında Alberiqo Evanini (1980), Filippo Qallini (1983), Pietro Virdisi (1984) qeyd etmək lazımdır.

1985-1986-cı il mövsümündə Paolo Rossi də “Milan”da oynadı. Amma həm əvvəlki Rossi deyildi, həm də mövsümün əvvəlində növbəti dəfə dizindən zədələndi. O, “rossoneri” olduğu bir il ərzində 20 oyun oynadı və cəmi 2 qol vurdu: hər ikisini 2:2 hesabı ilə bitən derbidə “İnter”in qapısına.

***

1986-cı ilin fevralında klubun tarixində çox böyük iz buraxacaq hadisə baş verdi: onu İtaliyanın ən zəngin adamlarından biri olan Silvio Berluskoni aldı və martda prezidenti seçildi. Həmin mövsümün sonunu “Milan” xüsusilə uğursuz keçirdi: beş oyunda 1 xal və 7-ci yer. Bu qara zolaq komandanın UEFA kubokunda belə iştirakına imkan vermədi.

Prezident və vitse-prezident Adriano Qalliani yayda yeni komandanın əsasını qoymağa başladılar. Berluskoni erasında alınan ilk oyunçu yarımmüdafiəçi Roberto Donadoni oldu. Bundan əlavə, qapıçı Covanni Qalli, müdafiəçi Dario Bonetti, hücumçular Stefano Borqonovo, Cüzeppe Qalderizi və Daniele Massaro alındı.

Məşqçi isə “Milan”ın daha bir əfsanəsi, isveçli Nils Lidholm idi. 1949-1961-ci ildə qara-qırmızı formanı geyinən Lidholm 1963-1966, 1977-1979-cu illərdə də komandanın baş məşqçisi olmuşdu. Onuncu skudetto məhz onun rəhbərliyi altında qazanıldı. Beş il “Roma”ya rəhbərlik edəndən və komandanı Çempionlar liqasının finalına çıxarandan (penaltilər seriyasında “Liverpul”a uduzdu) sonra 1984-cü ildə yenidən “Milan”a qayıtdı.

Yenilənməyə baxmayaraq, klub 1986-87-ci illər mövsümünə uğursuz – iki məğlubiyyətlə (“Askoli” və “Verona”) başladı. Sonralar nəticələr bir qədər düzəlsə də Berluskoninin umduğu deyildi. 23 turdan sonra “Milan” 29 xalla 5-ci yeri tuturdu. Növbəti turda San-Siroda “Sampdoriya”ya 0:2 uduzanda prezidentin səbri daşdı və o, Lidholmla vidalaşdı. Məşqçi köməkçisi işləyən gənc Fabio Kapello son 6 turda komandanı birtəhər 5-ci yerdə saxladı və UEFA kubokuna vəsiqə qazandırdı.

Yayda Beluskoni məşqçi axtarışına çıxdı və nəzərini İtaliya kubokunun 1/8 finalında “Milan”ı mübarizədən kənarlaşdırmış (0:0, 0:1) “Parma”nın baş məşqçisi Ariqo Sakkinin üzərində saxladı. Bu seçimin hamı tərəfindən bəyənildiyini söyləmək isə olmazdı.

1946-cı il təvəllüdlü Ariqo özündən futbolçu çıxmayacağını anlayandan sonra məşqçilik həvəsinə düşmüşdü. Nəhayət, 26 yaşında doğma kəndinin komandasının məşqçisi oldu. Müxtəlif həvəskar və gənclər komandasına məşqçilik edəndən sonra C1 liqasında əvvəlcə “Rimini”nin məşqçisi oldu. İki cəhdə rəğmən, komandanı B liqasına çıxara bilmədi.

1985-ci ildə C1 liqasında çıxış edən başqa komandanın – “Parma”nın məşqçisi oldu və elə ilk cəhddə onu B liqasına çıxardı. “Milan”ı İtaliya kubokundan kənarlaşdıran “Parma” məhz B liqasında çıxış edirdi. 1986\87 mövsümünün sonunda komanda liqada 7-ci yeri tutdu, bu da debütant üçün pis nəticə sayılmazdı.

İndi Berluskoni milyonlarla investisiya qoyduğu klubun sükanını nəinki ciddi uğur qazanmamış, heç A seriyasının komandasını çalışdırmamış birisinə həvalə etmək istəyirdi. Təbiidir ki, bu qərar xeyli suallar və adlı-sanlı məşqçi təyinatı gözləyən “Milan”cameəsində narahatlıq yaratdı. Amma oyunçu transferləri bu narahatlıqlara bir qədər su səpdi.

