close

Xankəndidə “Bravo” tikintisi barədə status yazan fəal: “Polis bölməsində üzümə tüpürdülər, saçımdan tutub sürüyürdülər…”

Foto: Ruslan Vahabovun şəxsi arxivindən

Ruslan Vahabova hökm oxunub

2023-cü il sentyabrın 21-də “Facebook” hesabında “Sual / nə qazandıq 24 saat 43 dəqiqəyə? Xankəndidə “Bravo” tezliklə tikiləcək, yoxsa yox?” məzmunlu paylaşımından bir gün sonra həbs edilən ictimai fəal Ruslan Vahabov 4 il azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur Nuriyevin sədrlik etdiyi, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər kollegiyası onun haqqında hökm çıxarıb. Hökmə əsasən, Ruslan Vahabov Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə təqsirli bilinib. İttihamda göstərilib ki, ictimai fəalı sentyabrın 22-də Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşları küçədə gedəndə saxlayıb. Bölməyə gətiriləndən sonra onun cibindən 6,3 qram heroin tapılıb.

1990-cı il təvəllüdlü Ruslan Vahabov məhkəmədə ifadəsində bildirib ki, narkotik ittihamı saxtadır. Onun həbsinin əsl səbəbi tutulmamışdan bir gün əvvəl yazdığı statusdur. Məhkəmə qarşısına Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma) maddəsilə çıxarılan ictimai fəal vurğulayıb ki, nəinki narkotik satışıyla məşğul olmayıb, heç tutulana qədər narkotik görməmişdi. İlk dəfə narkotik maddəni 23-cü polis bölməsində şərlənəndə görüb.

Bakı Ağır Cinayətlər Məhkəməsi
Foto: Meydan TV

İki azyaşlı övladı olduğunu deyən Ruslan Vahabov məhkəmədə danışıb ki, “Tornado” mühafizə şirkətində mühafizəçi idi, Heydər Əliyev prospektindəki “Baku Tower” binasını mühafizə edirdi. Ailəsini dolandırmaq üçün qalan vaxtlarda da fəhləlik edirdi:

“Sentyabrın 22-də axşam 7 radələrində işdən çıxıb evə gedəndə yolda polislər məni saxladı. Məni 23-cü bölməyə apardılar. Orada telefonumu aldılar. Orada bir saatdan çox saxladılar. Sonra Niyaməddin adında biri gəldi, qışqırırdı ki, “Sən vətən xainisən”. Üzümə tüpürdü, söyüş söyürdü, saçımdan tutub sürüyürdü. Əllərimə qandal vurdular. Mənə əvvəl dedi ki, vətənə xəyanətə görə ittiham verəcəklər. Bir az keçəndən sonra fikirlərini dəyişdilər ki, yox, ya narkotiki boynuma götürməliyəm, ya da vətənə xəyanət ittihamı verəcəklər, ailəmi bölməyə gətirəcəklər. Daha ağır ittiham verməsinlər, həm də ailəmi qoruyum deyə mənə heç bir aidiyyəti olmayan, üzünü polis bölməsində gördüyüm narkotiki üstümə götürdüm. Mənə bir bükümdə narkotik və tərəzi verdilər ki, cibimə qoyum, kamera qarşısında çıxarım. Guya cibimdən çıxan heroini 100 manata tanımadığım adamdan almışam”.

Ruslan Vahabov hökmdən əvvəl son sözündə də bildirib ki, “Facebook” hesabında Xankəndidə “Bravo” tikilməsi haqda yazdığına görə cəzalandırılıb:

“Sosial şəbəkədə iki kəlmə söz yazmışam. Buna görə adamı həbs eləyərlər? Heç bir siyasi iddiam, siyasi fəaliyyətim yox. Allah bilir ki, ailəmi, iki uşağımı dolandırmaq üçün nə qədər əziyyət çəkirdim. Mən azərbaycanlıyam, insana belə zülm eləmək olmaz”.

Vəkili də onun təqsirsiz olduğunu bildirib və məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.
Lakin hakimlər Ruslan Vahabova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə irəli sürülmüş ittihamı 234.1-1 maddəsinə tövsif ediblər. Əvvəlki maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Cinayət Məcəlləsinin 234.1-1 maddəsində isə cəza 3 ildən başlayır. Ruslan Vahabova bu maddə ilə 4 il azadlıqdan məhrumetmə cəzası verilib.

Azərbaycan Talışlarının İctimai Şurası (ATİŞ) təşkilatın üzvü olan Ruslan Vahabov haqqında hökmlə əlaqədar etiraz bəyanatı yayıb. Təşkilat bəyan edib ki, o, ictimai fəaliyyətinə görə cəzalandırılıb:

“Onun həbsinin hakim ailəyə məxsus “Bravo” supermarketlər şəbəkəsi haqqında son paylaşımı ilə bağlı olduğunu bəyan edir və dərhal azad edilməsini tələb edirik”.

Ana səhifəSiyasətXankəndidə “Bravo” tikintisi barədə status yazan fəal: “Polis bölməsində üzümə tüpürdülər, saçımdan tutub sürüyürdülər…”