close

İqtisadçı: Baş planda nəzərdə tutulmuş işlər üçün vəsaiti haradan alacaqlar?

Foto: Azərtac

“Qarabağla bərabər yenidənqurmaya ildə təxminən 11 milyard lazım olacaq”

Ötən ilin sonu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planını təsdiqlədi. Bundan sonra işlərin 2040-cı ilədək yekunlaşacağı və plan ardıcıllığı ilə bağlı məlumat paylaşıldı.

Komitə bildirir ki, şəhərin Baş plan layihəsi onların sifarişi ilə Almaniyanın beynəlxalq şəhərsalma şirkəti olan “AS+P Albert Speer + Partner GmbH” tərəfindən hazırlanıb.
Baş planın hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “EY” konsaltinq və “Ramboll UK” şirkətləri cəlb edilib.

Baş plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə edir. Əsas hədəflər isə dörddür: şəhərin dayanıqlı inkişafı, ətraf mühitin regenerasiyası, memarlıq siması və tarixi irsə qayğı, yeni şəhər iqtisadiyyatı.

Baş plan nəqliyyat tədbirlərinin həyata keçirilməsini də nəzərdə tutur. Bura metro, dəmir yol inkişafı, küçə-yol, ictimai nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi və genişləndirilməsi, velosiped şəbəkəsi, mübadilə qovşaqlarının tətbiqi və inkişafı daxildir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı özünün “Facebook” hesabında yazır ki, hazırda Bakı şəhərində illik mənzil tikintisi həcmi 1,6-1,7 milyon kvadrat metrdir. Söküntü və insan artımı nəzərə alınsa, hər onillik dövr üçün orta artım tempi adambaşına 5 kvadratdan yüksək olmalıdır.

Onun sözlərinə görə, son illərdə mənzil tikintisində qaydalar sərtləşib, yeni qərarlar qəbul olunub.
Ekspert düşünür ki, bunlar həmin sahəyə inzibati təsirdir və artımın qarşısını alır.

Ekspert bildirir ki, yeni plan Bakı şəhərinin 2040-cı ilə qədər inkişafını nəzərdə tutan 2020-2027-ci və 2028-2040-cı illəri əhatə edəcək 2 mərhələni nəzərdə tutur. Qeyd olunacaq müddət ərzində paytaxtın müxtəlif istiqamətli inkişaf-şəhərsalma konsepsiyası üçün nəzərdə tutulan maliyyə vəsaitinin məbləği 93,5 milyard manatdan bir qədər artıqdır. Həmin məbləğin 33 milyard manatdan çoxu bilavasitə özəl investisiya mənbələri hesabına, qalan 60,5 milyard manatı isə dövlət (büdcə və s.) və dövlət+özəl maliyyə mənbələri hesabına qarşılanacaq.

Foto: Ramil Osmanlının səhifəsindən

Sənəddə deyilir ki, layihənin icrasına iki qurum nəzarət edəcək. Burada əsas arbitr Şəhərsalma Komitəsidir. Əsas oyunçuların və bir sıra icraçı qurumların proqramdan sıxışdırılıb çıxarılmasını sürpriz hesab etmək olar. Diqqəti çəkən ikinci məsələ İnvestisiya Holdinqinin nəzdində yaradılması nəzərdə tutulan Azərbaycan İnkişaf Korporasiyası adlı yeni qurumdur. Mənə tam aydın olmayan Bakının Baş planının icrası ilə bağlı nəzərdə tutulan ikinci dərəcəli qurumun bütün ölkə coğrafiyasına hesablanması ilə bağlı olan məqamdır”.

Ramil Osmanlı deyir ki, nəhayət, burada bir istiqamət də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunmalı olan vacib bir sənədin – CİS-in (Coğrafi İnformasiya Sistemi) hələ ki, hazır olmamasıdır:

“Arzu edək ki, Xidmət bu sənədi tez bir zamanda ortaya qoysun, çünki bu, layihənin ərazi fəaliyyət planlaması və rayonlar və fərdi torpaq sahələrinin müəyyən olunması üçün çox vacibdir”.

Ramil Osmanlı vurğulayıb ki, layihədə ən diqqət çəkən məqamlardan biri də DÖƏ-nin (dövlət-özəl əməkdaşlığı) qurulması məqsədi ilə Köməkçi Korporasiyaların yaradılması məsələsidir:

“Açığı bu layihəni əvvəlki kimi Asiya ölkələrindən birində fəaliyyət göstərən bir şirkət hazırlamış olsaydı, bu məsələnin üzərindən sakit keçmək olardı. Amma Almaniyada fəaliyyət göstərən bir şirkətin hər fürsətdə əlini dövlətə tərəf, büdcə vəsaitlərinə uzatması maraqlı görünür”.
Onun sözlərinə görə, Baş planda infrastrukturla bağlı geniş proqramların nəzərdə tutulması, ictimai nəqliyyatın inkişafı, alternativ enerjiyə diqqətin artırılması, yaşıl və sağlam ətraf mühitin inkişaf etdirilməsi təqdirəlayiqdir və qeyd olunan məsələlər reallaşarsa, 2040-cı ilin Bakısı tamamilə fərqli bir şəhər olacaq:

Foto: Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Amma ekosistemin əsas sahələrindən biri olan tikinti sektoru, xüsusilə mənzil tikintisi, deyəsən, priorotetlərdən uzaqlaşıb, ya da başqa şəhərlərə doğru uzanıb. Belə olmasaydı, 2027-ci ildə adambaşına düşən mənzil sahəsi 23,6 kv.m-dən cəmi 1,2 kv.m artımla 2040-cı ildə 24,8-də dayanmazdı…”.

