close

Azər Qasımlı: “İlham Əliyev dedi ki, ondan və polisdən başqa hamı günahkardır”

Foto: president.az

Cəmil Həsənli: “Söyüdlüdəki ağbirçək anaların yox, onların gözünə bibər qazı püskürən polislərin tərəfində durdu”

Prezident İlham Əliyev Gədəbəyin Söyüdlü kəndində baş verən etirazlara 20 gün sonra reaksiya verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyini günahlandıran dövlət başçısı polisi kənd əhalisinə qarşı gözyaşardıcı qazdan və dəyənəkdən istifadə edən polisi müdafiə edib.

Vətəndaşların bir hissəsinin polisə daş atmasını ədəbsizlik və qanunsuzluq adlandıran Əliyev Azərbaycan polisinin dözümlülük göstərdiyini, özünü ləyaqətlə apardığını bildirib.

“Əliyevin çıxışı “hamı günahkardır, ondan və polisdən başqa” fikrindən başqa bir şey deyildi”

Politoloq Azər Qasımlı Meydan TV-yə açıqlamasında hesab edir ki, ölkə başçısı yeni heç bir şey deməyib, bu çıxış da əvvəlki çıxışlarının davamıdır.

O, İlham Əliyevin çıxışını ənənəvi adlandırıb.

Azər Qasımlı deyir ki, 11 iyul müşavirəsinin əsas məqsədi 6 aylıq hesabatdan çox, Söyüdlüdəki etirazlara münasibət sərgiləmək olub:

İlham Əliyev sanki müşavirəni gözləyirdi ki, mövqeyini bildirsin. Çünki çıxışı boyu iki dəfə Söyüdlü etirazlarına döndü. İkincisi, Əliyev həmişə olduğu kimi yeni yanaşma göstərmədi, yəni iqtisadiyyatda və ölkədə ciddi problemlər var ki, onlara toxunmadı, mən sistemli münasibət görmədim. Yenə dövlət büdcəsindən layihələrə vəsait ayrılacağını dedi, amma monopoliya və korrupsiya barədə danışılmadı”.

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

Politoloqun fikrincə, Əliyev günahkar axtarmaqla, əslində, özünü məsuliyyətdən kənarda saxlayıb:

“İlham Əliyevin çıxışı “hamı günahkardır, ondan və polisdən başqa” fikrindən başqa bir şey deyildi. Ölkə başçısı deyir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kənddəki vəziyyətdən xəbəri yoxdurmu, əgər yoxdursa, yaxud bilir və tədbir görmürsə, hər ikisi pisdir. Eyni sualı Əliyevə də ünvanmalaq lazımdır ki, naziri, icra başçısını siz təyin edirsiniz, ya da zavodun sahibinin də özünüz olduğu deyilir. Hətta söyüdlülər də danışırdılar ki, zavod hakim ailənindir. Beləliklə, Əliyev müşavirəni zavodun ona aid olmadığını demək üçün keçirtdi. Yəni müşavirə problemin Ekologiya və Təbii Sərvətlər Nazirliyində və icra hakimiyyətində olduğunu ictimai şüura yeritmək üçün idi”.

Bəli, söyüdlülərin haqlı etiraz etdiyini vurğuladı, ancaq mahiyyətə gəldikdə, özünü və polisi kənara çəkdi. Hətta belə bir cümlə işlətdi ki, özünü ən ləyaqıtli aparan polis oldu. Sual yaranır, qadınlara gözyaşardıcı qazdan istifadə edən polis ləyaqətli hərəkət edib? Yaxud qadınlara dəyənək qaldırmaq ləyaqətlidirmi? Əgər bunlar Prezidentin anlamında ləyaqətli hərəkətdirsə, o zaman ləyaqətin nə olduğunu bir daha kitablardan oxuyaq”, – deyə Qasımlı fikrini yekunlaşdırıb.

