close

Ərdoğan qətliamda təqsirli bilinən şəxsi azadlığa buraxıb

Foto: AA

Türkiyə ziyalıları prezidentin qərarına etiraz ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2 iyul 1993-cü ildə Sivasadakı “Madımak” otelində törədilən qətliamda təqsirli bilinən Hayrettin Gülü xəstəliyi səbəbiylə azadlığa buraxıb.

Ərdoğanın bununla bağlı imzaladığı sənəd “Resmi Gazete”də yayımlanıb.

Hadisədə təqsirli bilinən Hayrettin Gülə hələ 2000-ci ildə Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən ölüm hökmü çıxarılıb.

2002-ci ildə isə hökm ömürlük həbs cəzası ilə əvəzlənib.

Bir çox yazar, jurnalist və ziyalı Ərdoğanın bu qərarına sərt reaksiya veriblər.

Etirazçılar Konstitusiya Məhkəməsinin qərarlarına və Konstitusiyaya məhəl qoymadan həbs edilən bir çox jurnalist və siyasətçinin əvəzinə qətliam iştirakçısının əfvini qınayıblar.

Bu, Ərdoğanın ikinci belə sərəncamıdır.

2020-ci ildə Ərdoğan qətliamda təqsirli bilinən və ömürlük həbs cəzasına məhkum edilmiş 86 yaşlı Ahmet Turan Kılıçın cəzasını da “sağlamlıq problemi” səbəbi ilə ləğv edib.

Prezidentin sərəncamına əsasən, Kılıçın cəzası Ədliyyə Tibb Təşkilatının verdiyi tibbi rəyə uyğun olaraq götürülüb.

2 iyul 1993-cü ildə yazıçı və sənətçilərdən ibarət 33 nəfər Sivasda qaldıqları “Madımak” otelində yandırılaraq öldürülüb.

Pir Sultan Abdal Festivalı üçün Sivasda olanların əksəriyyəti ələvi və solçulardan ibarət 51 nəfərlik qrup olub.

Aralarında Əziz Nesin, Metin Altıok, Həsrət Gültəkin, Asım Bezirci və Nesimi Çimen də varmış.

Hadisələr nəticəsində 2 otel işçisi və 2 nümayişçi həlak olub, ümumilikdə 37 nəfər həyatını itirib.

Pir Sultan Abdal Festivalının dörd gün keçirilməsi nəzərdə tutulubmuş.

Tədbirin ikinci günü cümə namazından çıxan bir qrup radikal inanclı və irqçi “Sivas dünyəvilərə məzarlıq olacaq” şüarları ilə yürüş keçirib.

Artan qrupa heç bir müdaxilə olunmayıb, axşam saatlarına doğru izdiham 15 000 nəfərə çatıb.

Minlərlə insan otelin qarşısında toplaşaraq, şüarlar səsləndirərək binanı daşqalaq edib, pəncərələri sındırıb.

Bir neçə saat ərzində otelin qarşısındakı maşınlar yandırılıb və nəhayət, oteldən alov qalxmağa başlayıb.

Oteldə həyatlarını itirənlər linç ediləcəklərindən qorxduqları üçün bayıra çıxmayaraq, yanğında həlak olublar.

Yanğınsöndürmə briqadasının bilərəkdən hadisə yerinə gec gəldiyi iddia edilib.

Hadisəni törədənlər “aksiya”nın motivi kimi Aziz Nesinin “islam dininə qarşı çıxışlarını və Salman Rüşdinin “Şeytan ayələri” kitabını Türkiyədə çap etdirmək niyyətini” irəli sürüblər.

Faciədən sonra 190 nəfər saxlanılıb.

Onlardan 66 nəfəri azad edilib, qalanları isə “Dünyəvi konstitusiyanı dəyişdirməyə cəhd” ittihamı ilə 1 il müddətinə Dövlət Təhlükəsizlik Məhkəməsində mühakimə olunublar.

“Sivas işi” kimi tarixə düşən məhkəmə prosesi nəticəsində 22 təqsirləndirilən şəxsə 15 il, 3 müttəhimə 10 il, 54 müttəhimə isə 3 il həbs cəzası verilib.

6 müttəhim 2 il müddətinə azadlıqdan məhrum edilib.

Mühakimə olunanlardan 37-si bəraət alıb.

Sonrakı illərdə Ali Məhkəmə əvvəlki məhkəmə qərarını ləğv edib və müttəhimlər yenidən mühakimə olunublar.

1998-ci ildə təsdiq edilən yeni qərarda 33 müttəhimə ölüm, 14-nə isə 15 ilə qədər həbs cəzası verilib. Lakin prosessual çatışmazlıqlar səbəbindən ölüm hökmləri ləğv edilib.

Prosessual nöqsanlar aradan qaldırıldıqdan sonra 2000-ci ildə yenidən ölüm cəzasına məhkum edilən 33 müttəhim 2002-ci ildə edam cəzasının ləğvindən sonra ömürlük həbsə məhkum ediliblər.

Ömürlük həbs qərarı ləğv ediləndən sonra qətliamın səkkiz nəfər fəalı həbsxanadan qaçaraq yoxa çıxıb.

Onların arasında bir nömrəli müttəhim Sivas Bələdiyyə Məclisinin üzvü Cəfər Erçakmak olub.

2011-ci ildə Sivasda infarkt nəticəsində öldüyü iddia edilən və Yuxarı Təkkə qəbiristanlığında gizli şəkildə dəfn edildiyi deyilən Erçakmak haqqında açılan cinayət işinə xitam verilib.

Zərərçəkmişlərin vəkilləri DNT testi tələb edib və məzardakı şəxsin Erçakmak olduğu müəyyən edilib.

2014-cü ildə “Sivas işi”nə iddia müddətinin bitməsi səbəbilə xitam verilib.

Bu hadisədən sonra qeyri-hökumət təşkilatları və partiyalar “İnsanlığa qarşı cinayətlərə görə iddia müddətinin qaldırılmasını” tələb ediblər.

Məhkəmə sədri: “İnsanlığa qarşı cinayətlərə görə iddia müddəti yoxdur, ancaq bunu edənlər mülki şəxslərdir, iddianın dayandırılmasına qərar verildi“, – bəyanatını verib.

Həmin dövrdə Baş nazir olan Rəcəb Tayyib Ərdoğan isə verilən qərarı doğru hesab etmədiyini bildirib.

Qərarla hədəfdən yayınıldığını deyib.

2010-cu ildə “Madımak” otelinin birinci mərtəbəsində kababxana açılıb, bu da insanların kəskin reaksiyasına səbəb olub.

Bundan sonra otel müsadirə edilib.

2011-ci ildə bina “Sivas Elm və Mədəniyyət Mərkəzi”nə çevrilib.

Ana səhifəUncategorized @azƏrdoğan qətliamda təqsirli bilinən şəxsi azadlığa buraxıb