close

Ərzağın qiyməti qalxıb, iqtisadçı günahı hökumətin siyasətində görür

Bahalaşma, Denys Kurbatov/Shutterstock

“Getdikcə idxaldan daha çox asılı vəziyyətə düşürük”

Son bir ayda Azərbaycanda yumru düyü, balıq, süd, yumurta, zeytun yağının qiyməti artıb.
Meyvələrdən isə nar, naringi, üzüm, heyva, xurma, alma, banan, qoz-fındıq, tərəvəz məhsullarından xiyar, pomidor, sarımsaq, soğan, balqabaq bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

İmişli sakini Yaqub Hüseynov deyir ki, bazarda ətin qiyməti də əvvəlki aylara baxanda, bahalaşıb. Quzu ətinin kilosu 17, mal əti isə 14 manat olub:

“Dörd-beş ay əvvəl mal ətini 12-13 manata, quzu ətini isə 15 manata alırdıq. Məsələn, un da bahalaşıb. Buralarda insanlar hələm-hələm bazardan, marketdən çörək almır, çoxu evində bişirir. Əlli kiloluq un bu gün 29-30 manatdan satılır. Məsələn, dörd-beş ay əvvəl 25 manata tapmaq olurdu. Hər şey bahalaşıb, rayonlarda da əvvəlki kimi ucuz heç nə qalmayıb”.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda tarixən heyvandarlıq, qoyunçuluq ənənəsi olub, insanlar bu işi bacarıb, amma hökumətin bacarıqsız və məntiqsiz siyasəti nəticəsində bu gün heyvandarlıq sahəsində ciddi problemlər var.

“Hətta getdikcə idxaldan daha çox asılı vəziyyətə düşürük. Məsələn, 2022-ci ildə ölkəmizə 194 min 562 baş diri qoyun idxal olunub, bunun 90,4 faizi Gürcüstandan ölkəmizə gətirilib. 2023-cü ilin ilk 10 ayında isə artıq məmləkətə 312 min 933 baş diri qoyun idxal olunub, yəni, 10 aya 2022-ci ildən az qala 2 dəfə çox idxal olub, elə 214 min 191 baş diri qoyun Gürcüstandan gətirilib. Gürcüstanda bu işlə məşğul olanlar, əsasən, soydaşlarımızdır, tək bizə yox Türkiyəyə də böyük həcmdə ət ixrac edirlər. Yaxşı, eyni candan-qandan olan soydaşlarımız nədən Gürcüstanda ciddi uğur qazanıb qoyunçuluğu, maldarlığı inkişaf etdirə bilirlər, Azərbaycanda isə yox?!”.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

İqtisadçı deyir ki, buna səbəb ciddi sistem fərqinin olmasıdır. Gürcüstanda kiçik sahibkarlar 1 faiz vergi verir, mikro sahibkarlar isə ümumiyyətlə vergidən azaddır:

“Bizdə isə mikro sahibkarlardan 20 faiz tələb edirlər. Gürcüstanda aqrar sektorla tək hökumət deyil, seçilmiş yerli özünüidarə institutları, bələdiyyələr, mer institutları məşğul olur. Gürcüstanda aqrar sektora, bölgələrdə fermerlərə verilən kredit faizləri Tbilisidən 30-40 faiz aşağıdır, bəzi proqramlara görə faizsizdir, bizdə isə regionlarda kredit faizləri Bakıdan 2 dəfə artıqdır. Sonra da məmurlar çıxıb deyirlər ki, quzu əti işbazlara görə 20 manat olub. İşbaz əla sözdü, işini sevən deməkdir, pulbaz məmurdan 1000 dəfə yaxşıdır”.

Azərbaycanda son illər əsas ərzaq, əsasən də ət qiymətlərində bahalaşma olub. Bakı bazarlarında isə ətin qiyməti rayona baxanda, daha çox artıb. Dana ətinin 1 kiloqramı 15-17, quzu ətinin kilosu isə 18-20 manata satılır.

Ana səhifəİqtisadiyyatƏrzağın qiyməti qalxıb, iqtisadçı günahı hökumətin siyasətində görür