close

Prezident Əliyevin əmisi nəvəsinin evindən oğurluqda ittiham olunanlara hökm oxundu

Oğurluq, Foto: Audio und werbung/shutterstock

Üç nəfərə ümumilikdə 35 il həbs cəzası verilib

Prezident İlham Əliyevin mərhum əmisi Aqil Əliyevin nəvəsinin evindən oğurluqla bağlı təxminən 4 ay davam edən məhkəmə araşdırmaları yekunlaşıb. Riyad Əliyevin evindən oğurluq etməkdə ittiham olunan 3 nəfərə ümumilikdə 35 il həbs cəzası verilib. Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi, Əli Məmmədov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası bu barədə hökm çıxarıb.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən İbrahim Yüzayev 12 il, Rüfət Yüzayev və İlqar Qasımovun hər biri isə 11 il 6 ay azadlıqdan məhrum edilib.

İbrahim və Rüfət Yüzayevlər qardaşdılar.

Təqsirləndirilənlər Nərimanov rayonu, Xan Şuşinski küçəsi yerləşən dördmərtəbəli yaşayış evindən müxtəlif avadanlıqlar oğurlamaqda ittiham olunurlar. Söhbət çoxsaylı kondisionerlər, kombi aparatları s. əşyalardan gedir.

İddia olunur ki, oğurluqdan əlavə, cinayət nəticəsində evdəki müəyyən əşyalar sındırılıb, yararsız hala salınıb.

Ümumi ziyan 926 min manat hesablanıb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 177.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onlar özlərini qismən təqsirli biliblər.

Zərərçəkmiş qismində tanınan Riyad Əliyevin atası İlqar Əliyev oğlunun adını daşıyan “Riyad” şirkətlər qrupunun rəhbəridir. Həmçinin “Azinteroil” MMC-nin investorudur.

Ana səhifəSosialPrezident Əliyevin əmisi nəvəsinin evindən oğurluqda ittiham olunanlara hökm oxundu