close

Növbədənkənar yazı

2024-cü il büdcəsi. Foto: Deemerwha studio/shutterstock

Rövşən Hacıbəyli

2024-cü ildə seçkilərin keçirilməsi və statistika tədbirləri üçün dövlət büdcəsindən 110 milyon 935 min 344 manat ayrılıb

Gələn il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçiriləcəyi xəbəri ildırım sürəti ilə bütün ölkəyə yayıldı. İşığı, qazı, suyu, yolu olmayan kəndlərin sakinləri belə bu xəbəri çox sevinclə qarşıladı. Sanki çoxdan gözləyirlərmiş (Xalqın hər şeydən xəbəri olduğuna mən də son zamanlar sidq-ürəkdən inanmağa başlamışam). Anındaca Prezidentin saytına “növbədənkənar” məktubları axmağa başladı.

Rövşən Hacıbəyli
Mənbə: Meydan TV

Adamlar qəfil ilhama gəlib bədahətən şeir qoşdular Prezidentin şəninə. O şeirləri qiymətləndirmək, dəyərini bilmək, lap belə buna görə ödüldən, təqaüddən vermək Yazıçılar Birliyinin işidir, çox şükür, orada mənzil qalmaqalı da səngiyib, əsl ədəbiyyat, ədəbiyyata qayğı zamanıdır.

Lap sonuncu şeiri Biləsuvardan yollayıblar, layiqli vətəndaş Asif Fətdayev bütün xoş sözlərin qəlbindən gəldiyini yazıb:

Ulu Öndər yadigarısan,
Azərbaycan övladısan!
Xalqın sən dayağısan,
Yaşa, var ol, əziz Prezident.

Qarabağı azad edən,
Düşmənləri məyus edən,
Ulu Öndərin ruhunu şad edən
Yaşa, var ol, əziz Prezident!

Bəzi məktublarda sadə vətəndaşlar dolayısıyla, ümumiyyətlə, seçkiyə ehtiyac olmadığını vurğulayırlar: “Siz bizim əbədi Prezidentimizsiz”, “Siz Azərbaycan xalqının əbədi liderisiz”, “Xalqımız ancaq sizi lider görür və sevir”, “Qarşıdan gələn seçkilərdə sevə-sevə iştirak edib Sizə səs verəcəyik” və s. Seçki təbliğatı başlamamış xalq sözünü deyir…

Əslində xalqın səsi eşidilməli, mənasız xərclər durdurulmalıdır. Bu il, yəni 2024-cü ilin dövlət büdcəsində “seçkilərin keçirilməsi və statistika tədbirləri üçün” 110 milyon 935 min 344 manat vəsait ayrılıb. Yetərincə böyük məbləğdir. Yeri gəlmişkən, “seçkilərin keçirilməsi və statistika tədbirləri üçün” 2023-cü ilin dövlət büdcəsindən ayrılan məbləğ 46 milyon 730 min 295 manat olmuşdu. Artıq il sona çatır və bu il ölkədə seçki keçirilməyib, ola bilsin o məbləği də builki seçki xərclərinin üzərinə gəlsinlər, bu halda məbləğ 156 milyon 665 min 639 manat edir. İndiyə qədər adı açıqlanan alternativ namizədlərlə seçkiyə getmək və bu qədər vəsaiti havaya sovurmaq heç də yaxşı addım deyil. Nə gedir, xalqdan gedir. Ötən seçkilərdə iştirak edən bu adamlar seçki təbliğatını xalqın ianələri hesabına apardıqlarını deyirdilər. İndi nə xalqa əziyyət verin, nə də qapı-qapı düşüb ianə yığın, seçkiyə ayrılan həmin vəsaiti dayanmadan məktublar yazan və yaza bilməyən adamlar – seçicilər, İlham Əliyevin əbədi prezidentliyini qəbul edən, seçki başlamamış səs verənlər və verməyənlər arasında bölmək daha məntiqli olardı. Təşviqat materialları, şəkillər, plakatlar, telekanallarda efir almaq… amısı artıq xərclərdir.

Məsələn, sonuncu növbədənkənar seçkidə – 2018-ci ildə 86,02 faiz səslə qalib gələn İlham Əliyevə alternativ olaraq seçkiyə qatılıb biabırçı məğlub olanların səs faizinə baxaq:

Zahid Oruc – 3,12 faiz,
Sərdar Məmmədov – 3,03 faiz,
Qüdrət Həsənquliyev – 3,02 faiz,
Hafiz Hacıyev 1,52 faiz,
Araz Əlizadə – 1,38,
Fərəc Quliyev – 1,17 faiz,
Razi Nurullayev – 0,74 faiz.

Yuxarıdakı nəticədən dərs almayan adamlardakı inama da qibtə etməmək mümkün deyil. Hələ üstəlik, builki seçkiyə Fazil Mustafa da qoşulub, oxucuların, həm də onun yaddaşını təzələmək üçün xatırladaq: o, 2008-ci il seçkisində cəmi 2,43 faiz səs toplamışdı…

Azərbaycanda növbədənkənar prezident seçkisi ənənəsinin əsası 2018-ci ildə qoyulub, açığı hələ də o seçkiyə niyə gedildiyinin ağlabatan açıqlaması olmayıb. Ancaq bu il yazılan bir yazıda 2018-ci il növbədənkənar prezident seçkisinə niyə qərar verildiyinə tutarlı arqumentlə nöqtə qoydu:

“Siyasi proseslərin gedişi sonrakı mərhələlərdə bu qərarın vaxtında və doğru verildiyini bir daha ortaya qoydu. Həmin seçkidən cəmi 2 il sonra Azərbaycan 30 il erməni işğalı altında olan torpaqlarını azad etmək üçün Vətən müharibəsi apardı və dünya hərb tarixində yeni nəsil savaşla həm də müqəddəs Zəfəri qazanması ilə qaldı”.

İndi nə xalqa əziyyət verin, nə də qapı-qapı düşüb ianə yığın, seçkiyə ayrılan həmin vəsaiti dayanmadan məktublar yazan və yaza bilməyən adamlar – seçicilər, İlham Əliyevin əbədi prezidentliyini qəbul edən, seçki başlamamış səs verənlər və verməyənlər arasında bölmək daha məntiqli olardı.

Ancaq, görünür, o növbədənkənarda nəsə hikmət var ki, onun vaxtı bitməmiş yenisinə ehtiyac yaranıb. Az qala hər gün AzTV-lərdə bununla bağlı qalstuklu kişilər ekrana çıxıb nələrsə danışır. Həm də çox ciddi görkəmdə. Proqnozlar da verirlər. O günü birinin proqnozuna başqa biri nəsə şübhəylə yanaşdı, ancaq sağ olsun, mədəni davrandı, dedi ki, proqnozu düz çıxsa, ona böyük bir qonaqlıq verəcək, sadəcə o qonaqlığın içkili, yoxsa içkisiz olacağını demədi. Çox maraqlıdır, bu adamlar bir kanalda siyasi analitik, birində politoloq, başqa kanalda siyasi şərhçi kimi təqdim olunur. Sadiq AzTV izləyicisi kimi çaşbaş qalıram, adamların hansı sənətin yiyəsi olduğunu müəyyənləşdirə bilmirəm…

Fevralın 7-sini gözləyək!

Ana səhifəMənim FikrimcəNövbədənkənar yazı