close

Taker Karlson vədinə əməl etməyib: Putindən nə Buça, nə Mariupol, nə də Navalnı haqqında soruşub

Foto: Meydan TV

Putin: “Hazırda baş verənlər hansısa mənada vətəndaş müharibəsinin elementidir”

Amerikanın tanınmış televiziya aparıcılarından biri fevralın 9-na keçən gecə “X” (keçmiş “Twitter”) hesabında Rusiya Prezidenti Vladimir Putindən götürdüyü müsahibəsini dərc edib. “Meduza” yazır ki, jurnalist bu söhbət üçün xüsusi olaraq Moskvaya uçub – onu Kremldə qarşılayıblar, Rusiya təbliğatı jurnalistin hər addımını sənədləşdirib.

“Meduza” vurğulayır ki, Karlson ABŞ vətəndaşlarında Ukraynadakı müharibə ilə bağlı gerçək təsvir yaratmaq üçün Putinə kəskin suallar verəcəyini vəd edib:

“Putin jurnalistə oxuduğu mühazirədə Rusiya və Ukrayna tarixi ilə bağlı öz versiyasını dilə gətirib, yerdə qalan mövzulara isə artıq hamıya məlum olan standart cavablar verib. Karlson isə, məsələn, Mariupol və Buçada törədilmiş hərbi cinayətlər barədə heç nə soruşmayıb”, – sayt yazır.

“Meduza” Putinlə müsahibədən əsas sitatları yığıb.

Ukraynanın “denasifikasiyası” haqda

–     Biz hələ Ukraynada öz məqsədlərimizə çatmamışıq, çünki məqsədlərdən biri denasifikasiyadır. Söhbət istənilən neonasist hərəkatının qadağan olunmasından gedir. Bu nəzəriyyəni və praktikanı həyatda qoruyub-saxlamağa cəhd edən insanlardan qurtulmaq lazımdır, – denasifikasiya, bax, budur. Bilirsiniz, sizə nə qədər qəribə görünsə də, İstanbulda baş tutmuş danışıqlar zamanı biz, hər şeyə rəğmən, Ukraynada neonasizmin yayılmayacağı, o cümlədən qanunverici səviyyədə qadağan olunacağı barədə razılığa gəldik. Sən demə, bunu danışıqlar prosesi zamanı etmək olarmış. Və müasir sivil dövlət kimi Ukrayna üçün burada alçaldıcı heç nə yoxdur. Məgər hər hansı bir dövlət nasistləri təbliğ edə bilərmi? Edə bilməz, elə deyilmi? Vəssalam.

Bir dəfə Zelenski ilə bu barədə danışmışam. Ona demişəm: “Volodya, axı sən nə edirsən? Atan vaxtilə faşizmlə döyüşdüyü halda sən indi niyə Ukraynadakı neonasistləri dəstəkləyirsən? Axı o cəbhəçidir”. Onun cavabını deməyəcəm, bu, ayrı söhbətin mövzusudur və hesab edirəm ki, indi onu dilə gətirmək nəzakətsizlik olar.

Evan Qerşkoviçin azad olunması haqda

–     Biz o qədər xoş niyyət nümayiş etdirmişik ki, zənnimcə, limiti tamamilə keçmişik. Üstəlik heç kəs bir dəfə də olsun xoş niyyətimizə analoji cavab verməyib. Hərçənd prinsipcə partnyorlarımız bu yolda irəli bir addım atarsa, yenə əlimizdən gələni əsirgəməməyə hazırıq. Partnyorlar deyəndə, ilk növbədə, xüsusi xidmətləri nəzərdə tuturam. Haqqında danışdığınız şəxsin, cənab Qerşkoviçin Vətəninə qayıda biləcəyi istisna deyil. İstənilən halda, onu Rusiyada məhbəsdə saxlamağın heç bir mənası yoxdur. Amerika xüsusi xidmətinin bizim xüsusi xidmətin qarşısına qoyduğu məqsədə çatması üçün necə imkan yarada biləcəyi barədə düşünməsini istəyirik.

