close

Qaytarın açarları

Siyasi tribuna. Foto: Niyazz/shutterstock

Rövşən Hacıbəyli

Ədalət Vəliyevin partiya təsərrüfatının islahat kursuna qurban getməkliyi

Etiraf etmək gərəkdir: Ədalət Vəliyevin Mədəniyyət və Turizm Nazirliyindən Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri vəzifəsinə gətirilməsi ölkənin siyasi həyatında canlanma yaratdı. Həmişə tənqid etməyi sevənləri, bu işindən zövq alanları boş verin, onlar İlham Əliyevin kadr siyasətini də bəyənmir.

Guya Əlinin papağını Vəlinin başına, Vəlinin papağını da Əlinin başına qoyur. Ola bilsin, hərdənbir belə hallar da baş versin, ancaq konkret misallarla aparılan siyasətə qiymət vermək gərəkdir.

Rövşən Hacıbəyli
Mənbə: Meydan TV

Ədalət Vəliyev indiki vəzifəsinə (PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri) 2019-cu ilin 29 noyabrında gətirilib. Həmid Herisçi bu tarixlərə daha yaxşı qiymət və izah verə bilər, bu təyinat tarixində iki 2, iki 9 var. Yox, mistika bizlik deyil…

Vəzifəyə gətirilənlərin heç də hamısı özünü doğrultmur, elə Ədalət Vəliyevin vaxtilə çalışdığı Mədəniyyət Nazirliyini götürək, son 5 ildə 3 nazir dəyişib. Görünür, yerində olmayıblar, yoxsa niyə dəyişsinlər ki?! İlham Əliyev özü 20 ildir prezidentdir, düzdür, seçkilər olub, ancaq yerində qalıb, yəni onu kimsə dəyişmək istəməyib; istər xalq, istərsə də rəqibləri. Bundan sonra seçkisiz də yola vermək olar, nəticəsi bəlli olan seçki artıq xərcdir…

Mətləbdən yayınmayaq. Ədalət müəllim vəzifəyə gələndən sözün həqiqi mənasında qollarını çırmayıb işə girişib. Açığı, onun şöbəsində nə qədər adamın işlədiyini bilmirəm, ancaq görünən odur ki, hər kəs ürəkdən çalışıb. Bir sirr açım. İndiyə qədər hansısa məmurun vəzifəyə gəlməsinin 100 günü demirəm, heç olmasa ilində hesabat verdiyini görmüsünüzmü?

Zəhmət çəkməyin, xatırlamayacaqsız, heç İlham Əliyev də 20 illik prezidentliyinin (4 seçki) 100 günündə hesabat verdimi? Yox, verməyib. Ancaq Ədalət müəllim PA-da şöbə müdiri olmağının 100-cü günündə 29 noyabr 2020-ci ildə hesabat verib, özü də Azərtac-a, rəsmi dövlət qurumuna.

“Azərbaycan Prezidentinin tapşırığı ilə şöbənin rəhbərliyi cari il (2020) fevralın 17-dən martın 12-dək 55 siyasi partiyanın fəaliyyətdə olan 43 sədrindən 38-i ilə, eləcə də bir çox tanınmış siyasi xadimlə görüşlər keçirmişdir. Sonralar da görüşlər davam etdirilmiş, artıq real fəaliyyətdə olan 52 partiyadan 51-nin rəhbəri ilə təkrar görüşlər keçirilmişdir”.

Böyük uğurdur. Bir aydan da az müddətdə 55 siyasi partiyanın fəaliyyətdə olan 43 sədrini tapmağı asan saymayın. O partiyaların çoxunun sədri belə bir partiyası olmasını çoxdan unutmuşdu. Ancaq Ədalət müəllim işində ardıcıl, istəyində israrlı idi, onları və partiyalarını axtarıb tapdı. Sonradan 52 partiyadan 51-nin sədri ilə görüşdü. Görünür, siyahıda olan 55 partiyadan 3-ü ilə bağlı heç bir bilgi ala bilməyiblər; nə sədri tapıblar, nə də partiyanı. Həyatda hər şey olur. 2020-ci ildə Azıx mağarasını ermənilərdən almağımızın da kökündə axtarış istəklərimiz dayanırdı, ancaq o 3 partiya orda da yox idi…

