close

Statistika ölkədə camışların sayının azaldığını göstərir

Camış. Foto: Wiki

Fermerlər camış saxlamağın sərfəli olmadığını deyirlər

Ağsu rayon sakini Araz Abbasov uzun illərdir camışçılıqla məşğul olur. Abbasov deyir ki, son 6-7 ilədək təsərrüfatdan gəlir götürə bilib. Hazırda isə təsərrüfatında camışların sayı 20-dən 5-ə qədər enib. Çünki ildən-ilə camışçılıq təsərrüfatından gələn gəlir azalıb.

“Camış əti inək ətinə nisbətən ucuzdur. Digər tərəfdən, yem bahadır, camış inəyə nisbətən çox su sərf edir. Otlaq sahələri məhv olub. Camış südü, qatığı, yağı inəkdən dəfələrlə keyfiyyətli olsa da, istənilən qiymətə satmaq olmur. Rayonda camış südünün litri 2 manatdan aşağıdır”.

Fermer deyib ki, Ağsunun kəndlərində camış saxlayanların sayı sürətlə azalıb. Çoxunun 1-2 camışı var.

Qubalı fermerlər də deyirlər ki, camış olan yerlərdə su hövzələri olmalıdır. Son vaxtlarda isə su hövzələri olan yerlərdə ya balıqçılıq təsərrüfatları yaradılıb, ya da əkin sahələrinin suvarılması üçün istifadə edilir. Buna görə də kəndlərdə camış südü tapmaq müşkülə çevrilib.

Qubalı fermer Yaşar Nəbiyev bildirib ki, camış bataqlıq, gölməçə sevir. Gölməçələr isə qurudulub, əkin sahələrinə çevrilib. Buna görə də, bir camışa baxmaqdansa, 2-3 inəyə baxmaq sərfəlidir.

Fermerlərin sözlərinə görə, xususilə yayda su, payızda-qışda yemlə bağlı problemlər yaranır. Baxmayaraq ki, 1 litr camış südü tərkibinə görə 3-4 litr inək südünə bərabərdir. Camış südü bahalı olduğundan bəzən satmaqda çətinlik çəkirlər. Fermerlər onu da deyiblər ki, camış südünün xususi alıcıları var. Amma məhz süd, qatıq, yaxud yağa görə heyvan saxlamaq sərf etmir.

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə cins heyvanlar təklif edirlər. Fermerlər isə hesab edirlər ki, cins heyvanlar ətlik və südlüyə görə sərfəli olsa da, camışın yerini vermir.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli Meydan TV-yə deyib ki, ölkədə camışların sayı kəskin azalıb. Bu gedişlə camışçılıq təsərrüfatları tam məhv olacaq.

Respublikada 2005-ci ildən bu yana camışların sayı 308,6 min başdan 119.9 min başa, o cümlədən sağılan camışların sayı 147.9 min başdan 56.9 min başa qədər azalıb.

“Çox təəsüf ki, ləzzətli və faydalı camış südü, qatığı, yağı süfrəmizdən çəkilir”,-ekspert bildirib.

Ana səhifəSosialStatistika ölkədə camışların sayının azaldığını göstərir