close

Ukraynanın yeni müdafiə naziri Rüstəm Umerov kimdir?

Rüstəm Umerov. Foto: photowalking\shutterstock

Mobil şirkətin operatorluğundan deputatlığadək uzanan yol…

Ukraynanın Müdafiə Nazirliyinə yeni şəxs rəhbərlik edəcək. Adı bir sıra korrupsiya qalmaqallarında hallanan Aleksey Reznikovun yerinə Rüstəm Umerov – “Qolos” Partiyasından seçilən millət vəkili və Rusiya ilə danışıqlar aparan etnik Krım tatarı olacaq.

“Donbass.news” yeni nazir haqqında məlumat toplayıb.  

Krımın bir hissəsi Nazirlər Kabinetində

Rüstəm Umerov 1982-ci il aprelin 19-da Özbəkistan SSR, Səmərqənd vilayəti, Bulunqur şəhərində mühəndis ailəsində anadan olub. Onun Aslan Ömər Krımlı adlı böyük qardaşı var.  

Sovet hakimiyyəti 1944-cü ildə digər Krım tatarları ilə birgə Umerov ailəsini zorla Mərkəzi Asiyaya sürgün edib. 50 il sonra, 1980-ci illərin sonlarında Krım tatarlarının repartasiyası (şəxsin könüllü və ya məcburi şəkildə vətəndaşlığı olduğu yerə qayıtması-red.) başlayanda onun doğmaları yarımadaya qayıda biliblər. 

O ki qaldı təhsilə, Umerov Tankovoye kəndində yerləşən, istedadlı uşaqlar üçün nəzərdə tutulmuş Krım gimnaziya-internatını bitirib. O, həmin gimnaziyada 1993-cü ildən oxuyub. İnternatı bitirəndən sonra ABŞ-da “Future Leaders Exchange” proqramı üzrə təcrübə keçib. Bu təcrübəni ABŞ-ın Dövlət Departamenti həyata keçirib. 1998-ci ildə Ukraynaya qayıdandan sonra Milli İdarə Akademiyasının iqtisadiyyat fakültəsini “Malliyə və kredit” ixtisası üzrə bitirib.

Rüstəm Umerov Ukrayna Milli Texniki Universitetinin Tətbiqi Sistem İnstitutunda ikinci dəfə ali təhsil alıb. O, burada informatikanı və informasiya texnologiyalarını mənimsəyib.  

“Lifecell” şirkətindən “Qolos” Partiyasınadək

Müdafiə Nazirliyinin gələcək rəhbəri 2000-ci illərin birinci yarısında Ukraynanın “Lifecell” (“Astelit”) mobil əlaqələr şirkətində operator kimi işləməyə başlayıb. Daha sonra həmin şirkətdə müxtəlif vəzifələrdə olub.

Rüstəm Umerov öz siyasi karyerasına 2019-cu ildə “Qolos” Partiyasından millət vəkili olmaqla başlayıb. Bundan başqa, İnsan Haqları, Müvəqqəti İşğal Olunmuş Ərazilərin Azad Olunması və Reinteqrasiyası  üzrə Komitənin katibi işləyib. AŞPA-da Ukraynanın daimi nümayəndə heyətinin rəhbər müavini vəzifəsini tutub. Umerov deputat kimi yüzə yaxın qanun layihəsinin, o cümlədən köklü xalqlar və krım-tatar xalqının statusu barədə layihənin həmmüəllifi rolunda çıxış edib.     

Məmur 2020-ci ildə Ukrayna parlamentində “Krım platforması” deputat birliyinin həmsədri olub. Umerov beynəlxalq partnyorlarla görüşlər keçirib və onlara insan haqlarının, o cümlədən Rusiya tərəfindən işğal olunmuş Krım tatarlarının hüquqlarının müntəzəm şəkildə pozulmaları barədə məlumat verib.

2022-ci il sentyabrın 7-si Ali Rada Umerovu Ukrayna Dövlət Mülki Fondunun rəhbəri təyin edib. 

Qəlbdə Krımla

“Donbas xəbərləri” yazır ki, Umerov öz köklərini heç vaxt unutmayıb, Krımda fəal şəkildə ictimai fəaliyyətlə məşğul olub. Belə ki, 2007-ci ildə “Krım tatarlarının həmyerlilər” təşkilatının təsisçisi olub. Bu təşkilatın fəaliyyəti Ukrayna ərazisində Krım tatarlarının bölgə nümayəndəliyinin inkişafına yönəlib. O, həmçinin “Bizim Qırım” beynəlxalq təşkiltanın həmtəsisçisidir.     

2012-ci ildə Krım Beynəlxalq Biznes Assosiasiyasının həmtəsisçisi və idarə heyətinin üzvü olub. Assosiasiya Krım iqtisadiyyatının inkişaf strategiyasının işlənib-hazırlanması və tətbiqi ilə məşğul olub. Umerov bir ildən sonra böyük qardaşı ilə birgə “ASTEM Foundation” xeyriyyə fondunu yaradıb. Bu fond Stenford Universitetinin ukraynalı siyasətçilər və ictimai fəallar, hüquqşünaslar və ictimai xadimlərin hazırlanması üçün nəzərdə tutulmuş  “Ukrainian Emerging Leaders” proqramının donorlarından biridir.   

Umerov Krım Milli Rifah Fondunun həmtəsisçisidir. Bu fond strateji milli proqram və sərmayələrin maliyyələşdirilməsi, həmçinin gələcək nəsillərin uzunmüddətli ehtiyatlarının toplanması üçün qurulub.

Məmur hazırda vaxtilə Krım-tatar xalq qurultayının nümayəndəsi olan Mustafa Cəmilovun məsləhətçisidir. O, Ukraynada krım-tatar mədəniyyətinin qorunub-saxlanması və onun nümayəndələrinin imkanlarının genişlənməsi uğrunda səy göstərməyə davam edir. 

Danışıqlarda iştirak

2022-ci il fevralın 24-ü Rusiyanın Ukraynaya irimiqyaslı işğalından sonra Rüstəm Umerov RF ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə daxil olub. Xarici KİV-də onun zəhərlənməsi barədə məlumat yayılıb. Siyasətçi əvvəlcə bu xəbəri təkzib edib, lakin sonra ukraynalı jurnalistlərə bu cür hadisənin olduğunu söyləyib. 

Məhz Umerov 2022-ci ildə irimiqyaslı əsir mübadiləsinin keçirilməsinə şərait yaradıb. Həmin vaxt Ukraynaya 215 hərbi qulluqçu, o cümlədən “Azovstal”ın 188 müdafiəçisi qayıdıb. Rusiyaya isə Putinin yaxını Viktor Medvedçuk da daxil olmaqla, 55 nəfər qaytarılıb.

Şəxsi həyatı

Evlidir və iki övladı var.

Ana səhifəUncategorized @azUkraynanın yeni müdafiə naziri Rüstəm Umerov kimdir?