close

Kaxovka SES partlayandan sonra içməli su təhlükəlidirmi?

Foto: Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti

Ukraynalı ekspertlər infeksiyadan necə qorunmağı məsləhət görürlər

“Donbassnews”un materialları əsasında

Dünya Kaxovka SES bəndinin dağılmasının mümkün nəticələrini müzakirə edir, lakin bu partlayış nəticəsində meydana gələn çirklənmə dərəcəsi hələ ki qeyri-müəyyən qalır. Ukrayna mütəxəssisləri və hakimiyyəti mümkün riskləri, ehtiyat tədbirlərini fəal şəkildə müzakirə edirlər. Onların qeyd etdikləri əsas məqamların bir neçəsini təqdim edirik.

Suda nə tapıblar?

Bəndin dağılması nəticəsində suyun çirklənməsi ciddi problemlərə gətirib çıxara bilər, bu səbəbdən Ukrayna hakimiyyəti hər gün suyun keyfiyyətini yoxlayır.

Dnepr suyunu istifadəyə yararsız hesab ediblər. Ukraynalılara suyun təmizlənməsi üçün həblərdən istifadə etməyi məsləhət görürlər. Yerli hakimiyyət həmin həbləri paylayır. Xəbər verildiyinə görə, bu həblərin qıtlığı yoxdur.

Bənd dağılandan sonra şəhər və kəndlərlə bərabər, qəbiristanlıqlar, zibilliklər və digər potensial təhlükəli obyektlər də su altında qalıb. Heyvanlar suda batıblar, həmçinin suyun altında yüzlərlə silah-sursat və mina qalıb. Bütün bunların hissəcikləri quyulara və torpaq sularına düşə bilər.  

Hələ su nümunələrində ağır xəstəlik törədən infeksiyalar aşkarlanmayıb, bununla belə, mütəxəssislər hesab edirlər ki, fəlakətin miqyası nəzərə alınarsa, vəziyyət dəyişə bilər. Hazırda dəniz suyunda dəmirin miqdarının artması və duzluluğunun azalması haqda xəbər verilir.   

Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bəyan edib ki, ayrıca göstəricilər üzrə Dnepr suyunun çirklənmə dərəcəsi normadan 28 dəfə çoxdur. “Bu səbəbdən balıq ovu qadağan olunub, bu suyu içmək, onu mal-qaraya vermək və orada yuyunmaq olmaz”, – Lyaşko deyib. Onun dediyinə görə, bəndin aşağısındakı bütün akvatoriya, o cümlədən Qara dənizin Ukrayna sahili çimmək üçün yararsızdır. İyunun 19-dan Ukrayna rəsmi olaraq Qara dənizdə çimməyi və balıq tutmağı qadağan edib.  

Mütəxəssislər qeyd edirlər: ağır xəstəliyə sadəcə suyu içməklə deyil. Həm də dəridəki sıyrıntılara və kəsiklərə su düşməklə də yaxalanmaq mümkündür. Odur ki, daşqın zonasında işləyən könüllülər xüsusi risk qrupu sayılırlar.

Foto: Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti

Özünü necə qorumalı

Ukraynada krandan və quyulardan çiy su işlətməyi məsləhət görmürlər. Müxtəlif xəstəlik törədicilərindən qorunmağın ən yaxşı yolu suyu təmizləyən xüsusi həblərdən istifadə etməkdir. Qurumda qeyd edirlər: onlar virusları, bakteriyaları, göbələkləri məhv edirlər və qarın yatalağı, dizenteriya, vəba, poliomielit və digər kəskin bağırsaq infeksiyaları doğuran mikroorqanizmlərə qarşı effektlidir. Həb olmadığı təqdirdə suyu qaynatmaq məsləhət görülür.  

“Suyu uzun müddət qaynatmaq lazımdır. Sadəcə qaynamağa başlaması kifayət deyil. Onun heç olmasa beş dəqiqə qaynaması məsləhətdir”, – pediatr-neonatoloq Viktoriya Nekryaç “Novosti Donbass”a izah edib. Onun dediyinə görə, ən çətini hepatit A doğuran mikroorqanizmi məhv etməkdir, odur ki, həkim yerli sakinlərə bu xəstəliyə qarşı peyvənd olunmağı tövsiyə edir. Həkimlər həmçinin digər xəstəliklərə, məsələn, poliomielitə qarşı peyvənd olunmağı məsləhət görürlər.   

“Novosti Donbassa”nın respondentləri çirkli su vasitəsilə ötürülə bilən xəstəliklərin əlamətləri haqda danışıblar. Həkimlərin dediyinə görə, bağırsaq infeksiyaları artıq ertəsi gün klinik əlamətlər verə bilər. Bu, qusma, qarın ağrısı, ishal, hərarətin yüksəlməsi. Başhərlənməsi, zəiflik, huşun itirilməsi ola bilər. Həmçinin ayrı-ayrı hallarda işıqdan qorxma və dərinin quruması halları mümkündür.  

Ana səhifəDünyaKaxovka SES partlayandan sonra içməli su təhlükəlidirmi?