close

Azərbaycanla İranın XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Azərbaycan-İran. Foto: OnePixelStudio/shutterstock

Əsas müzakirə mövzusu iqtisadi, ticarət və humanitar məsələlərlə bağlıdır

Azərbaycan və İran xarici işlər nazirləri telefonda danışıb.

Bu barədə məlumat yayan Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasına görə, nazirlər Ceyhun Bayramov Hüseyn Əmir-Abdullahian ikitərəfli və regional gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıb:

Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşdən irəli gələn məsələlər müzakirə edilib. Habelə, iqtisadiyyat, nəqliyyat sahəsində əldə edilmiş ikitərəfli və regional razılaşmaların icrasının vacib olduğu haqqında danışılıb”.

XİN bildirir ki, Azərbaycanla İran arasında ikitərəfli gündəlikdə duran bəzi açıq məsələlərin həll edilməsinin vacib olduğundan da danışılıb. 

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin son görüşü iyulun 17-də (İranın Astara şəhərində) keçirilib.

Tərəflər onda regionun tranzit potensialının inkişafı ilə bağlı səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, nəqliyyat kommunikasiyalarının inkişafına və şaxaləndirilməsinə yönəlmiş layihələrin sürətləndirilməsini məqsədəuyğun sayıblar.

Bu il yanvarın 27-də isə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Hücum nəticəsində səfirliyin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra Azərbaycan səfirliyin işçilərini təxliyə edib. İran silahlı hücumun araşdırılacağını bəyan edib.

Ana səhifəSiyasətAzərbaycanla İranın XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər