close

İstibdad zalımları və ya zalımların istibdadı

Gürcüstan, aksiya. Foto: Reuters

Zərdüşt Əlizadə

Rusiyanın özündə demokratiyanı baltalamış Putin çalışır ki, Gürcüstan dönüb olsun Azərbaycan, yəni xalqın heç bir hüququ olmasın

Gürcüstanda, ilk baxışdan, hakimiyyət laxlamağa başlayıb. Nə vaxtsa haradasa hakimiyyətin laxlamağa başlaması nadir hadisə deyil. Avropada yaşı yüz illərlə ölçülən sülalə dövlətləri laxlayıb çökmüşdü. Osmanlıların Ali Astanası az qala beş yüz ildən sonra laxlayıb çökdü. Sovet nomenklaturasının səfeh və zalım istibdadı cəmi 70 ildən sonra dağıldı. AXC güruhunun əzazilliyi, liderlərinin zəka qabiliyyətinə tam uyğun olaraq, cəmi bir ildən sonra zirvəsinə çatdı.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Tbilisidə Bidzina İvanişvili hakimiyyəti ölüm, ya qalım şavasına başlayıb. Onunla şavası gürcü müxalifəti deyil, gürcü gəncləri aparır. “Xarici təsir” və ya “Rus qanunu” cəmiyyəti kəskin parçalayıb və üz-üzə qoyub. Görünür ki, nə hakimiyyət, nə də cəmiyyət geri çəkilmək niyyətindədir. Bizim bir şeirdə deyildiyi kimi, “iş çatdı ölüb-öldürməyə”.
Bidzina İvanişvili özünün öldürmək niyyətini tərəfdarlarının mitinqində açıq bəyan etdi.

Mərdü-mərdanə dedi ki, xarici və daxili qüvvələr onu oktyabr ayının 26-da keçiriləcək parlament seşkilərindən sonra devirmək niyyətində idilər, o isə onları qabaqlayıb qarşıdurmanı indi başlayır ki, rəqiblər öz imkanlarını indi xərcləyib qurtarsınlar və oktyabr ayına heç bir müşkül qalmasın. Çox güman ki, bu tam məxfi kəşfiyyat məlumatını ona rus həmkarları çatdırıblar.

Bu nitqin sadə dilə tərcüməsi budur ki, ey mənim təqdim etdiyim qanunun əleyhdarları, bilin və agah olun ki, göyə də çıxsanız, yerə də düşsəniz, bu qanun keçəcək, etiraz etsəniz və zora əl atsanız, sizi qıracağam, məni nümayişçilərdən nə qədər öldürüləcək, əsla maraqlandırmır.

Mən inanıram ki, batono Bidzina gürcü gənclərini qırmağa qadirdir, hünəri və qətiyyəti çatar. Zira onun mənsub olduğu yeni milyarder ictimai zümrəsi, yəni ilkin kapital yığımının qəhrəmanları, sərvət naminə insan öldürməkdə heç vaxt tərəddüd etməyiblər. Bidzina İvanişvili qatil Xodorkovski, qatil Patarkatsişvili, qatil Qusinski, qatil Berezovskiy dəstəsinin parlaq üzvü olub.

Bidzina İvanişvilinin bu sərt bəyanatından sonra gürcü cəmiyyətinin aparıcı şəxsləri ciddi fikirləşməlidir: neçə vətəndaşı azadlıq və işıqlı gələcək naminə ölümə göndərməyə hazırdırlar? Daha doğrusu, bir sovet Pribaltika filmində deyildiyi kimi,“heç kim ölmək istəmirdi”, lakin cəmiyyət öz vətəndaşlarını öldürməyə hazır olduğunu əvvəlcədən elan etmiş hakimiyyətlə dirənişə getsə, ölənlər olacaq. Bu zaman liderlər bilməlidirlər ki, onlar özləri ölməyə hazırdırlarmı? Və ya neçə sıravi vətəndaşı ölməyə hazırlıq vəziyyətinə gətirə biləcəklər?

Yaxşı yadımdadır, 1990-cı ilin yanvar ayının 6-da Bakıda qırğın olacağı barədə AXC konfransında xəbərdarlıq etmişdim, cavabında Əbülfəz Əliyev bağırmışdı ki, “azadlıq qan tələb edir”. Sonra da həqir bəndəniz xalqı bilərəkdən qırğına aparan təşkilatın üzvü kimi vicdanını ləkələməmək üçün AXC-ni tərk etmişdi.

Bizim polisə istənilən qanunsuz zorakılığa görə hüdudsuz əfv zəmanətini möhtərəm Prezident zati-alilərii hələ 2003-cü il  Prezident seçkisindən sonra vermişdi. Düşünürəm ki, Bidzina İvanişvili də belə bir total əfv zəmanətini gürcü polisindən əsirgəməyəcək, zira bütün istibdad zalımlarının xasiyyəti eynidir.

