close

Parlamentin bugünkü gündəliyi: nələr müzakirə olundu?

Milli Məclis, Foto: By Photographer RM/Shutterstock

AP-ın qətnaməsi pislənildi, narkotiklərlə bağlı siyahı müəyyənləşdi, telefonların rüsümu azaldıldı

Oktyabrın 6-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

Gündəlikdə duran əsas məsələlərdən biri Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı qətnaməsi olub.

Avropa Parlamenti oktyabrın 5-də qəbul etdiyi qətnamədə ermənilərin Qarabağdan köçməsini “etnik təmizləmə” adlandırıb.

Milli Məclis isə hesab edir ki, məlum qətnamə separatizmə dəstəkdir.

“Avropa Parlamentinin qətnaməsi qərəzlidir”

Spiker Sahibə Qafarova deyib ki, Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qətnamə qərəzlidir:

Milli Məclisin sədri Sahibə Qafarova
Source: President.az

Bu, onu göstərir ki, bəzi qüvvələr Azərbaycanın keçiridiyi anti-terror tədbirləri ilə ölkənin bütövlüyünü bərpa etməklə barışa bilmir. Bu qətnamə fransalı deputatların təşəbbüsü ilə hazırlanıb və qəbul edilib. Bu da ilk dəfə qarşılaşdığımız iş deyil. Çünki Fransa həmişə olduğu kimi öz birtərəfli niyyətini göstərir. Bunu da bilsinlər ki, haqq və ədalət Azərbaycanın tərəfindəndir. Bir daha bildiririk ki, ölkəmizdən uzaq dursunlar”.

“Biz qətnaməninin üzərindən xətt çəkəcəyik”

Deputat Səməd Seyidov bildirib ki, heç bir qətnamə Azərbaycanı dayandıra bilməz:

Səməd Seyidov
Foto: arxiv

Qətnamə həmin qüvvələrin qorxaqlığını, islamafobluğunu bildirir. Təbii ki, biz qətnaməninin üzərindən xətt çəkəcəyik. Elə bu qərəzli mövqe Avropa Parlamentini idarə edən yüksək səviyyəli qüvvələr tərəfindən rədd ediləcək. Parlamentdə bu qətnamə qəbul olunduqdan sonra Qranadada Avropa liderləri bildirdilər ki, sanksiyaların heç bir yeri yoxdur”.

“Otuz il maskalanmağa çalışan Fransa…”

Deputat Bəhruz Məhərrəmov isə əlavə edib ki, Avropa Parlamenti son bir aya yaxın dövrdə bütövlükdə gündəmini Azərbaycana həsr edib:

Foto: Bəhruz Məhərrəmovun şəxsi arxivindən

Otuz il maskalanmağa çalışan Fransa bu gün açıq formada özünü erməni dövləti kimi aparır. Avropa Parlamenti bizə sanksiya tətbiq etdi nə fərq edər, yaxud etmədi nə fərq edər. Biz artıq güclüyük və sülhün bir addımlığındayıq. Bu prosesdə əsas Ermənistan diqqətli olmalıdır. Ermənistan ilk növbədə məhz Azərbaycanla əməkdaşlıq nəticəsində düşdüyü dalandan çıxa biləcəyini anlamalıdır. Ermənistan üzünü bölgəyə tutmalı, xüsusən Azərbaycan-Türkiyə tandemindən maksimum yararlanmağa çalışmalıdır”.

“Qətnamə Ermənistanı sakitləşdirmək üçündür”

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli isə çıxışı zamanı deyib ki, qəbul olunan qətnamə Ermənistanı sakitləşdirmək üçündür.

Bir sözlə, Azərbaycana heç bir təsiri olmayacaq”, – deputat qeyd edib.

“Avropa Azərbaycanın qələbəsini qəbul edə bilmir”

Deputat Vahid Əhmədov deyib ki, Fransa olmaqla bir sıra Avropa dövlətləri Azərbaycanın qələbəsini qəbul edə bilmir.

Vahid Əhmədov. Foto: Meydan TV

Onlar bu qələbəni həzm edə bilmədikləri üçün dövlətimizin əleyhinə bir sıra bəyanatlar verməyə başladılar. Hesab edirəm ki, hazırkı məqamda Azərbaycan əsas üç məsələni tez bir zamanda həll etməlidir. Ermənistanla sülh müqaviləsi imzalanmalıdır. Rusiya sülhməramlılarının bölgədən tədricən çıxarılmasına nail olunmalıdır. Xankəndidə idarəetmə və icra orqanlarının fəaliyyətini təşkil etməlidir”.