Bir müsbət məqam da var: uzun axtarışlardan sonra tapılan partiyalar və onların sədrləri ilə görüşlərdə zaman məhdudiyyəti yox idi. Doğru addım, düşünülmüş siyasət, çox gözəl gediş idi. Məsələn, Azərbaycan Naminə Alyans Partiyasını və onun sədri Abutalıb Səmədovu uzun illərdən sonra tapıb qısa görüş keçirmək heç kimə başucalığı gətirməzdi. Azərbaycan Tərəqqi Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Müstəqil Xalq Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Yeni Yol Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası və s. Bu partiyaların sədrləri ilə necə qısa görüş keçirmək olar? Düzdür, sədrlərin adlarını xatırlamıram, ancaq maraqlananlar PA-nın məlum şöbəsindən adları əldə edə bilər.

Obrazlı desək, ölkədə gedən quruculuq işləri, islahat kursu, nəhayət ki, partiya təsərrüfatına da çatmışdır

Zaman-zaman keçirilən görüşlərlə bağlı verilən açıqlamalardan bəlli oldu ki, bu görüşlər təkcə sədrlərlə məhdudlaşmayıb, Ədalət müəllim onların ailə üzvlərinin də problemləriylə maraqlanıb, kiminə iş verilib (işi yanlış anlamayın), kiminin müalicə xərclərinə yardım edilib, şübhəsizdir ki, sədrləri də naümid qaytarmayıblar.

Sonrakı günlərdə axtarılıb tapılan partiyalara heç də xoş olmayan bir məkanda, vaxtilə “Lider TV”-nin yerləşdiyi binada, ofis verdilər, daha doğrusu, ofisin açarlarını. Ora hansı partiyanın sədrinin, ya üzvlərinin gəlib-getməsindən xəbərsizik…

Proseslər çox sürətli gedirdi, heç prezident də Ədalət müəllimə demədi ki, “bəlkə, bir az yavaşlayasınız”. Çünki partiyalar və onların sədrləri tapılandan, bəziləri ofislə təmin ediləndən sonra “Siyasi partiyalar haqqında” qanunu dəyişdilər. Sanki bu partiyaları qanunu dəyişmək üçün axtarıb tapmışdılar. Bu dəyişiklik nəticəsində hələlik 29 siyasi partiya (axtarılıb tapılan) özünü buraxıb. Çox təəssüf, bu özünüburaxma o anlama gəlir ki, onlar ofislərin açarlarını da qaytarmalıdır. Ümid edək ki, bu iki il ərzində həmin partiya sədrlərinin şəxsi, ailə problemlərinə çəkilən xərclər qaytarılmayacaq.

Ədalət müəllimin 1 illik hesabatından aşağıdakı sitat bunu deməyə əsas verir:
Şöbə üçün son bir ilin ən mühüm yekunu isə bundan ibarətdir ki, dövlətimizin başçısının qarşıya qoyduğu tapşırıqların icrası nəticəsində Azərbaycanın siyasi həyatı daha konstruktiv dinamikaya köklənmiş, yersiz qarşıdurma, siyasi ittiham, inciklik, süni hüquqi maneələrlə bu və ya digər siyasi xadimlərin və qüvvələrin marginallaşdırılması, partiyalar, siyasi qüvvələrarası ifrat qütbləşmə, bir-birini qəbul etməmək, ayrı-ayrı şəxslərə, bəzən şübhəli dairələrə xidmət etmək, sifariş əsasında hansısa qurumları hədəfə gətirmək kimi olduqca mənfi meyillər, demək olar ki, aradan qaldırılmışdır. Obrazlı desək, ölkədə gedən quruculuq işləri, islahat kursu, nəhayət ki, partiya təsərrüfatına da çatmışdır”.

Heyran olmamaq mümkün deyil!..

Ana səhifəMənim FikrimcəQaytarın açarları