close

Bayramov Borqla görüşdə: “Realist olmalıyıq, detalları açıqlaya bilmərəm, çünki spesifik məqamlar var”

Foto: Azərtac

“Açıq qalan məsələləri həll etmək üçün diplomatiya və danışıqlar prinsiplərinə riayət etmək lazımdır”

Mayın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransı keçirib.

Xarici işlər naziri Yan Borqu regionda post-münaqişə reallıqları barədə məlumatlandırdığını deyib.

Ceyhun Bayramov Yerevanla Bakı arasında ikitərəfli danışıqları müsbət format sayıb:

Son 6 ayda bu istiqamətdə xeyli iş görülüb. Apreldə iki ölkə arasında sərhədin bir hissəsində delimitasiya prosesinə start verilməsini, 4 kəndin qaytarılmasını müsbət inkişaf kimi qeyd edə bilərik”.

Azərbaycanla Ermənistan arasında son zamanlarda baş verən müsbət inkişafı tarixi nəticə adlandırmaq olar. Bunun ən böyük nəticəsi ondan ibarətdir ki, bu proses iki dövlət arasında birbaşa danışıqlar yolu ilə, siyasi-diplomatik yolla həyata keçirilib. Prosesin digər effekti ondan ibarətdir ki, bu istiqamətdə ciddi nailiyyətlərin əldə olunması üçün siqnaldır. Ümidvarıq ki, işlər müsbət məcrada davam edəcək”, – deyə Ceyhun Bayramov əlavə edib.

O həmçinin Münhendə, Berlində, Almatıda tərəflər arasında danışıqların aparıldığını, amma detalları açıqlamayacağını vurğulayıb:

“Gözləntilərdə realist olmalıyıq, detalları açıqlaya bilmərəm, çünki spesifik məqamlar var”.

Bayramov Ermənistanla süşh sazişi üçün Azərbaycanın şərtlərini də açıqlayıb:

“Sülh sazişi açıq məqamları olmayan, bir müddətdən sonra gündəmə danışıqlar üçün yenidən gətiriləsi məsələlər qalmayan bir sənəd olmalıdır”.

ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözlədiyini bildirib:

“Bəli, hər iki tərəfdən, nazirlərdən müsbət mesajlar eşidirik. ATƏT hər iki ölkəyə qulaq asır. Biz yeni reallıqları qəbul etməliyik. Ümid edirik ki, tez zamanda tərəflər arasında hərtərəfli və dayanıqlı sülh razılaşması əldə olunacaq”.

Diplomat Bakı ilə Yerevan arasında sülh prosesinin ATƏT üçün prioritet məsələ olduğunu deyib.

O, sərhədlərin delimitasiyası prosesinin başlanılmasını alqışladıqlarını da söyləyib:

Açıq qalan məsələləri həll etmək üçün diplomatiya və danışıqlar prinsiplərinə riayət etmək lazımdır. Biz ATƏT olaraq sülh prosesinin irəliləməsinə yönəlmiş bütün praqmatik həlləri alqışlayırıq”.

Yan Borq mayın 13-də Yerevanda olub və xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı keçirib.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətBayramov Borqla görüşdə: “Realist olmalıyıq, detalları açıqlaya bilmərəm, çünki spesifik məqamlar var”