“Alterantiv su mənbəyi hansıdır? Niyə ehtiyat çənlər dolu deyil?”
Bir neçə gündür paytaxtın mərkəzi küçələri də daxil olmaqla Yasamal, Nəsimi, Səbail, Xəzər, Binəqədi, Suraxanı və Pirallahı rayonlarının əksər ərazilərinə, Bakıətrafı kənd və qəsəbələrə su verilmir.
Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin rəsmi açıqlamasında Oğuz-Qəbələ kəmərində təmir-bərpa işləri aparıldığı, avqustun 16-sı günorta saatlarından suyun verilməsinin bərpa olunacağı bildirilib. Qeyd edilib ki, Oğuz-Qəbələ kəməri vasitəsilə içməli su ilə təmin olunan ərazilərə alternativ mənbələr hesabına suyun verilməsi üçün bütün işlər görülür.
Bakı sakinləri isə deyirlər ki, kəmərdə təmir işlərinə başlanılmadan əvvəl də suyun verilməsində problemlər yaranıb. Qurumun telefonları, eləcə də “qaynar xətt” xidməti isə son on gündür daim məşğul göstərib.
Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yaşayan Gülnar Əliyeva deyir ki, 8 gündür içməli su gəlmir, veriləndə isə təzyiq elə olur ki, bir saata bir vedrə güclə dolur.
“Alterantiv su mənbəyi hansıdır? Niyə ehtiyat çənlər dolu deyil? Vətəndaşların sualları cavablandırılmır, sanki bizi ələ salıblar”,-Əliyeva Meydan TV-yə şikayətində söyləyib.
Paytaxtın Biləcəri qəsəbəsinin müxtəlif istiqamətlərinə də günlərdir su verilmir. Sakinlər deyirlər ki, yay gələndən su problemi yaşayırlar. Su iki-üç gün fasilələrlə sakinlərin yatdığı saatlarda verilir, yaxud təzyiq aşağı olur.
Xətai rayonu Neapol küçəsi ev 41, Neapol 22-də yaşayan sakinlər də günorta saatları olmasına baxmayaraq, hələ də suyun verilməməsindən narazılıq ediblər.
Sakinlərdən Leyla Məmmədova bildirib ki, üç azyaşlı övladı var. Su probleminə görə bir neçə gün qohumlarının evinə köçməyə məcbur qalıb. Çünki binadan çənlər yığışdırılıb, ehtiyat yığdığı su bitib. Uşaqlara verməyə belə su tapmır. Həyat yoldaşı günəmuzd fəhlə işləyir, su ilə bağlı məlumatlardan dərhal sonra mağazalarda qiymət artırılıb.
“Heç üzr də istəmədilər. Kəmərdə niyə nasazlıq yaranıb, açıqlama verilmir. Ötən il su qıtlığı idi, bu il yağıntılar çox olub. Bunlar elə bilirlər ki, hamı savadsızdır, istənilən məlumata inanırıq”,-şikayətçi bildirib.
Ramanı sakinləri isə deyiblər ki, qəsəbədə su maşınları görən olmayıb. Sumqayit şəhər Corat 2-ci məhəllə, Əlağa Vahid və Şaban Babazadə küçəsinə isə günlərdir su verilmir. Hövsan, Türkan, Əmircan qəsəbə sakinləri də suyun verilməməsindən narazılıq ediblər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin “Facebook” səhifəsinə abonentlər tərəfindən çoxsaylı qarğışlar, tənqidlər yazılıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin bu gün yaydığı açıqlamada isə bildirilib ki, Oğuz-Qəbələ-Bakı kəməri içməli su ilə tam həcmdə doldurulub, su paytaxta daxil olub:
“Öncədən də elan etdiyimiz kimi günorta saatlarında əhalinin su təminatı normal rejimdə bərpa olunacaq”.
Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu ildə istismara verilib. Kəmər vasitəsilə Bakı şəhərində yaşayan əhalinin ən azı 85 faizi heç bir problem olmadan fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulmuşdu.