close

Gen, yoxsa tərbiyə mühümdür?

Bakı. Foto: Meydan TV

Zərdüşt Əlizadə

Bədbinlik üçün əsas yoxdur

Ağlım kəsəndən məni bir sual daima düşündürüb: görəsən insan davranışında gen, ya tərbiyə daha mühümdür? Canavar sürüsündə böyümüş Mauqli həqiqətdir, ya nağıl? Axı dünya ədəbiyyatında neçə əsərdə cəmiyyətin təkindən səthinə yüksəlmiş insanların kübarlaşması təsvir edilib!

1960-cı illərdə “İnostrannaya literatura” jurnalında çap olunmuş bir amerikan romanı geniş şöhrət tapmışdı. Adı yadımdan çıxıb, həm də bu, vacib deyil. İtalyan mənşəli varlı cavan vəkil konqresə seçkilərə hazırlaşır. Kampaniyadan əvvəl nişanlısı ilə birlikdə babalarının vətəni Palermonu ziyarət etmək qərarına gəlir. Burada hər şey ona həm dogma, həm də qəribə gəlir.

Hansısa kişi onun nişanlısına sataşır. Amerikan cəmiyyətinin yetirməsi, kübar hüquqşünas, konqresə seçilməsinə beş dəqiqə qalmış amerikalı vəkil nə edir? Bakılı qədeşlər və ya italyan mafioziləri kimi qapır qəməni və rəqibini yortub öldürür. Sonra düşür qazamata və başlayır İtaliya məhbəsində çürüməyə.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Onun qəməni qapmasının və rəqibini öldürməsinin səbəbi onun Amerikada aldığı tərbiyədirmi? Ya onun əsl sitsiliyalı mənşəyinin təsiridir?

Gəncliyimdə oxuduğum bu kiçik roman nə üçün yadıma düşdü? Əziz və qaçılmaz həmvətənlərimi müşahidə etdikcə və onların məni heyrətə gətirən əməllərini gördükcə həmin bu sual məni dərindən düşündürür. Gen ya tərbiyə? Hansı daha əfzəldir?

Qarabağ münaqişəsi başlayanda mən hesab edirdim ki, həm ermənilər, həm azərbaycanlılar eyni sovet tərbiyəsi alıblar. Yəni sovet qanunlarından, sovet əxlaq və mənəviyyatından xəbərləri var. Hami sovet məktəbində 10-11 il oxumuşdu, xeyli adamın ali təhsili vardı, elmlər namizədi və elmlər doktorları da hər iki tərəfdə var idi. Düşünürdüm ki, bu münaqişə genişlənməyəcək, zira cəmiyyətlərdə tərbiyənin təsiri aparıcı olmalı idi.

Nə baş verdi? Stepanakert və Yerevanda mitinqlərə toplaşmış kütlə tərbiyəyə tüpürüb ibtidai genlərin təsiri ilə “miatsum” bağırmağa başladı. “Miatsum” bağıranların başında erməni elmlər doktorları dururdu. Bağıranların lideri ingilis, fransız, rus, ərəb və erməni dillərini mükəmməl bilən, məzmunlu elmi məqalə və kitabların müəllifi, filologiya elmləri doktoru Levon Ter-Petrosyan idi. Başqa bir elmlər doktoru, kimya üzrə, Ermənistan Elmlər Akademiyasının müxbir üzvü Rafael Qazaryan 1988-ci ilin dekabr ayında Yerevanda Qarabağ Komitəsinin mitinqində zəlzələdən sarsılmış erməni xalqına belə təsəlli verirdi: “Bəli, bizə dəhşətli fəlakət üz verib, minlərlə insan həlak olub, şəhər və kəndlər dağılıb. Lakin bu dövrdə müsbət hadisə də baş verib. Biz müqəddəs erməni torpağını mənfur türklərdən təmizləmişik”.

Əminəm ki, bu sözləri deyən insanda tərbiyə yatmışdı, yalnız gen oyaq idi.

Eyni vaxtda Bakıda Lenin meydanında 70-80 min bakılı sakin “turbina”dan onu idarə edən məxluqun ardıyca ehtirasla təkrar edirdi: “Bakı gözəl şəhərdir, ermənilər olmasa”, “Harda gördün erməni, vur başına gülləni”, “Ermənisən, ölməlisən, vəssalam”. Və sairə və ilaxıra.

Əminəm ki, bu anda da tərbiyə deyil, gen işləyirdi.

