55 nəfər xəstəxanaya müraciət edib
Qəbələdə toyda iştirak edənlər arasında kütləvi zəhərlənmə qeydə alınıb. Rayonun müxtəlif kəndlərindən dünən gecədən xəstəxanalara müraciətlər daxil olub. Zəhərlənənlərin eyni toyda iştirak etdiyi bildirilir.
TƏBİB-dən bildiriblər ki, dünən saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Qurumdan bildirilir ki, 51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. Bir qadının isə müalicəsi təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilir ki, avqustun 15-də Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.
Bildirilir ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.