close

Azərbaycan Ermənistanı 8 kəndi qaytarmamaqda günahlandırır

Foto: XİN

XİN: “Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törədir”

Rəsmi Bakı işğal altında olan 8 kəndin hələ də Azərbaycana təhvil verilmədiyini bəyan edib.

Bu barədə noyabrın 7-də Xarici İşlər Nazirliyinin (XİN) Zəfər Günü münasibətilə yaydığı bəyanatda qeyd olunub.

Bildirilir ki, Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törədir:

Yerevan hərbi-siyasi təxribatlarını davam etdirərək sülh prosesini, vətəndaşlarımızın həyatını, regiondakı bərpa və yenidənqurma işlərini təhdid altına almaq yolunu seçib. Ermənistan tərəfi bununla yanaşı, öhdəliklərinə zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkmədi. Ermənistan həmçinin hələ də işğal altında olan 8 Azərbaycan kəndini təhvil verməyib”.

Nazirlik Ermənistanı uzun illər status-kvonun saxlanılmasına hesablanmış imitasiya naminə danışıqlar apardığını bəyan edib.

Bəyanatda qeyd olunur ki, Yerevanın bu destruktiv fəaliyyətinə beynəlxalq vasitəçilər göz yumub.

Sənəddə həmçinin vurğulanır ki, adekvat tədbirlər görülmədiyindən Ermənistan “yeni ərazilər uğrunda yeni müharibələr” konsepsiyasını irəli sürüb.

Bundan sonra isə Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, ərazi bütövlüyünü, suverenliyini təmin edib. Bununla da BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail olub.

Ermənistan Xarici İşlər Nazirliyi hələ bu bəyanata reaksiya veməyib.

Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında 8 kəndin hələ də Ermənistanın işğalı altında olduğunu bildirmişdi.

Ondan 2 gün sonra oktyabrın 11-də  Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mediaya demişdi ki, onların da Azərbaycanda anklav əraziləri var:

Məsələn, Berkaber (Bibiş), Ayqeovit (Uzuntala), Vazaşen (Lələkənd), Paravakar (Vəlikənd) və digərləri geri qaytarılmalıdır. Azərbaycan 8 kəndi tələb edirsə, biz də bunları tələb edirik”.

Elə həmin gün Azərbaycan XİN yaydığı bəyanatda qeyd olunmuşdu ki, Nikol Paşinyanın iddiası Ermənistanın Azərbaycanın 8 kəndini işğal altında saxlamasına bəraət qazandırmaq məqsədilə irəli sürülüb:

“Azərbaycanın hansısa erməni kəndlərini işğalda saxlaması iddiaları yalandır”.

Ana səhifəSiyasətAzərbaycan Ermənistanı 8 kəndi qaytarmamaqda günahlandırır