Mirqədirov: “Bu qərar Azərbaycanın nə xeyrinə, nə də ziyanınadır”
Oktyabrın 26-da Ermənistan hökuməti Qarabağdan olan məcburi köçkünlərə qaçqın statusu verilməsi barədə qərar qəbul edib.
Ancaq noyabrın 2-də Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk edən ermənilərə ölkə vətəndaşlığının verilməsini tezləşdirməyi tapşırıb.
Baş nazir deyib ki, bir çox şəxslər vətəndaşlığın alınması üçün müraciət edir və dövlət orqanlarının vəzifəsi bütün prosedurlara uyğun olaraq onlara yardım göstərməkdir.
Ermənistanın konstitusiya hüququ üzrə eksperti Vardan Ayvazyan isə qaçqın statusunun Qarabağ sakinlərinin Ermənistandan getməsini stimullaşdırdığını bildirib.
O, bunun ölkə maraqlarına uyğun olmadığını vurğulayıb:
“Yüksək həyat səviyyəsi olan ölkələrdəki qaçqınlar imtiyazlardan istifadə edirlər. Belə bir qərar Ermənistana gələn Qarabağ sakinlərinin kütləvi axınına səbəb ola bilər ki, bu da ölkə üçün arzuolunmazdır”.
Ekspertin fikrincə, Qarabağdan olan məcburi köçkünlərə qaçqın statusunun verilməsinin yeganə üstünlüyü ondan ibarətdir ki, onlar sonradan itirdikləri əmlaka görə kompensasiya tələb edəcək, ya da geri qayıdıb öz əmlaklarına sərəncam verə biləcəklər.
Paşinyanın Qarabağdan Ermənistana köç edənlərə vətəndaşlıq verilməsi bir sıra suallar doğurur.
Yəni belə tezliklə bu göstərişdə məqsəd nədir? İkincisi, Azərbaycana bu vəziyyət sərf edirmi?
Siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-yə deyib ki, Ermənistanın Baş naziri bir qədər siyasi riyakarlıq edir:
“Ona görə ki Qarabağda yaşayanların əksəriyyərində onsuz da Ermənistan pasportu var. Səbəb də o idi ki, separatçı qurumun sənədləri dünyada tanınmadığından onlar xaricə səfərlərini yalnız Ermənistan pasportuyla həyata keçirə bilərdilər. Amma eyni zamanda Qarabağ erməniləri Azərbaycan vətəndaşı olduqlarından onların qaçqın statusu var”.
“Əgər Qarabağ erməniləri Ermənistan vətəndaşlığı alıb bütün seçkilərə qatılarlarsa, qaçqın statusunu itirəcəklər. Necə ki ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycan Ermənistandan gələnlərə vətəndaşlıq verməklə onların qaçqın statusu itirildi, çünki bu adamlar ölkədaxili seçkilərə qatıldılar. Qaçqınlarla məcburi köçkünlərin fərqi odur ki, onlar bir ölkədən digərinə məcburən köç edirlərsə, ikincilər də oxşar səbəblərdən ölkə daxilində yerlərini dəyişirlər”, – deyə o bildirib.
Mirqədirovun sözlərinə görə, Qarabağdan olanlara vətəndaşlıq verilməsi, formal olaraq onların qaçqınlıq məsələsini gündəlikdən çıxaracaq:
“Amma bu qərar prinsip etibarı ilə Azərbaycanın nə xeyrinə, nə də ziyanınadır. Sadəcə, siyasi hadisə kimi gündəlikdə qalmasa da, hüquqi hadisə olaraq mübahsiələr yaradacaq, çünki onlar əmlakları ilə bağlı məhkəmələrə müraciət edə bilərlər. İkincisi, onların daimi yaşayış yerlərinə qayıtmaq məsələsi var. Bu, bir qədər çətinləşə bilər. Əslində, Paşinyanın bu qərarı onun köçkünlərin gələcəkdə keçmiş yerlərinə qayıtmaq istəməsinə inanmadığının göstəricisidir”.
Siyasi araşdırmaçı Əhməd Əlili ötən həftə Meydan TV-yə müsahibəsində demişdi ki, Qarabağ erməniləri Avropa ölkələrinə getmək istəyir, bu istiqamətdə də onlar özlərinə müəyyən qaçqın statusu tələb edirlər.
Onun fikrincə, texniki olaraq bunu vermək mümkün deyil:
“Çünki onlar Ermənistan ərazisindədirlər və bu ölkənin pasportunu daşıyırlar. Yəni onlara qaçqın statusu çox çətin verilə bilər. Sadəcə, xarici mediada onların qayğıları haqda çox yazılıb. Buna görə hesab edirlər ki, qaçqın statusunu alıb asan şəkildə Avropaya gedə biləcəklər. Nəzərə alın ki, hazırda Avropada çox ciddi miqrant böhranı olduğundan əlavə yük heç cür lazım deyil. İndi sual yaranır, onlar nə zaman geri qayıda biləcəklər”.
Ermənistan hökumətinin rəsmi məlumatına görə Qarabağdan Ermənistana 105 min civarında adam köç edib.