close

Qaraguruh kimə işləyir?

Fələstini müdafiə aksiyası. Foto: Koca Vehbi/shutterstock

Zərdüşt Əlizadə

Əgər kimsə desə ki, bəşəriyyət tərəqqi yolu ilə yaxşıya doğru dəyişib, buna şəkk etməyə ciddi əsas var

Ağıllı və məkrli düşmən daxildə də, xaricdə də ictimai rəyi nəzərə alır, onu öz xeyrinə dəyişməyə çalışır, hərəkətlərini və informasiya siyasətini elə qurur ki, özünü yaxşı, düşməni pis təqdim etsin. İnformasiya siyasətinin vacib ünsürlərindən biri düşməni insanlıqdan və mədəniyyətdən xali vücud kimi göstərməkdir.

Ağıllı və məkrli düşmənə rəqibini insanlıq və mədəniyyətdən uzaq vəhşi vücud kimi göstərməsi, ictimai rəyi buna inandırması üçün çox xeyirdir ki, onun öz rəqibi barədə böyük məharətlə altdan-altdan daim sözlə təbliğ etdiyi, ustalıqla beyinlərə yeritdiyi bu fikri həmin bu rəqibi, azı onun nümayəndələri, hamının gözü önündə hansısa alçaq, yırtıcı, heç bir insanlıq meyarı ilə bir araya sığmayan əməli ilə sübut etsin.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Sov.İKP MK-nın rəhbərlərinin göstərişi ilə Cənubi Qafqaz böyük tonqala çevrilməli, orada milli münaqişə ocaqları qalanmalıydı: gürcü-abxaz, gürcü-osetin, gürcü-azərbaycanlı, azərbaycanlı-erməni, azərbaycanlı-avar, azərbaycanlı-talış, azərbaycanlı-ləzgi… Sovet DTK-sı bu yanar ocaqları qalamaq üçün əsrlər boyu sınaqdan çıxmış fəndləri işə saldı, 65 il təşviq edilmiş beynəlmiləlçilik və mehriban qonşuluq ənənəsinin rişələrini qoparmağa başladı. Üç yerdə buna müvəffəq oldu, Gürcüstanda iki, Azərbaycanda bir münaqişə ocağı qalaya bildi.

Qalan cəhdləri boşa çıxdı, etnik azlığın və çoxluğun ağlı və fərasəti çatdı ki, məkrli düşmənin nəqşəsini poza bilsin.

Ədavət maşınını işə salmaq üçün hər iki tərəf qarşılıqlı vəhşilik törətməli idi. Münaqişə dirijorunun məharəti onda idi ki, himayə etdiyi tərəfin vəhşiliyini əks tərəf görə və bilə bilsin, lakin bu vəhşilik külli-cahana məlum olmasın. 1980-cı illərdə belə fənd mümkün idi, İnternet və sosial şəbəkələr yox idi və informasiya axınlarını dövlət özü sərt tərzdə idarə edirdi.

Beləliklə, Ermənistanda bədbəxt sadə azərbaycanlılara qarşı əyalətlərdə coxsaylı vəhşiliklər törəndi, dünya bundan xəbər tuta bilmədi, hətta erməni cəmiyyətinin əksəriyyəti bixəbər qaldı, fəqət təcavüz qurbanlarının Azərbaycana gəlişinə və şikayətlərini öz həmvətənlərinə çatdırmasına heç kim mane olmadı. Erməni tərəfinin bu əməllərindən qəzəblənmiş bəsit təfəkkürlü insanların etnik əsasda eyni hərəkətləri erməni əsilli qonşularına qarşı törətmələri üçün heç bir qanuni qadağadan istifadə edilmədi, buna maneə yaradılmadı, əksinə, buna müəyyən həddə qədər rəvac verildi. Azərbaycandakı bu vəhşilikləri o zaman hədsiz qıt olan videokameralarla çəkib operativ tərzdə bütün dünyaya nümayiş etdirdilər. “Vəhşi qəddar azərbaycanlı” və “məsum yazıq erməni” surətlərinin yaradılması texnologiyası işə düşdü.

Ağıllı və məkrli düşmənə xalqımıza qarşı bu bədniyyətli nəqşəni həyata keçirmək işində yerli satqın və ya sadəcə heyvərə xislətli insanlar çox böyük fayda verdilər. Hər bir xalqın içində qaragüruh mövcuddur, sadəcə hakimiyyət istəməsə, bu qaragüruh müti qalır, çünki hər an hakimiyyətdən qapaz enəcəyini çox gözəl bilir və bundan çəkinir. Lakin elə ki, hakimiyyət qaragüruhun ipini boşaldır, bu qapazaltı qaragüruh qudurur, kükrəyib şahə qalxır və öz heyvərə mahiyyətini göstərir.

Avam kütləni qızışdırmaq işini Moskvadan ezam edilmiş DTK peşəkarları başlamışdı, sadə dildə deyildiyi kimi, “motoru xodlamışdılar”, sonra isə dispetçerlər ehmallıca kənara çəkildilər, xalqımıza qarşı törənən qalan qara işləri cəzasızlıq şəraitini duyub öz vəhşi heyvərəlik hisslərinin cilovunu buraxmış yerli dəstəbaşılarının rəhbərliyi ilə qara kütlə özü gördü.

Azərbaycanın şəninə qara ləkə vurmuş Sumqayıt, Kirovabad (indiki Gəncə) və Bakı talanlarının mexanizmi beləcə işlədilmişdi.

