close

Prokurorluq icra başçısının qardaşının ölümü ilə bağlı mediaya xəbərdarlıq etdi

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov

Azər Qaraşovun ölümündə oğlunun şübhəli bilindiyinə dair məlumat yayılıb

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ölümüylə bağlı silahla ehtiyatsız davranış və intihardan sonra daha bir versiya ortaya çıxıb. İndi də onun qətlə yetirildiyi iddia olunur.

“Qafqazinfo” Azər Qaraşovun oğlu Azay Qaraşovun atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanması barədə məlumat yayıb.

“Məlum olub ki, Azay Qaraşov hadisəni törətdikdən sonra əməlini ört-basdır etməyə çalışıb”, – məlumatda belə deyilir.

İddia olunur ki, Azay Quliyev hadisədən sonra intihar görüntüsü yaratmağa çalışıb. Lakin əməliyyat tədbirləri ilə hadisənin intihar yox, qətl olduğu müəyyənləşdirilib.

Bu məlumat yayılandan sonra isə Baş Prokurorluq Azər Qaraşovun ölümüylə əlaqədar mediaya çağırış edib:

“Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi istintaq olunur.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən istintaqı aparılan cinayət işi barədə rəsmi quruma istinad edilmədən və dəqiqləşdirilmə aparmadan məlumatların yayılmaması xahiş olunur”.

Baş Prokurorluq cinayət işinin istintaqının hansı maddə (qəsdən adam öldürmə, yoxsa özünü öldürmə həddinə çatdırma)  ilə aparıldığını açıqlamır.

Hadisə iyulun 26-da axşam saat 17.00-18.00 radələrində Kürdəmir rayonunun Pirəköcə kəndində – Azər Qaraşovun yaşadığı evdə baş verib.

Lənkəran rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisə Azər Qaraşovun odlu silahla ehtiyatsız davranması nəticəsində baş verib.

Bir gün əvvəl Taleh Qsraşov da açıqlama verərək, qardaşının intihar etmədiyini, hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirmişdi.

Ana səhifəSosialProkurorluq icra başçısının qardaşının ölümü ilə bağlı mediaya xəbərdarlıq etdi