close

Azərbaycanda seçkilər: təşkilatlar durğunluğu basqılarla əlaqələndirirlər

Foto: Meydan TV

Bəşir Süleymanlı: “Azərbaycan vətəndaşının da seçkilərə etimadı yoxdur”

Fevralın 7-də keçiriləcək Prezident seçkilərinə 1 aydan da az vaxt qalır.

Əvvəlki illərlə müqayisədə budəfəki seçkiöncəsi prosesin və ölkə gündəminin durğunluqla müşahidə olunduğu nəzərə çarpır.

Mövcud vəziyyət müxtəlif amillərlə izah olunur, əsasən də müvafiq qanunvercilikdə azadlıqların məhdudlaşıdırlması, müxalifətin seçkiləri boykot etməsi, müstəqil namizədlərə maneələr, seçki kampaniyasının 23 gün zaman çərçivəsinə salınması, ölkədə repressiyanın davam etməsi və s.

Siyasi təşkilatlar problemi nədə görür?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi Meydan TV-yə deyir ki, ölkədə, ümumiyyətlə, seçki prosesi yoxdur:

“Ölkədə seçki yoxdur. Seçkidə rəqabət olur, rəqabət olan yerdə də seçki mühitində canlanma müşahidə olunur. Azərbaycanda isə seçki yoxdur. Ona görə də süstlük müşahidə olunur”.

Seymur Həzi
Seymur Həzi, Foto:: Meydan TV

Seymur Həzinin sözlərinə görə, seçkiyə qatılan namizədlərin özləri də bu prosesin şəffaflığına inanmırlar.

III Respublika Platformasının spikeri Akif Qurbanov siyasi süstlüyü təbii sayır.

Onun fikrincə, hökumət seçkinin sakit keçməsini istəyir:

Akif Qurbanov. Foto: Meydan TV

Repressiyaların da seçkidən öncə başlamasının tək səbəbi seçkidə heç bir səsin çıxmamasına, etirazın olmamasına hesablanıb. İndiki mənzərə hökumətin xofun fonunda yaratdığı süni durumdur”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə seçkiöncəsi mühitlə bağlı deyilənlərlə razılaşmır.

O bildirib ki, seçkilərdə təşviqat prosesi yanvarın 15-də başlayacaq:

“Hələ ki qeydə alınma mərhələsidir. Namizədliyi qeydə alınmadan kimsə kampaniyaya başlaya bilməz ki. Hansısa təşkilatların belə yanaşması qanunvericilikdən xəbərsizlikdən qaynaqlanır. Yəni qeydiyyat məsələsi bitdikdən sonra prosesdə daha çox aktivlik müşahidə olunacaq”.

Fazil Mustafa. Foto: Meydan TV

Onun sözlərinə görə, seçki prosesi üç mərhələdən ibarətdir, hələ prosedurlar yekunlaşmayıb:

“Birinci mərhələ əsasən başa çatıb, imzalar təqdim olunub. İkinci mərhələ qeydiyyatın olub-olmaması məsələsidir. Qərar çıxandan sonra artıq ikinci mərhələ də başa çatır. Üçüncü mərhələ isə təşviqat kampaniyasının başlanmasıdır. Təşviqat başlayandan sonra canlı seçki prosesi başlayacaq. Yəni gərək prosedur tamamlansın ki, namizədlər də prosesə qoşulsunlar. Bu baxımdan durğunluq, həqiqətən, müşahidə oluna bilər, çünki namizədlər hələ prosesə tam qoşula bilməyiblər”.

Bəs seçkiləri monitorinq edən təşkilatlar nə düşünür?

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli Meydan TV-yə açıqlamasında mövcud süstlüyü siyasi basqılarla əlaqələndirir:

“Xüsusən son bir ildə siyasi həbslər artıb, jurnalistlər, blogerlər, siyasi fəallar həbs olunub. Bütün bunlar ictimai-siyasi arenada fəaliyyət imkanlarını xeyli məhdudlaşdırıb. İkincisi, ölkədə toplantılar keçirmək üçün yerlər məhduddur, demək olar ki, yoxdur. Məsələn, təşkilatımız ATƏT-in Azərbaycanla bağlı seçdiyi öhdəliklərin icra vəziyyəti ilə bağlı dəyirmi masa keçirmək istədik, amma məkan olmadı. Üçüncüsü, nüfuzlu siyasi liderlərin seçki prosesinə qatılmamasıdır və bu, seçicilərin əhval-ruhiyyəsinə və ictimai-siyasi proseslərə də təsir edir. Ona görə durğunluq yaşanır”.

