close

Əliyevlə Paşinyanın Qranada görüşü: sülh sazişi bağlana bilərmi?

N.Paşinyan və İ.Əliyev. Foto: Meydan TV

Rəsmi Bakı susur, deputat ümidli olduğunu deyir

Oktyabrın 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycanın Prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində görüşü gözlənilir.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti sentyabrın 24-də məlumat yayıb.

Görüşlə bağlı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Brüsselə getdiyi bildirilir.

Qeyd olunur ki, sentyabrın 26-da Brüsseldə iki ölkənin nümayəndələri arasında məsləhətləşmələr keçiriləcək.

Görüşdə Ermənistandan Armen Qriqoryan, Azərbaycandan isə Hikmət Hacıyev iştirak edəcək.

Hikmət Hacıyev və Armen Qriqoryan. Foto: “Turan”

Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Fransa prezidenti Emmanuel Makronun müşavirləri, Almaniya kansleri Olaf Şolz və Avropa Şurasının prezidenti Şarl Mişellə də danışıqlar aparacaq.

Danışıqların Qərb, yoxsa Rusiya formatı?..

Həmin günlərdə Qranadada Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.

Rəsmi Bakı A.Qriqoryanla H.Hacıyev arasında gözlənilən görüş barədə hələ ki məlumat yaymayıb.

Qranadadakı görüşü danışıqların Qərb formatının yenidən aktivləşməsi kimi qiymətləndirənlər də var.

İndiyə qədər Qarabağ münaqişəsi üzrə Qərb və Rusiya formatında müzakirələr aparılıb.

Qranada görüşündən sonra Putin, Ərdoğan, İlham Əliyev və Paşinyan arasında görüş təklifi də gündəmə gəlib.

Xəbəri “RİA Novosti” yayıb.

Sayt diplomatik mənbələrə istinadən yazır ki, görüş Ankaranın təklifi əsasında gündəmə gəlib və münaqişənin Moskva ilə müzakirəsi planlaşdırılır.

Bəs Qranada görüşündən nələr gözlənilir?

Milli Məclisin deputatı Elman Nəsirov Qranada görüşünün 19 sentyabr antiterror əməliyyatının yaratdığı yeni siyasi reallığa uyğun keçiriləyini vurğulayıb:

Nəzərə alın ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Qranadada sülh müqaviləsinin imzalanması yönündə addımların atıla biləcəyini deyib. Düzdür, bununla bağlı ümidlər azdır, amma hər halda bəlli olan odur ki, iki dövlət lideri arasında sülh müqaviləsi ilə bağlı məsələlərin 70 faizi razılaşdırılıb. Sadəcə, Azərbaycan silahlı qüvvələrinin uğurları nəticəsində yaranan yeni reallıq fonunda istisna deyil ki, razılaşdırılmayan 30 faiz ətrafında çox ciddi ortaq məxrəcə gəlmək mümkün olsun. Əgər belə olarsa, Brüssel formatı çərçivəsində növbəti görüşün baş tutması mümkündür”.

Rusiya həlledici addımın Moskvanın himayəsi altında atılmasını istəyər”

Elman Nəsirov belə hallarda Moskvanın fəallaşdığını da vurğulayıb:

“Rusiya həlledici addımın məhz Moskvanın himayəsi altında atılmasını istəyər. Yəni sülh müqaviləsinin məhz Rusiyanın şəhərlərinin birində imzalanmasını gündəmə gətirməsi istisna deyil”.

Elman Nəsirov
Elman Nəsirov, Foto: Azərtac

Bütün bunlara rəğmən deputat Yerevanın artıq Bakıyla sülh müqaviləsinin imzalanması ətrafında daha intensiv mövqe qoyduğunu bildirib:

Ona görə oktyabrın 5-də Qranadada sülh müqaviləsinin imzalanmasının intensivləşməsinə inam heç bir zaman olmadığı səviyyədə böyükdür“.

