close

Mher Qriqoryan: “Bakı Yerevanın təklifinə müsbət cavab verib”

Ermənistan-Azərbaycan. Foto: Yuriy Boyko_Ukraine/shutterstock

Baş nazirin müavini dəmir yolunun çəkilməsi ilə bağlı konsensusun olduğunu deyir

Bakı Yerevanın sərhədin demarkasiyası məsələləri üzrə komissiya üzvlərinin iclasının keçirilməsi təklifinə müsbət cavab verib”.

Bunu iyunun 21-də jurnalistlərlə söhbətində Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.

Ancaq M.Qriqoryan görüşün yeri, ayı və saatı ilə bağlı hələlik razılaşmanın olmadığını əlavə edib:

“Güman edirəm ki, görüş yaxın vaxtlarda məlum olacaq”.

Onun sözlərinə görə, gündəlikdə duran məsələlər müzakirə olunacaq:

Söhbət demarkasiya məsələləri üzrə komissiyaların işçi iclasından gedir”.

M.Qriqoryan onu da vurğulayıb ki, Yerasx-Horadiz dəmir yolunun yenidən işə salınması ilə bağlı mühüm konsensus var:

Məncə, bu, vacibdir. Düşünürəm ki, tənzimləmə dəmir yolunun keçəcəyi ölkələrin yurisdiksiyası və suverenliyi altında olmalıdır. Bu, çox mühüm və əsaslı razılaşmadır. Digər məsələlərlə bağlı təfərrüatları açıqlamayacağam, çünki hələlik yekun konsensus yoxdur”.

Mher Qriqoryan. Foto: “news.am”dan screenshot

İyunun 19-da Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirmişdi ki, regionda nəqliyyat əlaqələrinin açılması Yerasx-Culfa-Mehri-Horadiz marşrutuyla keçəcək dəmir yolunun bərpa edilməsi ilə başlayacaq.

İyunun 2-də Rusiya paytaxtında Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri – Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin həmsədrliyi ilə regionda kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupunun iclası keçirilib.

Mayın 25-də Moskvada Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündən sonra elan edilmişdi ki, yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşü ilə bağlı razılıq əldə olunub.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan rəhbərləri tez-tez həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə bir araya gəlir, sülh danışıqları aparır.
Lakin bu günədək tərəflər arasında, sülh sazişi imzalanmayıb.

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətMher Qriqoryan: “Bakı Yerevanın təklifinə müsbət cavab verib”