close

Avropa Parlamenti Azərbaycana müşahidəçi göndərməyəcək

Avropa Parlamenti. Foto: shutterstock\Hadrian

Təşkilat seçkilərin nəticələrini də şərh etməyəcəyini deyir

Avropa Parlamentinin Azərbaycanda 7 fevral növbədənkənar Prezident seçkisini müşahidə etməyəcəyi bildirilir.

Bu barədə yanvarın 15-də Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri, deputatlar Devid Mak-Allister və Tomas Tobenin birgə bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, Avropa Parlamenti seçkilərdə müşahidə aparamayacağı üçün seçki prosesini, eləcə də elan edilmiş nəticələri şərh etməyəcək:

“Avropa Parlamentinin heç bir üzvünün bu qurumun adından seçkiləri müşahidə etmək və ya şərh etmək səlahiyyəti yoxdur”.

Əgər Avropa Parlamentinin üzvlərindən hər hansı biri seçkilərə münasibət bildirmək qərarına gələrsə, bu, Avropa Parlamentinin yox, onun şəxsi təşəbbüsü olacaq”, – deyə sənəddə vurğulanır.

Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Namizədliyi qeydə alnmış şəxslər – ölkə başçısı İlham Əliyev, deputatlar – Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Fuad Əliyevdir.

Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.

Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.

AXCP, MüsavatKlassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Ana səhifəSiyasətAvropa Parlamenti Azərbaycana müşahidəçi göndərməyəcək