close

Yol ayrıcında

Rusiya-Azərbaycan. Foto: GoodIdeas/shutterstock

Zərdüşt Əlizadə

Nə üçün mən Rusiyanın Azərbaycanı səhv siyasi addım atmağa təhrik edəcəyindən narahatam?

Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə sayılacaq sonluğa sanki yaxınlaşır. Şadlıq və gələcəyə nikbin baxış üçün əsas varmı? Əlbəttə var, amma…

Əsas mətləb də bu “amma”nı dərk etməkdən ibarətdir. Yadınıza salın, neçə dəfə müstəqillik illərində sanki əldə edilmiş qələbə və uğurlara sevinmişik, sonra isə, bəzən bir idən sonra, bəzən on ildən sonra, əvvəlki şadlığa peşman olmuşuq.

İstəyim odur ki, nəhənf məsrəf və şəhidlərin canı, qazilərin qanı və sağlamlığı hesabına əldə edilmiş qələbə öz uca mövqeyini daim qoruyub saxlasın.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Bunun üçün Azərbaycan özünün və digər siyasi oyunçuların keçmiş səhvlərini heç vaxt unutmayaraq elə siyasət yürütməlidir ki, qarşımıza çıxan hər yol ayrıcında xətasız və xətərsiz olan səmtə yönələk.

Bütün bu təcavüz, işğal və dünyanın aparıcı qüvvələrinin ədalətsiz və qərəzli münasibəti illərində Azərbaycanın pənah apardığı və sığındığı BEYNƏLXALQ HÜQUQ məfhumunu unutmamalıyıq.

Etiraz edib deyə bilərlər ki, beynəlxalq hüquq nisbi məfhumdur, dünyanın qüdrətli dövlətləri onu rahatca pozur və cəzasız qalır.

Cavab isə odur ki, Azərbaycan dünyanın qüdrətli dövləti deyil, biz güc toplayıb münasib fürsət arayırdıq, elə ki, belə fürsət düşdü, bizim tərəfimizdə olan həmin bu beynəlxalq hüquqdan istifadə etdik və qələbə qazandıq.

Rusiya çox istəyərdi ki, bu dəfə Azərbaycan beynəlxalq hüququ pozsun, zəifləmiş Ermənistanın Syunik-Zəngəzur vilayətini işğal etsin və Naxçıvana aparan “dəhliz” açsın. Hərbi cəhətdən bu, mümkündür. Lakin belə addım Azərbaycanı dərin bir tələyə sala bilər.

Bu səbəbdən, ağıllı siyasət yürüdüb həmin bu beynəlxalq hüququ pozmamalıyıq.
Ermənistan beynəlxalq hüququ pozub Rusiyanın və bizim bəzi daxili dağıdıcı qüvvələrin köməyi ilə Qarabağı işğal edə bilmişdi. Erməni tərəfi havadarlarına güvənib beynəlxalq hüququ addımbaşı pozurdu və bununla hətta fəxr edirdi. Qələbə onun başını gicəlləndirmişdi və ayağının altındakı yeri görmürdü. Görmürdü, görmək istəmirdi, büdrədi və dığırlanıb məğlubiyyət xəndəyinə düşdü. İndi çabalayıb fəryad çəkir, dadına çox dövlət çatmaq istəyir, fəqət beynəlxalq hüquq qoymur.

İndi Azərbaycanın da başının üstünü bir təhlükə kəsib. Bu təhlükənin adı müvəffəqiyyətdən başgicəllənmə və artıq tamahdır. Qarabağ müharibəsindəki qələbə o qədər parlaqdır ki, öyrəşməmiş gözləri qamaşdırır və püxtə olmayan beyinləri gicəlləndirir. Bəzilərinə elə gəlir ki, bundan sonra Azərbaycanın Araz aşığından, Kür topuğundandır.

Ermənistan da hesab edirdi ki, onun ordusu MDB-də ən qüdrətli və basılmazdır. Rusiya onu ötkəm və harın olmağa, beynəlxalq hüququ saya almamağa sövq edirdi. Həyat onun nə qədər yanıldığını sübut etdi. Allah heç kəsə belə qisməti göstərməsin.

Sentyabrın 19-da ordunun qazandığı qələbədən sonra Azərbaycan hakimiyyəti özünü təmkinli apardı və yad qüvvələrə irad üçün tutarlı bəhanə vermədi.
İndi siyasi oyunun növbəti mərhələsidir.

Rusiya çox istəyərdi ki, bu dəfə Azərbaycan beynəlxalq hüququ pozsun, zəifləmiş Ermənistanın Syunik-Zəngəzur vilayətini işğal etsin və Naxçıvana aparan “dəhliz” açsın. Hərbi cəhətdən bu, mümkündür. Lakin belə addım Azərbaycanı dərin bir tələyə sala bilər.