Hansı gen? Bəşəriyyətin yeni yarandığı dövrdə, insanların məskən, qida və su uğrunda amansız ölüm-dirim mübarizəsi apardığı dövrdə, hələ dinlərin və bəşəri əxlaqın zühurundan xeyli əvvəl, insan məxluqatının biri-birinin ətini diddiyi və insanların canavarlardan fərqlənmədiyi dövrdə təşəkkül tapmış genlər.

Xub. Alimlər münaqişə və müharibə dövrünü kütləvi dəlilik dövrü sayırlar. Deyilənə görə, bu dövr artıq sona yetib. İndi insanların davranışında tərbiyə və mədəniyyətin çəkisi daha ağır olmalıdır.

Həzərat! Bədbinlik üçün əsas yoxdur. Xalqımız sıradan olan bir xalqdır. Baxın fransızlara, amerikanlara, israillilərə, ərəblərə, canım sizə nə desin, baxın ermənilərə və gürcülərə, təskinlik tapın.

Baxırıq. Bizim dogma Azərbaycanda müzəffər Prezident icra başçısı vəzifəsinə say-seçmə samballı kadrları təyin edir. Bəziləri bu vəzifədə on illərlə işləyir. Külli-əhli-Azərbaycan bilir ki, onlar xalqdan və büdcədən aramsız oğurlayırlar. Oğurlamasalar, vəzifələrində qala bilməzlər. Onlardan on-on beşi hansı səbəbdənsə, əminəm ki, bu səbəb onların oğru olması ilə bağlı deyil, tutulub qazamata gedib, bir neçəsi orada dünyasını dəyişib, bir neçəsi buraxılıb. Mən qaniçən deyiləm, cəmi məhbuslara fərəc diləyirəm, onların qazamatda çürüməsinin millətə qara qəpiklik xeyri yoxdur, sistem dəyişməyincə, bir oğrunun çıxarılıb yerinə başqa oğrunun təyin olunmasının ümumi vəziyyətə təsiri yoxdur. Lakin məni bir sual düşündürür: onlar niyə oğurlayırlar?

Maaşları az deyil. Cinayət həddini keçməyən və milli mentalitetlə bağlı çax-çuxları onlara ümumi səviyyədən xeyli yüksəkdə yaşamağa imkan verir. Lakin nədən onlar hər gün səhər işə boş torba ilə gedib axşam evlərinə dolu torba ilə qayıdırlar? Axı məktəb onlara bunu öyrətməyib, əgər kitab oxuyublarsa, klassiklərimiz bunu tənqid edib və dahiyanə tərzdə amansızlıqla ələ salıb. Niyə?

Gen. Həmin yırtıcı dövrlərdə yaranmış gen. Gen olan yerdə tərbiyə susur, bəlkə də, ölür.

Cavan oğlan ictimai asayişi mühafizə qurumlarından birində – polis, təhlükəsizlik, islah müəssisəsi – işə düzəlir. Orta məktəb və ya hətta ali məktəb diplomu mövcuddur.

Cavan oğlan rəhbərliyin əmri ilə və ya hətta əmr olmadan, onun cənginə keçmiş Azərbaycan vətəndaşını vəhşicəsinə döyür. Oxuduğu kitablarda “döy” yazılmayıb. Ailəsində ona atası-anası “döy” deməyib. Ağlı çatır ki, məhbusları döyməsi ilə camaat arasında fəxr etməsin. Di gəl ki, döyür, vəhşicəsinə döyür.

Əlbəttə, bu döyməklik məsələsində yuxarılardan gələn göstərişlərin əsas rolu var. Lakin, məncə, genin və vicdanın yoxluğunun də təsiri böyükdür.

Baxıram bəzi müxalifətçilərə, ünlü jurnalistlərə, görkəmli yazıçılara, ali məktəblərin rektorlarına, kiçik və böyük məmurlara… Baxıram və heyrətə gəlirəm. Ləyaqət və şərəf əlaməti görmürəm. Tərbiyə? Yox, əsla yox. Gen!

Baxıram sıravi vətəndaşlarımıza, onların köləlik və qorxaqlıq, bişüurluq və səfehliklə həmsərhəd olan davranışlarına. Tərbiyə? Əsla! Gen!

Həzərat! Bədbinlik üçün əsas yoxdur. Xalqımız sıradan olan bir xalqdır. Baxın fransızlara, amerikanlara, israillilərə, ərəblərə, canım sizə nə desin, baxın ermənilərə və gürcülərə, təskinlik tapın.

Hər şey qaydasındadır. Dünyanı idarə edən insanları genlər idarə edir.

Ana səhifəMənim FikrimcəGen, yoxsa tərbiyə mühümdür?