Anar Məmmədli
Anar Məmmədli. Foto: sosial şəbəkə

Mərkəz rəhbəri seçkini müşahidə ilə bağlı MSK-ya müraciət etməsə də, bu yöndə addım atacaqlarını deyir:

Ən azından yaşadığım ərazidəki məntəqələrdə müşahidə aparmaq istəyirəm”.

Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) seçkini müşahidə edib-etməməsinə gəlincə, Akif Qurbanov təşkilatın rəsmi qeydiyyatının olmadığını deyib:

“Avropa Məhkəməsinin 2021-ci ildə qərarı olsa da, hökumət Demokratik Təşəbbüslər İnstitutunu qeydə almadı. Bununla belə, Demokratik Təşəbbüslər İnstitutunun nəzdində Hüquq Mərkəzi seçkidə iştirak edənlərin müdafiə işlərini həyata keçirəcək”.

Hazırda vətəndaş cəmiyyətinin maliyyə imkanları məhduddur”

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı seçkilərin müşahidəsi üçün maliyyə imkanlarının vacibliyinə toxunub.

Onun fikrincə, hazırda vətəndaş cəmiyyətinin maliyyə imkanları məhduddur:

Bəşir Süleymanlı. Foto: Gülzar Məmmədli

Seçki çox maliyyə tələb edən prosesdir, bu, olmayanda seçkiləri müşahidə etmək mümkünsüzdür. Digər tərəfdən, vətəndaş cəmiyyətinə ciddi basqılar var, təqiblər, həbslər, qanunvericiliyin mənfi yöndə dəyişdirilməsi monitorinqin aparılmasını qeyri-mümkün edib”.

Bəşir Süleymanlı deyir ki, Azərbaycan vətəndaşının da seçkilərə etimadı yoxdur:

Adi bir misal, azərbaycanlılar qonşu ölkələrdəki seçkiləri daha çox müzakirə edirlər, nəinki yerli seçkiləri. Çünki seçki ilə ölkədə vəziyyətin dəyişəcəyinə inam yoxdur. Təbii ki, yaxşı tendensiya deyil, amma uzun illərdir bu fikir hökm sürür. Əksinə, insanlar seçkilərdən sonra vəziyyətin daha da pisləşəcəyi narahatlığını yaşayırlar, 2020-ci il parlament seçkilərində yaranan ümidlərin puça çıxması dediklərimi təsdiqləyir”.

Son illər sosial şəbəkələrdə hansısa kiçik məsələ daha çox müzakirə edilir, amma icra strukturuna keçiriləcək seçkilər yox. Hətta seçki fəal insanların, siyasi partiyaların gündəliyindən çıxıb. Çünki vətəndaş cəmiyyəti sıradan çıxarılıb, azad media boğulub, siyasi partiyaların fəaliyyət imkanları məhduddur, adicə ofisləri belə yoxdur. Belə olduqda insanlar seçkilərlə bağlı maariflənə bilmir. Bir sıra adamlar var ki, seçkinin vaxtını da bilmir. Bu mənada seçki öncəsi vəziyyətin süst olması təbiidir”, – deyə Süleymanlı bildirib.

MSK nə deyir?

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov isə deyib ki, fevralın 7-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün indiyə qədər 19 ölkədən 72 beynəlxalq müşahidəçi müraciət edib.

Onun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) prezident seçkilərinə 37, MDB Parlament Assambleyası 17, Türkiyə 5, MDB 9 müşahidəçi göndərəcək.

Mərkəzi Seçki Komissiyası (MSK). Foto: Azərtac

M.Pənahov deyib ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi ilə müşahidə missiyası da seçkini izləyəcək.

Onun fikrincə, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib, bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u QHT nümayəndələri, 126-sı isə xüsusi icazəli YAP müşahidəçiləridir.

Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Fuad Əliyev, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürüblər.

Prezidentliyə namizədliyini verən deputatların hər biri hakimiyyətyönümlü partiyanın sədridir.

Digər namizəd olmağa iddialılar da hakimiyyətə yaxınlığı ilə tanınır.

AXCP, MüsavatKlassik Xalq Cəbhəsi partiyaları isə seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Ana səhifəSiyasətAzərbaycanda seçkilər: təşkilatlar durğunluğu basqılarla əlaqələndirirlər