BMT sülhməramlıları ilə bağlı çağırış

Elman Nəsirov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qarabağa BMT-in sülhməramlılarının yerləşdirilməsi barədə açıqlamasını belə dəyərləndirib:

Güman ki, nazir Nyu-Yorkda olduğundan ölkəsindəki hadisələrdən xəbərsizdir. Ola bilsin ki, Ararat Mirzoyan Yerevandakı hadisələri kifayət qədər əhatəli qiymətləndirə bilmir. Amma unutmasın ki, onun Baş naziri və parlamentin spikeri tamamilə fərqli mövqe sərgiləyiblər. Sonuncular artıq sülh müqaviləsinin imzalanmasının alternativini görmürlər və Qarabağın da Azərbaycanın ərazisi olduğunu deyiblər. Əgər Mirzoyan bu cür açıqlamalarını tez-tez səsləndirsə, “qurbanlıq keçi” ola bilər”.

Əgər bir problem yaransa, deməli, Rusiyanın hansısa oyunları var”

Politoloq Azər Qasımlı rəsmi Bakının hələ Qranada görüşü barədə susduğunu söyləsə də, Qərb formatında danışıqların davam edəcəyini deyib.

O qeyd edib ki, İlham Əliyev heç vaxt danışıqlardan yayınmayıb və özünü daha demokratik göstərmək üçün bu yöndə addımlar atır:

Amma Əliyevin danışıqlara nə qədər həvəsli olacağı başqa məsələdir. Təbii ki, ölkə başçısı bu məsələləri paralel olaraq Rusiyayla da aparır. Son hadisələrdə də bir daha Rusiyayla birgə addımların atıldığını təsdiqlədi. Hətta Fransanın Prezidenti Emmanuel Makron da sentyabrın 24-də dedi ki, Moskva və Bakı müttəfiqdir və birgə hərəkət edirlər”.

Azər Qasımlı
Azər Qasımlı, Foto: Şəxsi arxivindən

Azər Qasımlı danışıqlar prosesinin hazırkı mərhələsinin Azərbaycanın maraqlarına uyğun olduğu qənaətindədir:

“Həm də Ermənistan danışıqların davam etməsində maraqlıdır. Sadəcə, 19 sentyabr olaylarından sonra Qarabağ mövzusu bu danışıqların mövzusu olmayacaq. Bəli, qısa şəkildə bölgədəki ermənilərin sosial və təhlükəsizlik durumlarını müzakirə edə bilərlər. Danışıqların predmeti isə bir-birinin ərazi bütövlüyünü tanıyan sənədə imza atmaqdır, ardınca da demarkasiya və delimitasiya məsələlərinə yenidən baxmaqdır. Məncə, bu, artıq mümkündür. Əgər bir problem yaransa, deməli, Rusiyanın hansısa oyunları var və Azərbaycana ciddi təzyiqlər edir”.

Simonyan: “Əbədi müharibə heç kimə sərf etmir”

Ermənistan parlamentinin spikeri Alen Simonyan isə Qranadada Azərbaycanla sülh sazişi bağlana biləcəyini istina etməyib.

Alen Simonyan, Foto: “galatv.am”

Sülh sazişi bağlamağa çox yaxınıq və bunun üçün tarixi fürsətimiz var. Yolların açılması bizim üçün prioritetdir və Ermənistan yolu, hətta dəmir yolunu da açmağa hazırdır”, – deyə Simonyan sentyabrın 24-də İctimai Televiziyanın efirində bildirib.

O, Qranada görüşünü də şans kimi dəyərləndirib:

Qranadada irəliləyiş əldə etməyi, tarixi şansdan istifadə etməyi çox istərdik. Əbədi müharibə heç kimə sərf etmir”.

Əməliyyatların başlanmasında məqsəd nədir?

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.

Ana səhifəSiyasətƏliyevlə Paşinyanın Qranada görüşü: sülh sazişi bağlana bilərmi?