Əvvəlcə klubun yetirməsi Alessandro Kostakurta icarədə olduğu “Monsa”dan qaytarıldı. O, hələ əsas heyətin oyunçusu deyildi. Amma bir müddət keçəcək və Maldini – Barezi – Kostakurta – Tasotti kvarteti dünyanın ən keçilməz müdafiə xətti sayılacaq. Bu dördlük sadaladığım ardıcıllıqla həm də “Milan” heyətində ən çox oyun keçirən beşlikdə yer alır. Yalnız əfsanəvi Canni Rivera dördüncü yeri tutaraq Tasottini qabaqlayır.

Amma qayıdaq transferlərə. İki ingilis (Rey Uilkins və Mark Heytli), ikiitalyan (Aqostino di Bartalomei) komandadan göndərildi. Berluskoninin tərəddüdünə və baha qiymətinə baxmayaraq, Sakkinin israrı nəticəsində “Roma”dan Karlo Ançelotti alındı. “Parma”dan Roberto Mussi, “Udineze”dən Ancelo Kolombo da “Milan”a qatıldılar.

Ən səs-küylü transferlər isə iki niderlandlının – PSV-dən Ruud Qullitin və “Ayaks”dan Marko van Bastenin alınması oldu. Qullit PSV-də oynadığı 2 il ərzində komandanın Niderland çempionu olmasında əsas rol oynamışdı. Van Basten isə 1986-cı ildə “Qızıl butsa” alandan bombardir kimi məşhur idi. Üstəlik, hər iki oyunçu Niderland millisinin 1988-cı ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmasında mühüm rol oynamışdı. Qullit seçmə mərhələdə 5 qol vurmuşdu.

Beləcə, futbol tarixində ən güclü klub komandalarından sayılacaq heyətin əsası qoyuldu. Valeri Lobanovski pərəstişkarı olan Sakki idmançıların fiziki hazırlığına xüsusi önəm verirdi. Zona müdafiəsinə üstünlük verilməsi isə 11-ci skudettonun qazanılmasında əlahiddə rol oynadı.

***

Amma hər şeyin əvvəldən əla getdiyini söyləmək olmaz. Çempionata “Piza” üzərində qələbə (3:1) başlayan “Milan” artıq ikinci turda məğlubiyyətlə üzləşdi: San Siroda Fiorentinaya 0:2 uduzdu. Komanda beş turdan sonra 6 xalla 6-cı yeri tuturdu. Maradonanın çıxış etdiyi çempion Napoli isə maksimum nəticə ilə zirvədə idi.

İlk uğursuzluq UEFA kubokunda gəldi. İlk mərhələdə “Sportinq”i (Xixon) adlayan (0:1, 3:0) “Milan” 1\8 finalda başqa bir ispan klubuna – “Espanyol”a təslim oldu: – 0:2, 0:0. Bu azmış kimi, zədələnən van Basten altı aylığa sıradan çıxdı.

İlk uğur isə individual müstəvidə gəldi: Ruud Qullit Avropanın ən yaxşı oyunçusu seçilərək “Qızıl top”a sahib oldu. Bu, “Milan”ın ikinci dəfə Çempionlar kubokunu aldığı 1969-cu ildə Canni Riveranın “Qızıl top”undan sonra klub oyunçusunun ilk analoji uğuru idi.

İtaliya kubokunda çıxış da uğursuz oldu. Komanda 1\8 finalda zəif “Askoli”yə hər iki oyunu uduzaraq (0:1, 3:4) mübarizəni dayandırdı.

Çempionatda isə işlər bir qədər qaydasına düşmüşdü. Birinci dövrədən sonra (A seriyasında 16 komanda iştirak edirdi) Milan 22 xalla ikinci yeri tutaraq Napolidən 3 xal geri qalırdı. Üstəlik, bu komandaların San Siroda keçirilən üzbəüz görüşündə “Milan” rəqibini 4:1 hesabı ilə darmadağın etdi. Hesabı Maradonanın ideal ötürməsindən sonra braziliyalı Kareka açsa da, “rossonero” dörd qolla (Kolombo, Virdis, Qullit, Donadoni) əvəzini çxıdı.