Sosial institut olaraq, dövlətin xarakteri cəzalandırmaqdan ibarətdir”

Milli Məclis deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Hikmət Babaoğlu Meydan TV-yə deyib ki, prezident müşavirədə çox mühüm məsələlərə toxunub:

“Prezident çıxışıyla vətəndaşların yanında olduğunu, haqlı etirazları dəstək verdiyini söylədi və vəziyyətin bu həddə çatmasında məsuliyyəti, məsuliyyətsizliyi olan dövlət qurumunun adını çəkdi və ciddi tənqid etdi. Dünənki çıxış Azərbaycan Prezidentinin siyasətində vətəndaş haqlarının hər şeydən üstün olduğunun göstərcisidydi. Amma ölkə başçısı başqa bir məqama da toxundu: yaranmış hadisələrdən sui-istifadə edib onları dövlətə qarşı yönəldən marginal təxribatçı qruplar var. Və əlavə etdi ki, dövlət qurumları həmin təxribatçılara qarşı qəti tədbirlər görməlidir. Bu mövqe haqlıydı və vətəndaşın bütün istəklərinin dəstəkləməsinin göstəricisiydi”.

Hikmət Babaoğlunun sözlərinə görə, sosial institut olaraq dövlətin xarakteri cəzalandırmaqdan ibarətdir:

Amma dövlət cəzanı o vaxt tətbiq edir ki, cəzalandırılan subyekt buna layiq olsun və cəza ədalətli olsun. Ona görə təxribatçılar istər Azərbaycanda, istərsə də kənarda olsunlar, mütləq cəzalandırılmalıdırlar. Əks təqdirdə, cəzasızlıq mühiti anarxiya yaradır, biz bunu həmin xaosun 90-cı illərin əvvəlində nələrə gətirdiyini gördük. Ona görə cəza tədbirləri olmalıdır”.

Hikmət Babaoğlu. Foto: axar.az

“Prezident xarici şirkəti tənqid etməkdə də haqlıydı. Çünki bəzən xarici şirkətlər Azərbaycanda üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər, ekologiya məsələlərində öz ölkələrindəki həssaslığı göstərmirlər, ya da müvafiq icra hakimiyyətindən müəyyən güzəştli əsaslarda “limitlər” əldə edirlər. Prezident elə onu dedi ki, ikinci göl icazəsiz yaradılırsa, bu, xarici şirkətlə bərabər problemi bilib tədbir görməyən dövlət qurumunun məsuliyyətsizliyidir”, – deyə deputat vurğulayıb.

“Polisi müdafiə edən dövlət başçısı nədən qadınlara qarşı gözyaşardıcı qazdan və dəyənəkdən istifadə edənlərin məsuliyyətindən danışmadı?” sualına YAP-çı deputat belə cavab verib:

“Şübhəsiz ki, dövlətin əsas mühafizə orqanlarından biri polisdir. Düşünürəm ki, Azərbaycan polisi başqa ölkələrdəki polislərdən daha fərqli funksiya yerinə yetirir. Bu da ondan ibarətdir ki, Azərbaycan polisi vətəni müdafiə edir, şəhidlər verir. Ona görə də Azərbaycan polisi hörmətə layiqdir, xalqımız da polisimizin bu xidmətlərini üstün tutur. Ancaq polisi əvvəlcədən düşünülmüş təxribata cəlb edib sonra hədəfə gətirmək dövlətə və millətə xəyanətdir”.

“Əliyev danışmaq məcburiyyətindəydi”

Milli Şuranın sədri, professor Cəmil Həsənli İlham Əliyevin müşavirədə 20 gün əvvəl baş vermiş hadisə barədə danışmaq məcburiyyətində olduğunu düşünür:

Uca dağ kəndində yaşlı qadınların, ağbirçək anaların etirazı bütün dünyaya yayılmışdı, ictimai rəydə hökumətin nüfuzunu söyüd salxımları kimi aşağı salmışdı. Hökumət Söyüdlüdə siyasi müxalifətin etirazı ilə deyil, kiçik miqyasda olsa belə xalqın müxalifəti ilə qarşılaşmışdı. Bilirsiniz ki, jurnalistlərin Söyüdlüdən çəkdiyi videolarda sakinlər, onların həyatını məhv edən qızıl emalı müəssisəsinin Mehriban Əliyevaya məxsus olduğunu bildirirdilər. Müəssisənin züllüllahlıq etməsini də bununla əlaqələndirirdilər. İlham Əliyevi danışdıran da bu idi. O demək istəyirdi ki, bu ekologiyanı xaraba qoyan, insanlara qənim kəsilən emal müəssisəsi bizə yox, xarici investora məxsusdur. Biz belə şey etmərik”.

