close

Böyük Britaniya aşağı karbonlu enerjiyə digər Avropa ölkələrindən az pul xərcləyir

Bob Uord: “Bu aşağı investisiya Böyük Britaniyada məhsuldarlığın niyə durğun olduğunu və artımın bu qədər zəif olduğunu izah edir”

Böyük Britaniya aşağı karbonlu enerji siyasətinə digər böyük Avropa ölkələrinə nisbətdə az pul xərcləyir.

“The Guardian” yazır ki, halbuki yaşıl enerjiyə ayrılan vəsaitin gələcəkdə ev təsərrüfatlarının ödənişlərini aşağı sala və iqtisadi artımı hökumətin planlaşdırdığı vergi endirimlərindən daha çox irəli apara biləcəyinə dair sübutlar var.

“Greenpeace”-in təhlilinə  görə, 2020-ci ilin aprelindən 2023-cü il aprelin sonunadək Böyük Britaniya aşağı karbon tədbirlərinə 33,3 milyard dollar (26,2 milyard funt sterlinq) xərcləyib. Bu, Avropanın böyük beş iqtisadiyyatı arasında ən aşağı göstəricidir.

Məsələn, İtaliya eyni dövrdə, bu məqsədlə 111 milyard dollar xərcləyərək ilk sırada yer alıb. Almaniyanın xərcləməsi 92,7 milyard dollar, Fransada 64,5 milyard dollar, İspaniyada isə təxminən 51,3 milyard dollardır.

Xərclənən vəsaitlər daha çox elektrik şəbəkələrinə, enerji səmərəliliyinə, yanacaq və texnologiya üzrə innovasiyalara, aşağı karbonlu və səmərəli nəqliyyat və aşağı karbonlu elektrik enerjisinə sərf edilib.

Bütün ölkələr bu tədbirlərə xərcləməklə yanaşı, ev təsərrüfatları üçün enerji xərclərinin saxlanmasına əhəmiyyətli məbləğlər, bir çox hallarda aşağı karbonlu tədbirlərə xərcləndiyindən daha çox vəsait ödəyiblər.

Böyük Britaniya bu dövrdə enerji haqlarının geri qaytarılması və həssas təbəqələr üçün ödənişlər və endirimlər kimi tədbirlər vasitəsilə enerjinin əlçatanlığına təxminən 42 milyard dollar xərcləyib.

Böyük Britaniyada evlər və sənaye üçün enerji səmərəliliyinə cəmi 13,3 milyard dollar, aşağı karbonlu nəqliyyata 12,8 milyard dollar və bərpa olunan elektrik enerjisi və innovasiyalara 6 milyard dollardan az xərclənib.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin İqlim Dəyişikliyi və Ətraf Mühit üzrə direktoru Bob Uord da deyir ki, doğrudur, mühitin deqradasiyası ilə mübarizə də daxil olmaqla bir sıra sahələrə Böyük Britaniya daha az pul ayırıb.

“Bu aşağı investisiya Böyük Britaniyada məhsuldarlığın niyə durğun olduğunu və artımın bu qədər zəif olduğunu izah edir. Bu, həm də evlərimizin və iş yerlərimizin iqlim dəyişikliyinin təsirlərinə nə üçün həssas olduğunu, kənd yerlərimizin və dənizlərimizin vəhşi təbiətin tükəndiyini, şəhərlərimizin havasının çirkli olduğunu, çaylarımızın və çimərliklərimizin kanalizasiya ilə örtüldüyünü izah edir”.

Ana səhifəDünyaBöyük Britaniya aşağı karbonlu enerjiyə digər Avropa ölkələrindən az pul xərcləyir