Yeni dünya müharibəsinin təhlükəsi haqda

–     NATO ölkələri qlobal müharibə və nüvə münaqişəsi haqda danışır. Onlar öz əhalisini saxta Rusiya təhlükəsi ilə qorxutmağa çalışırlar. Bu, aşkar faktdır. Və düşünən insanlar, – obıvatellər deyil, məhz düşünən insanlar – bunun saxta olduğunu gözəl başa düşürlər. Rusiya təhlükəsi əməlli-başlı şişirdilir. Rusiya öz qoşunlarını Polşaya yalnız bir halda göndərəcək: əgər Polşa Rusiyaya hücum çəkərsə. Niyə? Çünki bizim nə Polşada, nə də Latviyada maraqlarımız var – ümumiyyətlə, bizim heç yerdə maraqlarımız yoxdur. Bu, bizim nəyimizə lazımdır ki? Bizim sadəcə heç bir marağımız yoxdur. Elə-hey hədə-qorxu gəlirlər.

ABŞ-ın müharibədə iştirakı haqda

–     Görəsən, amerikalıların işi-gücü qurtarıb? Sizin sərhədlə bağlı problemləriniz var. Mühacirətlə, milli borcla bağlı problemləriniz. 33 trilyondan artıq borcunuz var. Başınızı qatmağa işiniz yoxdur. Ona görə də Ukraynada vuruşmalısınız. Rusiya ilə razılığa gəlsəniz, yaxşı olmazmı? Bu gün yaranan vəziyyəti anlayaraq, Rusiyanın öz maraqları uğrunda sonadək mübarizə aparacağını anlayaraq, soyuq ağlı işə salmaq zamanının gəlib çatdığını, ölkəmizə, onun maraqlarına hörmətlə yanaşmalı və bununla bağlı həll yolları axtarmalı olduğunuzu anlayaraq razılığa gəlməlisiniz.

“Şimal axını” qaz kəmərində partlayış haqda

–     “Şimal” axınını kim partladıb? Əlbəttə ki, siz. Şəxsən sizin, bəlkə də, alibiniz var, amma MKİ-nin alibi yoxdur. Sübut varmı? Bilirsiniz, təfərrüata varmayacağam, amma bu cür hallarda həmişə deyirlər: maraqlı olanı axtar. Amma indiki situasiyada sadəcə maraqlı olanı deyil, həm də onu edə biləni axtarmaq lazımdır. Çünki bu işdə maraqlı olanlar çox ola bilər, lakin Baltik dənizinin dibinə düşüb partlayışı törətmək hər kəsin işi deyil.

Boris Conson haqda

–     Ukrayna hakimiyyətinin Böyük Britaniyanın sabiq baş naziri cənab Consonun tələbinə və ya dilə tutmasına itaət göstərməsi, zənnimcə, son dərəcə mənasız və necə deyərlər, kədərlidir. Çünki, cənab Araxamiyanın dediyi kimi, “biz hələ ilyarım əvvəl bu hərbi əməliyyatları, bu müharibəni bitirə bilərdik, amma ingilislər bizi dilə tutdular və biz fikrimizdən daşındıq”. Yaxşı, bəs, indi cənab Conson haradadır? Müharibə isə davam edir.

Ukrayna ilə danışıqlar haqda

–     Ukraynanın cənab Prezidenti bizimlə danışıqlar aparmağı qadağan edən dekret dərc edib, vəssalam. Biz heç vaxt danışıqlardan imtina etməmişik. Biz hər dəfə eşidirik: Rusiya hazırdırmı? Axı biz heç boyun qaçırmamışıq da! Boyun qaçıran onlardır. Odur ki, qoy dekretini ləğv etsin və danışıqlara gəlsin. Biz heç vaxt imtina etməmişik.

Rusiya və Ukrayna xalqları haqda

–     Ukraynada sonu görünməyən səfərbərlik, isteriya, daxili problemlər, bütün bunlar… Biz əvvəl-axır razılığa gələcəyik. Və bilirsiniz nədir? Bəlkə də indiki vəziyyətdə qəribə səslənəcək: onsuz da xalqlar arasındakı münasibət düzələcək. Buna çox zaman lazım gələcək, amma düzələcək. Hazırda baş verənlər hansısa mənada vətəndaş müharibəsinin elementidir. Qərbdə hamı fikirləşir ki, hərbi əməliyyatlar rus xalqının bir hissəsini digərindən ömürlük ayırıb. Əsla. Birləşmə baş verəcək. Əslində o heç yoxa çıxmayıb da.

Ana səhifəDünyaTaker Karlson vədinə əməl etməyib: Putindən nə Buça, nə Mariupol, nə də Navalnı haqqında soruşub