close

Ermənistan Azərbaycanla sərhəddə 3 metr hündürlüyündə təhlükəsizlik səddi çəkir

Ermənistan-Azərbaycan. Foto: Michele Ursi/shutterstock

Kirants kəndində tikilən divarın uzunluğu 100 metrə çatacaq

Ermənistanın öz sakinlərinin təhlükəsizliyini artırmaq üçün Azərbaycanla sərhəddə, xüsusən Kirants kəndində beton divar tikdiyi bildirilir.

Bu, “Azadlıq” radiosunun erməni xidmətinin (“Azatutyun”) yaydığı reportajda əksini tapıb.

Bildirilir ki, təxminən 3 metr hündürlüyü və 1 metr eni olan yeni səddin uzunluğu 100 metrə çatacacaq.

Məlumatda qeyd olunur ki, bu addım Azərbaycanın sərhəd postundan təxminən 100 metr məsafədə yerləşən Kirants kəndinin təhlükəsizliyini təmin etmək üçün atılır.

Reportajda vurğulanır ki, Kirants sakinləri səddin tikintisini alqışlayırlar.

Sakinlər deyiblər ki, bu sədd onlarda müəyyən qədər rahatlıq yaradacaq.

Beton divarla yanaşı, sərhədin Ermənistan tərəfdən olan hissəsində məftil hasarlar da çəkilib. Azərbaycan tərəfdə isə müvafiq sərhəd qurğuları tikilməyib.

Polis və təhlükəsizlik əməkdaşları “Azatutyun”u tikinti gedən səddin yanına buraxmayıblar.

“Təhlükəsizliyiniz üçün bunu edə bilməzsiniz”, – deyə jurnalistlərə icazə verilməyib.

Bildirilir ki, bu tikinti Bakı və Yerevanın SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il tarixli topoqrafiq xəritəsinə sadiq qalmaq barədə qarşılıqlı qərarının nəticəsidir.

Bu razılıq nəticəsində Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun Kirants hissəsi bu ərazidə yerləşən avtomobil körpüsü ilə birlikdə Azərbaycanın nəzarəti altına keçib.

Bu hadisələrə cavab olaraq Ermənistan hökuməti alternativ marşrutun – Kirants-Açarkut yolunun tikintisinə başlayıb.

Bundan başqa, əvvəllər erməni sakinlərin istifadə etdiyi 8 hektara yaxın torpaq sahəsi Azərbaycanın nəzarətinə keçib.

2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib.

2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb.

Ondan sonra Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları fonunda bəzi ərazilərdə sərhədlərin delimitasiyası prosesi həyata keçirilib.

Hazırda bu sahədə danışıqlar davam edir. Bu danışıqlarda isə həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir.

Ancaq tərəflər arasında hələ də sülh müqaviləsi imzalanmayıb

Ana səhifəSiyasətErmənistan Azərbaycanla sərhəddə 3 metr hündürlüyündə təhlükəsizlik səddi çəkir