Milli Məclisdə daha sonra Avropa Parlamentinin qətnaməsinə cavab bəyanatının hazırlanması üçün komissiya yaradılıb.

Komissiyanın sədri Nizami Səfərov, üzvləri Elman Məmmədov, Aqiyə Naxçıvanlı, Tural Gəncəliyev, Razi Nurullayev seçilib.

Qəbul olunan bəyanatı deputat Tural Gəncəliyev səsləndirib.

“Qətnamə Fransa hökumətinin təhriki ilə əksəriyyəti bu ölkədən olan anti-Azərbaycan, islamofob deputatların saxta məlumatları əsasında hazırlanıb. Avropa Parlamentinin bu addımı onun ikili standartlara əsaslandığının növbəti bariz nümunəsi olub”, – bəyanatda deyilir.

Tural Gəncəliyev
Foto: sosial şəbəkə

Avropa Parlamentinin Azərbaycanın öz ərazilərində qalmaqda davam edən Ermənistan silahlı qüvvələrinin birləşmələrinə və qanunsuz erməni dəstələrinə qarşı həyata keçirdiyi anti-terror tədbirlərindən sonra qondarma qurumun müdafiəsinə yönələn belə bir qətnaməni qəbul etməsi separatizmə açıq dəstək verməkdir. Fransa Cənubi Qafqaz bölgəsini yeni təhlükələrə sürükləyərək qeyri-sabit zonaya çevirməyə çalışır”, – deyə sənəddə qeyd edilir.

Valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün güzəştlər…

Parlamentdə daha sora valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunmasına dair layihə ilk oxunuşda qəbul edilib.

Qanuna təklif edilən dəyişikliyə əsasən, həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid ediləcək.

Ev alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaqlar.

Həmin şəxslər 18 yaşına çatandan və sosial xidmət müəssisələrindən çıxandan sonra ev alana qədər çox vaxt çətin vəziyyətdə olurdular, yəni kirayəhaqqı verə bilmirdilər.

İndi həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da ev alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin ediləcəklər.

Eyni zamanda onları daha tez siyahıya salıb, mənzillərlə təmin etmək mümkün olacaq.

Cinayət məsuliyyətinə cəlb edilməyə əsas verən narkotik miqdarına görə yeni siyahılar…

Milli Məclis həmçinin güclü təsir edən maddələr və onların külli, xüsusilə külli miqdarlarının siyahısını ilk oxunuşda təsdiq edib.

Layihədə təklif edilən dəyişikliklər Cinayət Məcəlləsinin 240-cı (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddəsinə dəyişiklik edilərək narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə əməllərini xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib.

Qəbul edilmiş bu dəyişikliyin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minməsi nəzərdə tutulub.

Təqdim edilən qanun layihəsi ilə “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarının Siyahısı” təsdiq edilir.

Ölkəyə gətirilən telefon üçün qeydiyyat rüsumu azaldılır…

Parlamentin bugünkü iclasında həmçinin fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılması müzakirəyə çıxarılıb.

Bu, “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əks olunub.

Təklif sentyabrın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında müzakirəyə çıxarılmışdı.

Qanun layihəsində qeyd olunurdu ki, qeydiyyata görə dövlət rüsumunun məbləği bazar qiyməti 100 ABŞ dollarından çox olmayan, foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün 20 manatdan 15 manata endirilir.

Həmin cihazlar istisna olmaqla, digər mobil cihazlara görə dövlət rüsumunun dərəcələri də azaldılır. Əgər qeydiyyata görə dövlət rüsumunun məbləği mobil cihazların bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 20 manat, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 30 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 40 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 50 manat, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 70 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 100 manat olacaq.

Hazırda qüvvədə olan qanuna əsasən isə qeydiyyata görə dövlət rüsumunun məbləği mobil cihazların bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 30 manat, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 50 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 60 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 70 manat, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 100 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manatdır.

Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar üçün dövlət rüsumu isə 20 manatdan 15 manata endirilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qanun qəbul edildiyi halda dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minəcək.

Ana səhifəSiyasətParlamentin bugünkü gündəliyi: nələr müzakirə olundu?