Əvvəla, Azərbaycan beynəlxalq hüququ pozmuş olar və dünənə qədər söykəndiyi möhkəm bir dayağını itirə bilər. ABŞ-n Bağdaddakı səfirinin xeyir-duası ilə dayaz Səddam Hüseynin Küveytə qarşı törətdiyi işğal və ilhaq cinayətinin cəzasını Azərbaycana da qarşı tətbiq edə bilər. Azərbaycanın neft-qaz xarici siyasətinə güvənənlər anlamırlar ki, illik 150 milyard kubmetr rus qazından imtina etmiş Avropaya Azərbaycanın illik 12 milyard kubmetr qazından imtina etmək çox asandır.

Qərb Azərbaycan oliqarxlarının sərvətini və mülklərini müsadirə edə bilər. Lakin bu ehtimal o qədər də gerçəkliyə yaxın deyil, zira belə addım atsa, Qərb sanki qızıl yumurta gətirən toyuğu kəsər. Zira müstəbidlərin üçüncü dünya ölkələrinin cahil xalqlarından talan etdikləri sərvət Qərb banklarında və Qərb şirkətlərinin səhmlərində gizlədildikdə, Qərbin can verən kapitalist iqtisadiyyatına sanki oksigen verilir və cahil xalqlardan talanan sərvət Qərbə böyük xeyir gətirir. Odur ki, dünyanın bütün müstəbidləri bütövlükdə demokratik Qərbin donorları kimi çıxış edirlər və bu müstəbidləri tənqid edən Qərb siyasiləri əslində cahil xalqların gözlərindən qalın bir yalan pərdəsi asırlar.

Ehtimal etsək ki, möcüzə baş verəcək və Qərb Azərbaycana qarşı cəza tətbiq etməyəcək, sadəcə “dərin narahatlıq”la kifayətlənəcək, bu halda da bölgə növbəti 30 il Rusiyanın “ayır-buyur” siyasətinin qurbanı olaraq leşə çevrilən mürtəce dövlətin təsir dairəsində qalacaq.

Nə üçün mən Rusiyanın Azərbaycanı səhv siyasi addım atmağa təhrik edəcəyindən narahatam? Milli media indi çırmanıb lap elə Yerevan küçə və meydanlarında Nikol Paşinyanı devirməyə çalışan Köçəryan-Sarqsyan tərəfdarları kimi Ermənistanın Baş nazirini təhqir edib aşağılamaqla məşğuldur, hərçənd ki, Paşinyanın Ermənistana rəhbərliyinin Azərbaycana gətirdiyi xeyir göz önündədir. Bilərək ki, milli mediamızın 99%-ni Prezident Administrasiyası bilavasitə idarə edir, Nikol Paşinyana qarşı aparılan bu əbləh kampaniyanın arxasında yuxarıdan gələn göstərişin durduğuna əsla şübhə etmirəm.  Və burada belə bir sual yaranır:

1.PA bilir ki, bizim medianın hücumları öz ali məqamında mıx kimi oturan Paşinyanı əsla dəbərdə bilməyəcək, buna görə Rusiyaya xoş gəlmək üçün Simonyan-Solovyov cütlüyü ilə belə səpgidə “həmrəylik” nümayiş etdirir.

2.PA həqiqətən Paşinyanın devrilməsini istəyir və bu zaman fikirləşir ki, “Eyb etməz, 30 il Ermənistan Rusiyaya köləlik edib guya ki, fayda gördü, indi də Azərbaycan Rusiyanın əmri ilə hərəkət edib öz faydasını götürsün”.

Məncə, Rusiya indi elə halətdədir ki, öz xeyrini anlayan istənilən dövlət gərək ondan uzaq dursun.

Azərbaycana, strateji səviyyədə düşünsək, indi yalnız səmərəli işləyən, əhaliyə işləyib-qazanmaq imkanı yaradan dövlət cihazını qurmaq lazımdır.

Qaldı Zəngəzur yoluna, onun tikilməsi və açılması labüddür. İlin sonuna qədər sülh müqaviləsi imzalanacaq. Ermənistan Azərbaycanla və Türkiyə ilə münasibətlərini təbii məcraya salacaq. Avropa İttifaqı Ermənistana lazımi məbləği ayıracaq. Bundan sonra dəmir və şosse yolları çəkilməyə başlayacaq.

Hələ üstəlik, ola bilsin, Arazın sağ sahili boyunca İran ərazisindən də dəmir yolu çəkilməyə başlayacaq.

Bu zaman Azərbaycanın yüklərini və sərnişinlərin sənədlərini kim yoxlayacaq məsələsinin bizə dəxli yoxdur. İstər erməni sərhədçiləri, istərsə də rus sərhədçiləri, bunu iki qonşu dövlət bizsiz də həll edə bilər.

Ana səhifəMənim FikrimcəYol ayrıcında