close

Rusiya ilə Ukrayna həftəsonu döyüşlər barədə fərqli açıqlama yayıb

Rusiya-Ukrayna müharibəsi. Foto: Gokhan Y/shutterstock

Hər iki tərəf qarşı tərəfi dəf etdiyini deyir

Rusiya və Ukrayna Zaporojye cəbhəsi ilə bağlı fərqli açıqlamalar verir.
Həftəsonu bu bölgədə döyüşlər gedib. Rusiya Ukraynanın əks-hücumunu dayandırdığını, Kiyev isə təzyiqi davam etdirdiyini bildirib.

Ukrayna iyundan bəri əks hücuma başlayıb. Həmin vaxtda cənub-şərqi Zaporojye bölgəsindəki bir neçə kiçik kəndi geri alıb.

Ekspertlər hesab edirlər ki, irəliləyiş cüzidir və Ukraynanın şərqində və cənubunda açılmış geniş cəbhə xətti ötən il ərzində çox az dəyişib.

Ukraynanın əks-hücumları tamamilə dayandırıldı”, – Zaporojye vilayətindəki Moskvanın təyin etdiyi məmur Yevgeni Balitski noyabrın 6-da verdiyi açıqlamada deyib.
Bildirib ki, Robotyne kəndi yaxınlığında və təxminən 22 km şimal-qərbdə yerləşən Şerbakı kəndi yaxınlığında kiçik döyüşlər davam edir.

“Reuters” yazır ki, hər iki tərəf döyüşlərlə bağlı məlumatların yayılmasına ciddi nəzarət edir. Odur ki, kiçik torpaq sahələri ilə bağlı açıqlanan uğur iddiasında kimin həqiqətən daha çox irəliləyiş əldə etdiyini müəyyən etmək çətindir. Həmçinin, döyüşlərin nə qədər şiddətli olduğunu da bilmək müşkülə çevrilib.

Ukraynanın Baş Qərargahı noyabrın 5-də bildirib ki, Rusiya qüvvələri ondan bir neçə km şərqdə yerləşən Robotyne və Verbove kəndi yaxınlığında bir neçə uğursuz hücum həyata keçirib.

Rusiya Müdafiə Nazirliyi isə noyabrın 5-dəki gündəlik brifinqində bildirib ki, Rusiya qüvvələri Ukraynanın Verbove və Robotyne yaxınlığındakı hücumlarını dəf edib.

Vaşinqtonda yerləşən Müharibənin Tədqiqi İnstitutunun analitikləri Ukraynanın “Verbove qərbində məhdud irəliləyişlər əldə etdiyini” – açıqlayıblar.

Ukraynanın Baş Qərargahı həmçinin, bildirib ki, Ukrayna qüvvələri Melitopol istiqamətində, Qərbi Zaporojye bölgəsində hücum əməliyyatlarını davam etdirərək, orada “düşməni bütün cəbhəboyu tükəndirib”.

Rusiya həftəsonu hava hücumundan müdafiə qüvvələrinin Ukrayna hava hücumlarını dəf etdiyini bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski həftəsonu, baş komandan general Valeri Zalujninin münaqişənin statik və köhnəlmiş döyüşə doğru getdiyini deməsindən sonra Rusiya ilə müharibənin “dalana dirənmiş” olduğu iddiasını təkzib edib.

Hərbi ekspertlər düşünür ki, Ukraynanın iyunda başladığı əks-hücum Rusiya ordusunun güclü müdafiə istehkamlarına dirənib, ləng gedir. Qarşıdansa yağışlı-şaxtalı qış gəlir. Əks-hücum əməliyyatının ağır şəraitdə daha ləng gedəcəyi proqnozlaşdırılır.

Ana səhifəDünyaRusiya ilə Ukrayna həftəsonu döyüşlər barədə fərqli açıqlama yayıb