Ekspert bildirir ki, ən maraqlı və layihənin ilkin mərhələsi üçün nəzərdə tutulan “Ulduz” metrostansiyası ətrafındakı 100 hektarlıq sənaye ərazisinin yenidən qurulması və Heydər Əliyev Beynəlxalq Hava Limanı yaxınlığında yeni xidmət sahələrinin inkişafı ilə bağlı prioritetlərdir.

Onun sözlərinə görə, xüsusilə “Ulduz” metrosu tərəfdəki sənaye istiqamətinin içərisində ölkənin inşaat materialları idxalının azaldılması sənəddə xüsusi olaraq qabardılır, amma bunun təqribən 3-4 kilometr ərazidə yaradılacaq 60 ha-lıq Böyükşor ekoloji parkına uyğun olub-olmaması yaddan çıxarılır.

İqtisadçı Natiq Cəfərli isə Baş planın maliyyə yükü və problemlərin həlli yolundan danışıb. Deyir, plan qurarkən rəqəmlərin, məlumatların dəqiqliyi çox önəmlidir, amma plan əvvəldən yanlış rəqəmlərlə başlayır, deyirlər ki, guya, Bakıda cəmi 2,6 mln. əhali yaşayır, 2040-da bu rəqəm 3,2 mln. olacaq:

Natiq Cəfərli
Foto: Meydan.TV

Məncə, Bakıda bu gün artıq 3,5 mln. nəfərə yaxın insan yaşayır, qeydiyyatı regionlara, özü isə Bakıda yaşayan yüzminlərlə vətəndaş var, seçki dönəmlərində, imza toplayanda bunu aydın görmək mümkündür. Deməli, rəqəmlər artıq yanlış varsayımlar üzərində qurulub”.

İqtisadçı bildirir ki, planda 2040-cı ilə qədər Bakıya 93,5 mlrd. manat investisiya qoyulacağı bildirilir, lakin həmin vəsaitin haradan əldə olunacağı deyilmir:

Haradan alacaqlar o qədər pulu? Bu, ilə 6 mlrd. manata yaxın vəsait deməkdir. Hələ Qarabağın bərpasına da ildə, ortalama, 5 mlrd. manat lazım olacaq, yəni, 2040-cı ilə qədər ildə tək bu iki istiqamət üçün ildə 11 mlrd. manat lazımdır. Bu vəsaiti əldə etmək üçün isə azad və ədalətli investisiya mühitinə, böyük iqtisadi artım tempinə ehtiyac var. Azərbaycan iqtisadiyyatı 2023-də MDB-də ən zəif iqtisadi artım göstərən ölkə oldu. ÜDM cəmi 0,8% artdı, Dünya Bankı və BVF-nun proqnozlarına görə, 2024-2025-ci illərdə Azərbaycanda ÜDM 2,5 faiz civarında artacaq. Elə həmin qurumların meyarlarına görə 2,8 faizdən aşağı ÜDM artımı istənilən ölkədə iqtisadiyyatın tənəzzül təhlükəsinə işarədir”.

İqtisadçı deyir ki, hökumətin 16 ilə Bakı və Qarabağa, işğaldan azad edilmiş torpaqlara 150-170 mlrd. manatı necə əldə edəcəyi sual altındadır: 

Bəs başqa rayonlar, regionlar da var axı, onlara da ildə 1-1,5 mlrd. manat lazımdır, deməli, 16 ilə bu xərclər 200 mlrd. manata çatacaq. İqtisadiyyatı bu günə qoyub necə əldə edəcəklər o vəsaiti? Mikrosahibkarlara vergini 5 faizdən 20 faizə qaldırıb, onları çökdürməkləmi?”.

İqtisadçı düşünür ki, plan yaxşı ola bilər, lakin deyilən vəsaitin haradan əldə olunacağı məlum deyil.

Bakının ilk Baş planı 1898-ci ildə tərtib olunub. O vaxtdan bəri paytaxtın daha dörd baş planı hazırlanıb. Sonuncu isə 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub. Bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

2007-ci ildən isə “Böyük Bakının regional inkişaf planı”nın hazırlanmasına başlanıb. Həmin layihəyə Dünya Bankı 4 milyon, Azərbaycan hökuməti də 1 milyon dollar kredit ayırıb, lakin layihə reallaşmayıb.

Nəhayət, Baş nazir Əli Əsədov dekabrın 30-da Bakı şəhərinin Baş planını təsdiqləyən qərarı imzalayıb.
Qərara əsasən, Bakının inkişafına dair bu plan 2040-cı ilədək olan dövrü əhatə etməlidir. 

Ana səhifəXəbərlərİqtisadçı: Baş planda nəzərdə tutulmuş işlər üçün vəsaiti haradan alacaqlar?