close

Şaxta baba gəlmədi

Şaxta baba. Foto: vectorfusionart/shutterstock

Zərdüşt Əlizadə

Ürəyimdə özüm-özümlə mərc də bağlamışdım ki, ayə, görəsən romantik avamam ya uzaqgörən bilici

Bu qoca yaşımda belə insanların şərə deyil, xeyrə xidmət etmək niyyətinə olan romantik ümidimdən heç cür əl çəkə bilmirəm.

Keçən ilin son günlərində həm Ermənistanda, həm Azərbaycanda yüksək vəzifəli məmurlar, məsələn, Ermənistan parlamentinin sədri Alen Simonyan və Azərbaycanın prezident aparatında xarici məsələlərə məsul şöbənin müdiri Hikmət Hacıyev bəyan etdilər ki, sülh sazişi demək olar ki, hazırdır və yaxın vaxtlarda imzalana bilər.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Məne-biçarə də öz köhnə romantik şakərimə uyub ən yaxın dostlarıma dedim ki, çox güman İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və erməni xalqlarına Yeni İl hədiyyəsi kimi dekabrın 31-də sülh sazişini imzalayacaqlar. Özü də bütün dünyaya iki xalqın həqiqi müstəqilliyinin nümayişi kimi bu sazişi heç bir xarici dövlətin təmsilçiliyi və iştirakı olmadan Azərbaycan-Ermənistan sərhəddində, bir neçə vaxt bundan əvvəl əsirlərin mübadiləsinin keçirildiyi yerdə imzalayacaqlar. İmzalanma mərasimi üçün münasib şərait yaratmaq məqsədilə həmin yerdə Şuşanın Cıdır düzündə olduğu kimi, yekə bir çadır qurulacaq, yalnız erməni və azəri  məmurların və jurnalistlərin iştirakı ilə təntənəli imzalanma və birgə mətbuat konfransı keçiriləcək.

Xəyalımda bu mərasim səhnəsini canlandırırdım və təsəvvürümə gətirirdim ki, bu gözlənilməz birgə addım ilə iki dövlət başçısı bütün dünyada necə bir informasiya qasırğası qopara biləcəklər. Əmin idim ki, azəri və erməni jurnalistlərinin çəkdiyi və media aləminə ötürdüyü çarxlar Yeni İl ərəfəsində dünyanın bütün informasiya proqramlarında Santa Klausu və Şaxta Babanı kölgədə qoyacaq, 1 nömrəli sensasion xəbərə çevrilib müharibə və qırğınlardan cana doymuş bəşəriyyətin qəlbində xoş ümid və nikbinlik oyadacaq.

Ürəyimdə özüm-özümlə mərc də bağlamışdım ki, ayə, görəsən romantik avamam ya uzaqgörən bilici.

Həyat göstərdi ki, romantik avamam. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Bir daha məlum oldu ki, həqiqi siyasətçilər nə sülhü, nə bəşəriyyəti, nə də öz xalqlarını hərləmirlər. Onları yalnız və yalnız siyasi mənfəət maraqlandırır. Siyasi mənfəət isə indi hər iki dövlət başçısından tələb edir ki, danışıqları uzadıb qarşı tərəfə təzyiqi mümkün yuxarı həddə çatdırsın və hansısa güzəşti qoparsın. Azərbaycan tərəfi öz hərbi qələbəsinə, ordusunun gücünə, müttəfiqlərinin nüfuzuna güvənib təzyiqi artırır, Ermənistan tərəfi isə Cənubi Qafqazda erməni alətini itirmək istəməyən Qərb imperialist dövlətlərinin siyasi və psixoloji təzyiqinə bel bağlayır.

Gözgörəsi həqiqət isə ondan ibarətdir ki, sülh sazişi hələ imzalanmayıb, tərəflərin hərəsi öz oyununu aparır, mənim ümidlərim isə çilik-çilik oldu, Şaxta babanın Yeni İl sülh hədiyyəsini alammadım.

Danışıqlarda imzalanacaq sənəddə yazılmış mətn və onun maddələrindən savayı yazılmamış hansısa razılaşmalar və öhdəliklər də mövcuddur və ya mövcud ola bilər. Məsələn, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, biz bütün məqsədlərimizə çatmışıq və Ermənistandan yalnız bircə şeyi tələb edirik: Azərbaycanın beynəlxalq qanunlarla təsbit edilmiş hüquqlarını tam həcmdə tanısın və onlara hörmət etsin.

Ermənistan tərəfi isə deyir ki, biz Qarabağ səhifəsini çevirmişik, anklav kəndlərin mövcudluğunu etiraf etmişik və demişik ki, bütün mübahisəli məsələləri delimitasiya və nəqliyyat komissiyalarının işi zamanı müzakirə və həll etməyə hazırıq. Bizdən dəxi bundan artıq nə istəyirsiniz?

Lakin bəzi mənbələr ehtimal edir ki, Azərbaycan və onun arxasında duran Türkiyə tələb edirlər ki, dünya ermənilərinin daima qaldırdığı “soyqırımın tanınması” iddiasını Ermənistan bundan sonra dəstəkləməsin. Ermənistan isə cavab verir ki, Ermənistan Respublikası heç vaxt heç bir beynəlxalq qurumda “soyqırımın tanınması” tələbini rəsmən qaldırmayıb, bu məsələni 1915-ci ildə yurdundan sürgün edilmiş və dünyaya səpələnmiş ermənilərin xələfləri edir, Ermənistan isə onların hərəkətlərinə görə məsuliyyət daşıya bilməz.

Azərbaycan erməni tərəfindən guya tələb edir ki, bizə qarşı məhkəmə iddiaları qaldırmaqdan və beynəlxalq səhnədə bizi gözdən salan təbliğatdan əl çəksin, Ermənistan isə cavab verir ki, ağlınız özünüzə getməsin, bizdə demokratiyadır, bizdə hökumət əmr verib cəmiyyətin ağzını yuma bilməz.
Və sairə və ilaxıra, bu kimi dilxoşluqlar.

Mənbələr erməniləri və türkləri ayıran və küsdürən digər mübahisəli məsələlərin də masa üzərində olduğunu deyir, lakin bu barədə ehtimaldan savayı heç nə yoxdur deyə sizin həqir bəndəniz sülh sazişinin böylə ləngidilməsinin səbəbini anlaya bilmir. Çox ola bilər ki, İlham Əliyev sülh sazişinin minnətini Putinə, Nikol Paşinyan Baydenə və Makrona ərməğan etmək istəyir. Lakin bu da təsdiqini tapmamış bir fərziyyədir.                                                                

Gözgörəsi həqiqət isə ondan ibarətdir ki, sülh sazişi hələ imzalanmayıb, tərəflərin hərəsi öz oyununu aparır, mənim ümidlərim isə çilik-çilik oldu, Şaxta babanın Yeni İl sülh hədiyyəsini alammadım.

Ana səhifəMənim FikrimcəŞaxta baba gəlmədi