close

Qüdrət Əzizov “avtoş” yeniyetmənin sürdüyü avtomobilin ona məxsus olmadığını deyir

Foto: Meydan TV-dən screenshot

Bunların mənim atamla heç bir əlaqəsi yoxdur”

Adı Meydan TV-də yayımlanan ““Avtoş” yeniyetmələr kimlərin övladlarıdır?”  adlı araşdırmada adı çəkilən avtomobil sahiblərindən biri – Qüdrət Vəsadət oğlu Əzizov “10OK333″ dövlət nişanlı avtomobilin ona məxsus olmadığını deyir.

Yazı dərc olunduqdan sonra Meydan TV ilə əlaqə saxlayan Qüdrət Əzizov bildirib ki, həmin nömrə vaxtilə onun adına olub, “Jiqili VAZ2106” markalı avtomobilin üzərinə vurulub:

“Qrup yoldaşım sürüb o maşını. Sonra nömrə ilə bərabər etibarnamə ilə satıb bir başqasına. Həmin sizin bəhs etdiyiniz “Maseratti”nin sahibinə. Mən 10 ildən artıqdır ki, ABŞ-da yaşayıram. Azərbaycana da bu illər ərzində 2-3 dəfə getmişəm, vəssalam. O nömrənin də, videoda bəhsi keçən avtomobilin də mənə aidiyyatı yoxdur”.

Lakin o, nömrəni alan şəxsin kimliyini açıqlamayıb.

Qüdrət Əzizov “AUTO.AZ GROUP” MMC şirkətinin sahibi olmadığını da deyib:

Açığı sizə deyim ki, şirkətin sahibi qardaşım olub, amma mən olmamışam. Rəfael Əzizovdan bəhs edirəm. O da xeyli müddətdir ABŞ-da yaşayır. Biz hamımız bura immiqrasiya etmişik. Mən nə təsisçisi olmuşam, nə də təmsilçisi. Qardaşıma bu yöndə kömək də etməmişəm. Orada Fərid Rüstəmovla qardaşım Rəfaelin adına olub, həmtəsisçi kimi olublar. Sonradan tam Fəridin adına keçib”.

Bunların mənim atamın I çağırışda deputat olması ilə heç bir əlaqəsi yoxdur. Mənim atam alimdir. Şərhlərə baxdım, yazırlar: “Xalqın qanını sovuranlar…”. Mənim atam həkimdir, alimdir. O insanları sağaldanda nə iqtidara baxır, nə də müxalifətə”, – Qüdrət Əzizov deyib.​

O bildirib ki, qardaşı və özü ali təhsilli hüquqşünas olsalar da, hazırda ixtisasları üzrə işləmirlər:

Qardaşım hardasa 15 il əvvəl qısa müddət ərzində hüquqşünas işləyib, amma mən heç vaxt bu sahə üzrə işləməmişəm”.

Bakıda imkanlı və əsasən də vəzifəli şəxslərin övladlarının təhsil alması ilə məşhur olan Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin şagirdlərinin məzun olduqları gün bahalı avtomobillərlə, sükan arxasına keçərək Bakıda avtoyürüş keçirməsindən bəhs edilib və həmin maşınlaırn sahibləri araşdırılıb.

Meydan TV Azərbaycan Respublikası Nəqliyyat vasitələrinin qeydiyyatı şəhadətnaməsi məlumat bazasına istinadən nömrənin Qüdrət Əzizova aid olduğunu yazıb:

Screenshot Meydan TV

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda isə şirkətin təsisçilərindən biri kimi onun adı göstərilib:

Screenshot Meydan TV

Şirkətin bazadakı detallı məlumatlarında da onun adı qanuni təmsilçi kimi qeyd olunub.

Screenshot Meydan TV

Əzizov qardaşlarının hüquqşünas kimi özəl sahədə çalışmalarına gəlincə, bu barədə Milli Məclisə yaxınlığı ilə tanınan “Modern.az” saytında qeyd olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də Meydan TV-nin sorğusuna yazı dərc olunduqdan sonra cavab göndərib. İnspektor Toğrul Nəsirlinin açıqlamasında bildirilib ki, “Son zəng” günü sürücülük hüququ olmayan şəxslərlə bağlı tədbirlər görülüb. Belə ki, məzunların idarə etdiyi müxtəlif markalı 14 avtomobil müəyyən olunub, müvəqqəti mühafizə olunan duracağa aparılıb.

““Son zəng” günü gücləndirilmiş iş rejimdə xidmət aparan polis əməkdaşları tərəfindən sürücülük hüququ olmadan idarə olunan 80-dən artıq nəqliyyat vasitəsi saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri tətbiq edilib.

Həmin gün paytaxt ərazisində yeniyetmələrin iştirakı ilə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb”, – məlumatda deyilir.

Ana səhifəSosialQüdrət Əzizov “avtoş” yeniyetmənin sürdüyü avtomobilin ona məxsus olmadığını deyir