close

Ukrayna NATO-nu Rusiyanı hədəf almaqla bağlı məhdudiyyətləri aradan qaldırmağa çağırıb

Rusiya-Ukrayna savaşı. Foto: LeStudio/shutterstock

“Ukrayna artıq uzunmüddətli perspektivdə NATO-ya arxalana bilər”

Ukrayna NATO müttəfiqlərini Rusiyadakı hədəflərə qarşı uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Ukrayna düşünür ki, bu, Moskva ilə müharibədə “oyunu dəyişdirəcək” rola malikdir.

Vaşinqtonda keçirilən sammitdə NATO üzvləri Ukraynaya dəstək bəyanatı verib. Həmçinin əlavə yardım vəd edib, bu ölkənin NATO üzvlüyünə doğru “dönməz yolunu” dəstəkləyəcəklərini bildiriblər.

NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda NATO-nun 32 ölkəsinin üç günlük görüşündən sonra mətbuat konfransında deyib:

“Bu sammitdə biz döngədən dönür və Ukraynanın qalib gəlməsi üçün təməllər qoyuruq. Bu gün biz Moskvaya güclü birlik mesajı göndəririk və qətiyyətlə bildiririk ki, zorakılıq və hədə-qorxu heç bir nəticə verməyəcək. Ukrayna artıq uzunmüddətli perspektivdə NATO-ya arxalana bilər”.

Zelenski daha əvvəl müttəfiqləri Ukraynaya vahid dəstəyini qorumağa çağırıb və yeni yardımın tez çatdırılmalı olduğunu deyib.

“Qələbə qazanmaq, qalib gəlmək, ölkəmizi xilas etmək və onu müdafiə etmək istəyiriksə, bütün məhdudiyyətləri aradan qaldırmalıyıq”, – o deyib.

NATO üzvləri Ukraynanın bağışladıqları silahlardan necə istifadə edə biləcəyinə dair fərqli yanaşmalar tətbiq ediblər. Bəziləri Kiyevin onlardan Rusiyanın dərinliklərindəki hədəfləri vurmaq üçün istifadə edə biləcəyini açıqlayıb. ABŞ isə daha dar bir yanaşma tətbiq edərək, silahlarının yalnız Rusiya sərhəddində Ukraynada Rusiyanın hərbi əməliyyatlarını dəstəkləyən hədəflərə qarşı istifadəsinə izin verib.

Bayden mətbuat konfransında deyib ki, ABŞ Zelenskiyə Rusiya sərhədləri daxilində Amerika silahlarından məhdud şəkildə istifadə etməyə icazə verib.

Zelenski çərşənbə günü Vaşinqtonda həm respublikaçı, həm də demokrat qanunvericilərlə görüşüb. O, Trampın yenidən seçiləcəyi təqdirdə, siyasi kooridorun hər iki tərəfindəki ABŞ qanunvericiləri ilə əlaqələri möhkəmləndirməkdə maraqlıdır.

NATO bəyannaməsində müttəfiqlərin gələn il ərzində Ukraynaya ən azı 40 milyard avro (43 milyard dollar) hərbi yardım göstərəcəyi bildirilir.

Ana səhifəDünyaUkrayna NATO-nu Rusiyanı hədəf almaqla bağlı məhdudiyyətləri aradan qaldırmağa çağırıb