close

İsrail jurnalistin ölümünün səbəbini araşdırdığını deyir

Media. Foto: Jose HERNANDEZ Camera 51/shutterstock

HRW İsrailin iki zərbəsinin “mülki əhaliyə qəsdən hücum olduğunu və buna görə də müharibə cinayəti olduğunu” bildirib

İsrail hərbçiləri “Reuters” Agentliyinin Livanın cənubunda müharibəni işıqlandırarkən ölən jurnalisti ilə bağlı açıqlama verib. Açıqlamada deyilir ki, hadisə aktiv döyüş bölgəsində baş verib və hələ səbəbləri araşdırılır. Hərbi bəyanatda jurnalist İssam Abdullahın ölümünə birbaşa toxunulmur. Qeyd edilir ki, Hizbullah döyüşçüləri həmin vaxt sərhədi keçərək hücuma keçib və İsrail qüvvələri şübhəli silahlı sızmanın qarşısını almaq üçün atəş açıb. Görünür, jurnalist bu zaman həlak olub.

“Reuters” dekabrın 7-də əməkdaşı İssam Abdullahın ölümü ilə bağlı xüsusi hesabat dərc edib. Həmin hesabatda bildirilir ki, jurnalist sərhədyanı atəşi lentə alan zaman İsrail tank heyətinin ardıcıl atdığı iki mərmi nəticəsində ölüb. Bu zaman ərazidə olan daha altı müxbir yaralanıb. İsrailin açıqlamasında isə bildirilir ki, oktyabrın 13-də İranın dəstəklədiyi Hizbullah yaraqlıları Livan sərhədi boyunca İsrail ərazisi daxilində çoxsaylı hədəflərə hücum edib.

“Hadisələrdən biri tank əleyhinə raketin atılması ilə bağlı olub və o, Hanita kəndi yaxınlığındakı sərhəd hasarına düşüb. Tank əleyhinə raketin buraxılmasından sonra terrorçuların İsrail ərazisinə potensial sızması ilə bağlı narahatlıqlar yaranıb”, – İsrail Müdafiə Qüvvələri bəyanatında deyilir.

Bəyanatda daha sonra bildirilir ki, onlar sızmanın qarşısını almaq üçün artilleriya və tank atəşindən istifadə ediblər. Sonradan ərazidə olan jurnalistin öldüyü və bəzilərinin yaralandığı açıqlanıb:

“Bu məlumatlardan xəbərdarıq və araşdırma gedir. Bildirək ki, həmin ərazi aktiv döyüş bölgəsidir, burada aktiv atəş baş verir və bu ərazidə olmaq təhlükəlidir. Hazırda insident araşdırılır”.

Atəş nəticəsində “Reuters”in jurnalisti 37 yaşlı İssah Abdullah həlak olub. “France-Presse” agentliyinin fotoqrafı 28 yaşlı Kristina Assi ağır yaralanıb. Beynəlxalq Amnistiya Təşkilatı dekabrın 7-də bildirib ki, İsrailin zərbələri çox güman ki, mülki şəxslərə birbaşa hücum olub və müharibə cinayəti kimi araşdırılmalıdır. Human Rights Watch Təşkilatı (HRW) ayrı bir hesabatda İsrailin iki zərbəsinin “mülki əhaliyə qəsdən hücum olduğunu və buna görə də müharibə cinayəti olduğunu” bildirib və cavabdehlərin cavab verməli olduğunu deyib. ABŞ dövlət katibi Entoni Blinken isə bildirib ki, İsrailin qətllə bağlı apardığı araşdırmanın nəticəyə gəlməsi və nəticələrin açıqlanması vacibdir.

“Mən başa düşdüm ki, İsrail belə bir təhqiqata başlayıb və bu araşdırmanın nəticəyə gəlməsi və araşdırmanın nəticələrini görmək vacib olacaq”.

Hadisə oktyabrda baş verib. Jurnalist İssam Abdullah Livanda İsrail istiqamətindən atılan raket nəticəsində həlak olub. Olay Livanın cənubunda İsrail istiqamətindən atılan raketlərin onlara tuş gəlməsi nəticəsində baş verib. İlk yayılan məlumatda bildirilir ki, “Reuters”, “Al Jazerra” və AFP jurnalistləri Livanın cənubunda İsrail və Hizbullah qruplaşması arasında toqquşmaların yaşandığı Alma əş-Şaab yaxınlığında çalışırmış. Elə hadisə də burada baş verib.

Ana səhifəDünyaİsrail jurnalistin ölümünün səbəbini araşdırdığını deyir