close

ARKA film müsabiqəsinin qeyri-şəffaf keçirilməsi iddiasına cavab verdi

Azərbaycan kinosu. Foto: natatravel/shutterstock

“Narazılığı olanlar Apelyasiya komissiyasına müraciət edə bilərlər”

Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) film layihələrinin seçimi ətrafında yaranan narazılığa münasibət bildirib.

Qurum məlumat yayaraq bildirib ki, agentlik olaraq film layihələrinin seçimlərinə onlar tərəfindən müdaxilə edilmir.

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən bu ilin 18 iyul tarixində film layihələri müsabiqəsi elan edilib.

Müsabiqənin məqsədi ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektora dəstək verilməsidir.

Müsabiqəyə tələbə filmləri də daxil olmaqla, ümumilikdə 100-dən artıq layihə təqdim edilib.

Kinematoqrafın müxtəlif istiqamətlərini təmsil edən yeddi nəfərdən ibarət (İlqar Fəhmi, Fikrin Bəktaşi, Fehruz Şamiyev, Aydın Talıbzadə, Azər Quliyev, Murad Hüseynov, Rasim Həsənov) Seçim komissiyası tərəfindən müsabiqənin ikinci mərhələsi ilə bağlı yekun iclasda 30 layihənin müdafiəsi üçün müəlliflərin pitçinqə dəvət olunmasına qərar verilib.

İclasın bütün gedişinin (səs qeydləri də daxil) katiblik tərəfindən protokolu tərtib olunaraq arxivləşdirilib.

Noyabr ​23-24-də Dövlət Film Fondunda müsabiqənin pitçinq mərhələsi təşkil olunub. Bu mərhələdə Seçim komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurasının nümayəndələri ilə birlikdə (televiziya rəhbərlərinin “Zoom” vasitəsilə qatılımı da təmin olunub) iştirakçıların layihələrini dinləyiblər.

Nəticədə 11 layihə (“Kapitan və Xəzər dənizi”, “Nargin”, “Ölüm axtaran qadın”, “Kür – çaylar anası”, “Narqız”, “Sözün varsa, de”, “Günəşdə də ləkələr olur”, “Qorqud və Zəhra”, “Xəzinə”, “Daş”, “Erkən hisslər”) və tələbə filmləri layihələri Ekspert Şurasının yekun iclasına təqdim edilib.

Ekspert şurasının son iclasında səsvermə nəticəsində 11 qalib layihədən ikisi (“Qorqud və Zəhra”, “Sözün varsa, de” ) səs çoxluğu ilə ssenarinin inkişaf proqramına yönləndirilib.

“Borc”, “Arılar və qəbirlər” film layihələri isə təkmilləşdirmə və ssenarinin inkişaf proqramına cəlb olunduqdan sonra istehsala buraxılması tövsiyə edilib.

Azərbaycan Respublikası Kino Agentliyi

“Ekspert Şurasının əsasnaməsinə uyğun olaraq, səs çoxluğu ilə seçilən layihələr Seçim komissiyasının və Ekspert Şurasının müstəqil qərarı kimi qiymətləndirilməlidir. ARKA bu prosesə müdaxilə etmir”, – məlumatda deyilir.

Bildiririk ki, müvafiq qaydalara, Ekspert Şurasının yekun rəyinə əsasən, ARKA qalib olmuş layihələrə və onların maliyyələşməsinə dair yekun qərar qəbul edir. Film layihələri ARKA-nın iqtisadi cəhətdən əsaslandırmasından sonra istehsala buraxılacaq”, – deyə ARKA qeyd edib.

Müsabiqənin hər hansı mərhələsi ilə bağlı narazılığı olan iştirakçılar Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Apellyasiya komissiyasına müraciət edə bilərlər.

Film layihələri müsabiqəsində Apelyasiya komissiyası təcrübəsi ilk dəfə tətbiq olunur.

Komissiyaya 9 nəfər yerli və xarici peşəkar kinematoqrafçıdan ibarət heyət cəlb edilib.

ARKA 2023-cü ilin iyulunda film müsabiqəsi elan edib.

Müsabiqə üç mərhələli olub.

Müsabiqənin sonuncu – layihələrin müdafiəsi (pitçinq) mərhələsi isə noyabrın 23-24-də keçirilib.

Müsabiqənin ümumi fondu 5,5 milyon manatdır.

Qaliblər müstəqil mütəxəssislərdən ibarət Seçim komissiyası və nazirlik tərəfindən bu günlərdə yaradılmış Ekspert Şurası tərəfindən seçilib.

“Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC), “Borc” (“Bakı Media Mərkəzi” MMC), “Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii, “Nargin” (“Karvan Production” MMC), “Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC), “Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli, “Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii, “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli, “Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və 16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsinə qərar verilib.

Kinotənqidçiləri müsabiqənin qeyri-şəffaf keçirildiyini deyiblər.

Ana səhifəMədəniyyətARKA film müsabiqəsinin qeyri-şəffaf keçirilməsi iddiasına cavab verdi