Sonra isə ağıllı və məkrli düşmən 18 günlük “Dirçəliş” mitinqində “turbina”da qaldırılmış “Əhmədova azadlıq” şüarını hamıya göstərib “bu xalq vəhşidir” dedi. Bilməyənlər bilsin ki, Əhmədov Sumqayıt talanı zamanı iki dinc erməni sakinini öldürdüyünə görə güllələnməyə məhkum edilmiş qatil idi. Xalqımız “azadlıq aşiqinin” rəhbərliyi altında “dirçəlib” qatilə azadlıq tələb edirdi.

Yəhudi başbilənləri bu düyünün açılış fəndini tapdılar. Məqsəd heç cür ipə-sapa yatmayan fələstinli ərəbləri bilmərrə Ğəzzadan (Qəzza) Sinaya köçürməkdir. Bu əməliyyatı həyata keçirmək üçün ciddi bəhanə lazım idi. Bəhanəni HƏMAS verməli idi.

Erməni-azərbaycanlı münaqişəsinin qızışdırılması əməliyyatı uğur faizinə görə dünyanın bütün xüsusi xidmət qurumlarının tədris müəssisələrində dərsliyə düşəsi nümunədir. Bu əməliyyat sonradan ifşa edilməmiş yerli gizli xəfiyyələrdən istifadə əmsalı hədsiz yüksək olduğuna görə də həmçinin nümunəvi sayıla bilər.

O zaman bu münaqişə Rusiyaya bu şəkildə əl verirdi, gün keçdi, il dolandı, zəmanə dəyişdi və Rusiya qərara gəldi ki, valı o biri üzünə çevirsin, Cənubi Qafqaz bölgəsində fərqli havalar çaldırsın. Hansıları ki, hamımız indi eşidirik.

65 ildir Fələstin müşkülü Yaxın Şərqi öz düyünündə boğub sıxır. Vaxtilə bu düyündən həm SSRİ, həm Qərb fayda götürürdü, sonra SSRİ dağıldı və tək ABŞ qaldı, heç cür bu düyünü açmağa izn vermədi.

Yəhudi başbilənləri bu düyünün açılış fəndini tapdılar. Məqsəd heç cür ipə-sapa yatmayan fələstinli ərəbləri bilmərrə Ğəzzadan (Qəzza) Sinaya köçürməkdir. Bu əməliyyatı həyata keçirmək üçün ciddi bəhanə lazım idi. Bəhanəni HƏMAS verməli idi.

Yenə dünyanın xüsusi xidmət qurumlarının dərsliklərində təsvir edilmiş fəndlər işə düşdü. Oktyabr ayının 7-də dünyada misli-bərabəri olmayan mükəmməl qoruyucu elektron keşik sistemləri Ğəzza ətrafında lapdan kar və kor oldular, HƏMAS döyüşçüləri, onların ardınca isə fələstinli qaragüruh hasardan kənara çıxıb yəhudi hərbçilərinə və dinc əhaliyə hücum etdi. 40 il qəfəsdə bağlı saxlanılmış və qəzəbdən-kindən qaynayıb-daşan qaragüruh öz heyvərəliyini bu bir gün ərzində açıb ortaya qoydu. Hamısını da videoya çəkib paylaşdı, onun paylaşmadığını yəhudu kəşfiyyatı əsir və meyidlərin telefonundan götürüb bütün dünyaya göstərdi: baxın, bu vəhşi və yırtıcı insanlar mərhəmətə layiqdirlərmi?

İndi dünyanın bir çox ölkəsində İsrailin Ğəzzanı bombalayaraq dinc əhalini qırması pislənilir. İsraili müdafiə edənlər soruşurlar: ikinci cahan müharibəsi zamanı Drezdeni bombalayıb 30 min dinc sakini öldürmüş amerikan-ingilis aviasiyası hansı humanist meyarlara riayət edirdi? Berlinə hücum edən sovet qoşunları dinc əhalinin hayına qalırdımı? Hirosima və Naqasakiyə atom bombası atmış ABŞ dinc əhalini düşünürdümü?

İsrail-HƏMAS qarşıdurmasına münasibətdə cəmiyyətimizdə fərqli mövqelər mövcuddur. Bir qisim vətəndaşımız beynəlxalq hüquqa və insanpərvərliyə istinad edib dinc fələstinlilərin kütləvi qırğınını qınayır, bir qisim vətəndaşımız, hansıları ki, mən mərhum Hacı Əbdülün dili ilə “sionist-yəhudi qərdeşlərimiz” adlandırardım, fələstinlilərin qırğınını alqışlayır.

Əgər kimsə desə ki, bəşəriyyət tərəqqi yolu ilə yaxşıya doğru dəyişib, buna şəkk etməyə ciddi əsas var. Fələstində indi cərəyan edən hadisələr ta binayi-qədimdən dövran etmiş əvvəlkilərdən əsla fərqlənmir, sadəcə silahlar daha mükəmməl və qeyri-insanidir. Ox və qılınc bir adamı öldürə bilirdisə, bomba indi bir dəfəyə yüz adamı öldürə bilir.

Adi, sıravi insana nə qalır? Ondan nə asılıdır? Nə etməli?
Məncə, Allahdan insana verilmiş yeganə üstünlükdən istifadə: düşünmək.

Ana səhifəMənim FikrimcəQaraguruh kimə işləyir?