Sonrakı turlar ərzində bu fərqi azaltmaq mümkün olmadı. Çempionatın başa çatmasına 5 tur qalarkən fərq bir qədər də çox – 4 xal idi. 26-cı turda “Milan”ın əzəli rəqibi “Yuventus”dan hədiyyə gəldi: onlar neapolluları 3:1 məğlubiyyətə uğratdılar. Milan isə üçüncü yerdə gedən “Roma”nı paytaxtda 2:0 uddu və onunla fərqi 6 xala çatdıraraq ən azı gümüş medalı faktiki təmin etdi. “Napoli” ilə fərq isə iki xala endi.

27-ci turda Milan derbisində “İnter” məğlub edildi – 2:0 (Qullit və Virdis). “Napoli” səfərdə “Verona”nı məğlub edə bilmədi – 1:1. İki komanda arasında fərq minimuma endi, intriqa isə zirvəyə çıxdı. Xüsusən də ona görə ki, növbəti turda komandalar Neapolda bir-birləri ilə qarşılaşacaqdılar.

Mayın 1-də baş tutan oyun o dövrün yəqin ki, ən çox gözlənilən klub qarşılaması idi. Bir tərəfdən, o zaman dünyada ən güclü liqanın çempionunun müəyyənləşməsi üçün vacib oyun idi. Digər tərəfdən də hər iki komandada ən adlı-sanlı oyunçular oynayırdılar.

Hesabı 36-cı dəqiqədə Virdis açdı. Cərimə zərbəsindən vurulan top müdafiəçilərə dəyərək ona gəldi və “Milan”ın 9 nömrəsi fürsəti qaçırmadı. Birinci hissənin bu hesabla başa çatacağı düşünülən vaxt Maradona 45-ci dəqiqədə cərimə zərbəsi ilə topu Qallidən sağdakı doqquzluğa göndərdi – 1:1.

Fasilədə Sakki Donadoninin yerinə yenicə sağalan van Basteni oyuna saldı. 68-ci dəqiqədə Qullitin sağ cinahdan 11 metrlik nöqtəyə göndərdiyi topu Virdis başı ilə qapıdan keçirdi. Hesabı bərabərləşdirmək üçün irəli atılan neapolluları milanlılar 76-cı dəqiqədə əks-hücumda yaxaladılar.

Meydançanın “Milan”a aid hissəsində topu götürən Qullit bu dəfə sol cinahla şığıyaraq qapıçı ilə üzbəüz qaldı və topu mərkəzdəki van Bastenə ötürdü. Marko topu boş qapıya vurdu. İki dəqiqə sonra başla qol vuran Kareka oyuna intriqanı qaytarsa da, “Napoli” daha artığını edə bilmədi. 3:2 hesabı ilə qalib gələn “Milan” 1 xal fərqlə liderliyə yüksəldi.

Bir həftə sonra Milanda “Yuventus”a qalib gəlmək mümkün olmadı – 0:0. Amma “Napoli” də qara zolaqdan çıxa bilməyərək “Fiorentina”ya 2:3 uduzdu (25 turda cəmi 2 dəfə məğlub olan neapollular son 5 turda 4 dəfə məğlub olub, 1 dəfə heç-heçə etdilər). Son tur öncəsi fərq 2 xal oldu.

Xalların bərabər olduğu halda üstünlük şəxsi qarşılaşmalara verilsəydi, “Milan” artıq çempion olmalı idi. Amma vurulan və buraxılan topların fərqi əsas sayılırdı. Bu isə hər iki komanda da eyni idi – 29. Son turda “Milan”ın uduzacağı, “Napoli”nin udacağı halda neapolluların fərqi daha yaxşı olacaqdı və qızıl medal qazanacaqdılar. Buna görə də Komoda yerli komanda ilə ən azı heç-heçə etmək lazım idi.

“Milan” bunu bacardı. Virdisin birinci hissədə vurduğu qola “Komo” ikinci hissədə cavab verdi və oyun 1:1 hesabı ilə başa çatdı. Zatən “Napoli” də yenə uduzdu (“Sampdoriya”ya 1:2).

Beləcə, 30 oyunda 45 xal toplayan (17 qələbə, 11 heç-heçə və 2 məğlubiyyət), 43 qol vurub cəmi 14-nü buraxan (zona müdafiəsi) “Milan” tarixinin ən kədərli dövrünü arxada qoyaraq növbəti çempionluğunu qazandı. Ariqo Sakki A seriyasında ilk mövsümündə İtaliyanı fəth etdi. Qarşıda isə Avropanın və dünyanın fəthi dururdu.

(ardı var)

Ana səhifəMənim FikrimcəAriqo Sakkinin əfsanəvi “Milan”ı