7 gün sonra SSRİ DTK-sı Bakıda erməni talanı təşkil etmişdi. Daha 7 gün sonra 20 Yanvar baş vermişdi. Bu qanlı qırğından sonra Nemət Pənahlı müsahibəsində yana-yana demişdi ki, “liderlərdən biri də ölmədi ki, gedib qəbrinə and içək”.

Bədbəxt anlamırdı ki, həmin vaxt öndə gedən, qana və qırğına səsləyən liderlərdən biri elə özü idi.

Möhtərəm oxucu, daim zorakılığın əleyhinə olmuşam, lakin həyatım elə gətirib ki, qanlı müharibə görmüşəm, əməllərində insan həyatına qara qəpiklik qiymət qoymayan məsuliyyətsiz və vicdansız siyasətçiləri müşahidə etmişəm, sadəlövh və avam insanları tovlayıb şüurlu tərzdə ölümə göndərən dələduzların vicdansızlıqlarının cəzasız qaldığının şahidi olmuşam.

Odur ki, böyük rəğbətlə yanaşdığım gürcü xalqına mayın ortasında gözlənilən iğtişaş və ola bilsin ki, qırğınları indidən görmək və onlardan yan keçmək fürsətini əldən qaçırmamaq çağırışını etmək – şüurlu insanın borcudur.

Bu “Rus qanunu”na iki cür yanaşmaq olar:

1) qəbul olunub qüvvəyə minsə, dünyanın, daha doğrusu, gürcü demokratiyasının sonu gələcək, Gürcüstan əbədi çevriləcək Rusiyanın sıravi vilayətinə;

2) tarixin gedişi, o cümlədən son 50 il ərzində  Rusiyanın müşahidə edilən aramsız tənəzzülü danılmazdır, Rusiyanın çökməsi və qınına çəkilməsi qaçılmazdır, bu gedişatı heç bir qanun əngəlləyə bilməz, odur ki, bu qanunun qəbuluna soyuqqanlı yanaşmaq lazımdır.

Gürcüstan üçün daha vacib olanı demokratik təsisatların, ənənələrin və mühitin yaranması və möhkəmlənməsidir. İndi Gürcüstan demokratiyası daha çox xarici amillərdən asılıdır, diqqəti daxili amillərə yönəltmək lazımdır. Ən əsas vəzifə demokratik vətəndaşın yetişdirilməsidir.

Bax, İvanişvili və onun xarici ağaları bundan qorxurlar. Bütün MDB məkanında, ilk növbədə Rusiyanın özündə demokratiyanı baltalamış Putin çalışır ki, Gürcüstan dönüb olsun Azərbaycan, yəni xalqın heç bir hüququ olmasın. Onsuz da son gürcü seçkiləri şəbədə, satınalma əməliyyatına çevrilmişdi. İndi ona çalışırlar ki, vətəndaşın hətta nəzəri baxımdan seçmək hüququ qalmasın.

Bidzina İvanişvili. Foto: Reuters

Gürcü gəncləri və müxalifəti qəti döyüş üçün mayın 17-ni gözləyir. Bidzina və başının dəstəsi də bu günü gözləyir. Təxribat və təzyiq texnologiyaları bütün dövlətlərdə eynidir: nümayiş başlayacaq, kütlənin içinə salınmış muzdlu təxribatçılar hansısa səfeh və xeyirsiz zorakılıq törədəcək, heç kim bunun qarşısını almayacaq, dövlət ona görə ki, məhz bu əməl ona lazımdır, müxalifət ona görə ki, gücü və qətiyyəti yoxdur, kütlə isə ona görə ki, əslən cinayətə maildir.
Bundan sonra gürcü polisi gərək sübut etsin ki, xalqı əzməkdə bizim polisdən geri qalmır.

Bizim polisə istənilən qanunsuz zorakılığa görə hüdudsuz əfv zəmanətini möhtərəm Prezident zati-alilərii hələ 2003-cü il  Prezident seçkisindən sonra vermişdi. Düşünürəm ki, Bidzina İvanişvili də belə bir total əfv zəmanətini gürcü polisindən əsirgəməyəcək, zira bütün istibdad zalımlarının xasiyyəti eynidir.

Ortada bir sual qalır: Gürcüstanın zalım müstəbidi neçə sıravi gürcü vətəndaşını öldürməyə hazırdır?
Bu qurbanların sayı 9 aprel 1989-cu il qırğınından çox və ya az olacaq?
Həmin gün sovet əsgərləri 18 gürcünü öldürmüşdü.
Bu, deyəsən, asılıdır ölməyə hazır olan gürcü vətəndaşlarının sayından.

Ana səhifəMənim Fikrimcəİstibdad zalımları və ya zalımların istibdadı