close

FHN-in keçmiş əməkdaşı ilə bağlı məhkəmə qərarı qüvvədə qaldı

Foto: FHN

Tərəflərin apelyasiya şikayəti təmin olunmayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin keçmiş köməkçisi, nazirlikdəki iş otağında tabeliyində olan xanım əməkdaşlarla intim hərəkətlərini videoya çəkməkdə ittiham olunan polkovnik Zaur Mirzəyev haqqında 3 il 6 ay həbs hökmünü apelyasiya məhkəməsi də qüvvədə saxlayıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayət versə də, nəticəsiz qalıb.

Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyilə baxılıb. FHN polkovniki apelyasiya şikayətində hökmün ləğvini, ona bəraət verilməsini istəyirdi.

Eyni zamanda, Zaur Mirzəyevin işində zərərçəkmiş qismində tanınan – gizli şəkildə görüntüləri çəkilib yayılan qadınlardan biri də hökmdən narazı qalaraq, apelyasiya şikayəti vermişdi. O, birinci instansiya məhkəməsində qaldırdığı 192 min manatlıq mülki iddianın tam təmin olunmasını istəyirdi. Bakı Ağır Cinayətlər Məhkəməsi hökmdə Zaur Mirzəyevin üzərinə zərərçəkmişə 4 min manat təzminat ödəmək öhdəliyi qoyub.

Sentyabrın 5-də Bakı Apelyasiya Məhkəməsinin qərarı açıqlanıb və məlum olub ki, tərəflərin heç birinin şikayəti təmin olunmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökm olduğu kimi qüvvədə saxlanılıb.

1979-cu il təvəllüdlü Zaur Mirzəyev deyib ki, görüntüləri o yaymayıb. FHN-də münasibətdə olduğu qadınları gizli çəkməkdə məqsədi isə gələcəkdə həmin qadınlar tərəfindən şantaj olunacağı halda, bunun qarşısını almaq olub.

Gizli şəkildə görüntüsü çəkilmiş iki qadınla yanaşı, FHN də cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, Zaur Mirzəyevin hərəkəti nəticəsində nazirliyin işgüzar nüfuzuna zərbə vurulub.

“Xidməti və sair asılılıqlarından yararlanaraq, qadınlarla 2013-cü ildən 2019-cu ilin sonlarına qədər iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internetdə yayılmasına səbəb olub”, – ittihamda belə yazılıb.

Zaur Mirzəyev isə xidməti asılılıqdan istifadə etmədiyini, heç kimi heç nəyə məcbur etmədiyini bildirib.

Zərərçəkmiş qismində tanınan qadınlar məhkəmədə ondan şikayətçi olduqlarını bildiriblər.

Ana səhifəXəbərlərFHN-in keçmiş əməkdaşı ilə bağlı məhkəmə qərarı qüvvədə qaldı