close

Azərbaycan hökuməti yenə ictimai şəxslərə təzminat ödəyəcək

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

AİHM mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması ilə bağlı şikayətləri araşdırıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 4 yeni qərarını elan edib.

“Leyla Yunus və Arif Yunus Azərbaycana qarşı”

Bu işin hallarına görə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) 24 sentyabr 2008-ci il tarixdə yeni park kompleksinin salınması, yaşayış və qeyri-yaşayış sahələrinin sökülüb-köçürülməsi haqda sərəncam verib. Söhbət “Qış parkı”nın salınması məqsədilə Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində yerləşən binaların və yaşayış evlərinin sökülməsindən, sakinlərin köçürülməsindən gedir.

Həmin vaxt ərizəçilərin mülkiyyətində qeyd olunan ərazidə – Şəmsi Bədəlbəyli küçəsi 38 ünvanında yerləşən iki mənzili olub. 2010-cu ilin əvvəlində BŞİH-in əməkdaşları həmin ərazidə yaşayan sakinlərə mülklərinin hər kvadratmetri üçün 1500 Azərbaycan manatı (AZN) məbləğində kompensasiya təklif edib. Ancaq rəsmilər həmin vəsaitin alqı-satqı müqavilələri əsasında ödənilməsini təklif edib. Sakinlərdən bəziləri həmin təklifi qəbul edərək, mülklərini tərk ediblər. Həmin sakinlərin mülklərini tərk etməsinin ardınca, ərazidə söküntü işlərinə başlanılıb. Paralel olaraq, təkliflə razılaşmayan sakinlərə kommunal xidmətlərin göstərilməsi tamamilə və ya qismən dayandırılıb. Bu, qalan sakinlərin yaşayış şəraitini dözülməz edib.

Ərizəçilər 8 fevral 2011-ci il tarixdə Nəsimi Rayon Məhkəməsində BŞİH və Nəsimi Rayon İcra Hakimiyyətinə (NRİH) qarşı iddia qaldırıblar. Onlar mülkiyyət hüquqlarının həmin orqanlar tərəfindən pozulmasından şikayətlənərək, mülkiyyət hüquqlarından istifadə etmələrinə mane olan problemlərin aradan qaldırılmasını xahiş ediblər. Nəsimi Rayon Məhkəməsi inzibati xarakterli olduğuna görə mübahisəyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalı olduğunu bildirib və iddianı qəbuledilməz elan edib. Həmin qərarı 2011-ci il martin 31-də Bakı Apelyasiya Məhkəməsi, həmin il iyunun 24-də isə Ali Məhkəmə qüvvədə saxlayıb.

Ərizəçilər 2011-ci il mayın 18-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində BŞİH, NRİH, Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) qarşı iddia qaldırıblar. Onlar məhkəmədən cavabdehlərin əmlak və digər hüquqlarını pozan hərəkətlərinə son qoyulmasını tələb ediblər. Həmçinin, məhkəmədən onların mənzillərinə ziyan vura biləcək hər hansı söküntü işlərinin qadağan edilməsi barədə qərar çıxarmasını xahiş ediblər. Eyni il mayın 24-də məhkəmə müvafiq qərarı qəbul edib.

Avqustun 11-də isə məhkəmə proseslərinin davam etdiyi bir vaxtda BŞİH ərizəçilərin mənzillərini söküb. Sentyabrın 13-də ərizəçilər ilkin iddialarına dəyişiklik ediblər, əlavə olaraq 300.000 AZN məbləğində mənəvi ziyan və mənfəət itkisi əvəzi tələb ediblər. Bir il sonra, mayın 15-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi həmin iddiaları təmin etməyib.

2012-ci il avqustun 16-da Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. 5 dekabr 2012-ci il tarixdə isə Ali Məhkəmə həmin qərarı ləğv edib, qeyd edib ki, söküntü işləri ilə bağlı qərar təkcə, ərizəçilərə deyil, həm də müvafiq ərazidə yaşayan digər sakinlərə yönəlik olduğu üçün, beləliklə, ərizəçilərin həmin qərarın etibarsız sayılmasını tələb etmək hüququ olmadığından onların iddiaları qəbuledilməzdir.

2012-ci il dekabrın 14-də ərizəçilər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində BŞİH və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı yeni iddia qaldırıblar, onlar mənzillərinin qanunsuz olaraq özgəninkiləşdirilməsi və sökülməsi nəticəsində çəkdikləri çətinliklərə görə 1.000.000 manat məbləğində maddi ziyan və 100.000 manat məbləğində mənəvi ziyan tələb ediblər. Onlar BŞİH-nin təklif etdiyi məbləğin çox aşağı olmasından şikayətləniblər, bunu təsdiqləyən, faktiki bazar qiymətlərini göstərən ekspert rəyi təqdim ediblər. Məhkəmə ərizəçilərin xeyrinə qərar çıxarıb, əmlakın hər kvadratmetrinə görə ərizəçilərə 1500 manat (ümumilikdə 142 800 manat) kompensasiya ödənilməsinə qərar verib. 2013-cü il iyunun 4-də Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qismən dəyişib, 20 faiz əlavə (28 560 manat) kompensasiya təyin edib. Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb. Ancaq yekun olaraq, müvafiq qərara baxmayaraq, ərizəçilərə kompensasiya ödənilməyib.

Ərizəçilər AİHM qarşısında onlara münasibətdə ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət və mülkiyyət hüququnun pozulduğunu iddia edib.

AİHM bu işdə ərizəçilərə münasibətdə mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasına qərar verib. Qərara əsasən, Azərbaycan hökuməti üç ay ərzində Ali Məhkəmənin mübahisə ilə bağlı 25 sentyabr 2013-cü il tarixli qərarının icrasını təmin etməlidir.

AİHM həmçinin, qərarında qeyd edib ki, maddi, mənəvi zərər, hüquqi məsrəflərlə bağlı qərar verməyə hazır deyil. Hökumət və ərizəçilər üç ay ərzində ədalətli əvəzlə bağlı yazılı qeydlərini məhkəməyə təqdim etməlidilər.

“İntiqam Əliyev Azərbaycana qarşı”; “Səadət Cahangir Azərbaycana qarşı”

Bu məhkəmə işləri ərizəçilərin hərəkət azadlığı hüququna (ölkədən çıxışına) yerli hakimiyyət orqanları tərəfindən qadağa qoyulması ilə bağlıdır. Ərizəçilər qadağanın qanunsuz olduğunu, habelə, qanunsuzluqdan müdafiə üçün səmərəli müdafiə vasitələrinin mövcud olmadığını iddia edirdilər.

AİHM “İntiqam Əliyev Azərbaycana qarşı” işində ərizəçiyə münasibətdə hərəkət azadlığı hüququnun pozulmasına qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə 3500 avro təzminat ödəməlidir.

“Səadət Cahangir Azərbaycana qarşı” işində isə AİHM hərəkət azadlığı hüququ ilə yanaşı, səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnun pozulmasına qərar verib. Ərizəçiyə 3500 avro təzminat ödənilməlidir.

“Əmiraslanlı Azərbaycana qarşı işində” isə AİHM ərizəni qəbuledilməz elan edib.

Ana səhifəSiyasətAzərbaycan hökuməti yenə ictimai şəxslərə təzminat ödəyəcək