close

Həbsdə olan jurnalistlərə 7 maddə ilə ittiham verilib

Foto: “AbzasMedia”

“Abzas Media” işi üzrə istintaq yekunlaşır

“Abzas Media” nəşrilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalist Nərgiz Absalamovadan sonra bu işlə bağlı təqsirləndirilən digər jurnalistlərin də ittihamının ağırlaşdırıldığı məlum olub.

Nərgiz Absalamovaya 7 maddə ilə verilən əlavə ittihamlar avqustun 16-da digər jurnalistlərə də ayrı-ayrılıqda elan edilib.

Onlara qarşı 192.3.2 (qanunsuz sahibkarlıq – xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergidən yayınma), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama və ya belə sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Bunu “Abzas Media” işi üzrə həbsdə olanlardan Fərid Mehrəlizadənin həyat yoldaşı Nərgiz Muxtarova da təsdiqləyib. O bildirib ki, avqustun 16-da Bakı İstintaq Təcridxanasında həyat yoldaşına 7 ağır maddə üzrə yeni ittiham elan olunub.

“Fərid illərdir rəsmi əmək müqaviləsi ilə bankda işləyirdi. Rəsmi maaşı olan şəxsin rahatlıqla ala biləcəyi qiymətə rəsmi köçürmə ilə öz adına avtomobil alıb və şəxsi istifadəsində olub. İndi o avtomobili cinayət yolu ilə əldə olunmuş pulun leqallaşdırılması kimi təqdim edirlər. Bu, sadəcə, ona qarşı heç bir sübutun olmamasından qaynaqlanan absurd ittihamdır”, – Nərgiz Muxtarova bildirib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, “Abzas Media” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərin istintaqı tamamlanır. Təqsirləndirilən jurnalistlərə yekun ittiham elan olunub. Yaxın vaxtlarda cinayət işinin materialları tanış olmaq üçün təqsirləndirilən jurnalistlərə və onların vəkillərinə veriləcək. Ardınca da iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Korrupsiya araşdırmalarıyla tanınan “Abzas Media” işi üzrə həbslər noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “Abzas Media”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “Abzas Media”da prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

“Abzas Media”dan sonra “Kanal 13” internet kanalı, “Toplum TV” xəbər portalı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “http://Meclis.info” saytının rəhbərləri və əməkdaşları da qaçaqmalçılıq ittihamıyla həbs olunub. İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib.

Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər. Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.

Ana səhifəXəbərlərHəbsdə olan jurnalistlərə 7 maddə ilə ittiham verilib