Amma 2016-cı ilin aprelin 4-də korrupsiya faktlarını araşdıran beynəlxalq jurnalst qurupu (OCCRP) Panama sənədləri əsasında  “Əliyevin gizli dağ-mədən imperiyası” adlı geniş araşdırma yaymışdı və orada göstərilirdi ki, Azərbaycanın birinci ailəsi ölkənin ən zəngin qızıl, mis və gümüş yataqlarına nəzarəti ələ keçirib. Bunun izahatı verilmədi və ölkənin iqtisadi həyatında şəffaflıq olmadığı üçün bu yataqların Reza Vəziriyə ötürülməsi də yerli-yataqlı aydın deyil.  Niyə məhz Reza Vəziriyə? Tender olubmu? Hansı şirkətlər tenderdə iştirak edib? Məlum deyil. Ona görə bu məsələ Ekologiya Nazirliyindən, Muxtar Babayevdən daha çox İlham Əliyevin özünə aid məslədir”, – deyə Cəmil Həsənli qeyd edib.

Cəmil Həsənli. Foto: Meydan TV

O hesab edir ki, bəlkə də, normal tender olsaydı, qalib şirkət sianid turşusunu bu qədər arxayınlıqla açıq gölə axıtmazdı:

Axı Ağayi-Vəziri on illərdir ki, Əliyev rejiminin Amerikada lobbiçiliyi ilə məşğul olub. O Reza Vəziri ki 10 ildir ki, Azərbaycan Amerika ticarət evinin həmsədridir və hakim ailənin biznes ortağıdır”.

İlham Əliyev müşavirədə çox şeyləri etiraf etdi. Ekoloji təhlükə, flora və faunaya ziyan vurulması, insanların həyatına yaranan təhlükə və sair. Amma polisin əl-üzünü yudu. Halbuki hadisənin ilk günlərdə DİN məlumat yaymışdı ki, adamlara qarşı aşırı güc tətbiq edən polislər cəzalandırılacaq. Ancaq cəzalandırılmadı. Niyə? Dünənki çıxışdan aydın oldu ki, İlham Əliyev qanunu pozmuş, vətəndaşa qarşı aşırı güc tətbiq etmiş polislərin cəzalandırılmasına icazə vermədi. O, yaxşı bilir ki, yaratdığı rejim polis dəyənəyi üzərində qurulub. Vətəndaşın canının və malının təhlükəsizliyinə təminatçı olan ölkə başçısı Söyüdlü olaylarında ağbirçək anaların tərəfində yox, onların gözünə bibər qazı püskürən polislərin tərəfində olduğunu bəyan etdi. Mahiyyət budur, qalanların boş verin”, – deyə Həsənli bildirib.

Söyüdlü hadisələri

İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.

10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılanlar arasında narkotik ittihamı verilən də var.

İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.

Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.

Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.

Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.

Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.

Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.

Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.

Nazirlər Kabineti məsələ ilə bağlı komissiya yaradıldığını deyir.

Komissiya dövlət məmurlarından formalaşıb, tərkibində müstəqil ekspert yoxdur.

Həbslər və təzyiqlər…

Hakimiyyət hadisəyə təxribat donu geyindirir, yerli mediada bununla bağlı eyni məzmunlu materiallar dərc olunur, hadisəni işıqlandıran müstəqil media hədəfə alınır.

Nazim Bəydəmirli baş verənlərə görə şirkəti tənqid etdiyi üçün hökumət mediası tərəfindən hədəfə alınıb.

Buna görə də o, “Yeni Müsavat” saytını, Azərbaycan Dövlət Televiziyasını və deputat Elman Nəsirova qarşı məhkəmə iddiası qaldırıb.

İyulun 4-də isə Nazim Bəydəmirli Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) şübhəli şəxs qismində saxlanılıb.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi onun barəsində 4 ay həbs-qətimkan tədbiri seçib.

DİN Nazim Bəydəmirlinin səhmdarı olduğu şirkətdən pul tələb etmə ittihamıyla saxlanıldığı iddia etsə də, sabiq deputat deyib ki, onu Söyüdlü kəndində baş vermiş etirazlara görə saxlayıblar.

Bundan başqa, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov və keçmiş “heykəl məhbusu” Qiyas İbrahimov da Söyüdlü hadisələri zamanı sosial şəbəkələrdə yazdıqları statuslara görə inzibati qaydada həbs edilib.

Ana səhifəSiyasətAzər Qasımlı: “İlham Əliyev dedi ki, ondan və polisdən başqa hamı günahkardır”