close

Terezienştadt həbs düşərgəsində

Foto: Meydan Tv

Yadigar Sadıqlı

Çexoslovakiya nasist işğalının ilk qurbanı olan ölkədir

Çexiyaya səfərə hazırlaşanda mütləq ziyarət etmək istədiyim yerlərdən biri Terezin memorialı idi. Burada İkinci dünya müharibəsi illərində nasist həbs düşərgələrindən biri yerləşib.

Həmin düşərgə analoji müəssisələr içində heç də ən ölümcüllərdən sayılmır – elələri daha çox Polşa ərazisində yaradılıb. Amma Terezienştadtı da başqalarından fərqləndirən xüsusi cəhətləri vardı. Məhz bu cəhətlərə görə onu bəzən həbs düşərgəsi deyil, getto adlandırırlar.

***

Terezin şəhərinin əsası 1780-ci ildə, Çexiyanın o zaman tərkibində olduğu Avstriya imperiyasının hökmdarı II İosifin göstərişi ilə qoyulub. Məntəqənin adını da imperator özü seçib: anası Mariya Terezanın (və ya Tereziya) şərəfinə. Şəhər Avstriyanın (1867-ci ildən Avstriya-Macarıstan) şimalda hərbi forpostu rolunu oynayırdı.

Özü qala olan Terezienştadtın daxilində bir də Kiçik qala vardı və XIX əsrdə həbsxana rolunu oynamağa başladı. İkinci dünya müharibəsi illərində həmin Kiçik qaladan bəziləri yetərincə tanınmış olan onminlərlə dustaq keçsə də, buranın ən məşhur dustağı Avstriya-Macarıstan imperiyası dövründə cəza çəkib: Qavrilo Prinsip.

1914-cü ildə bu serb gənc Sarayevoda Avstriya-Macarıstan taxt-tacının varisi Frans Ferdinandı və arvadı Sofiyanı öldürərək Birinci dünya müharibəsinin başladan fitili yandırmışdı. Cinayət zamanı 20 yaşı hələ olmayan Prinsip imperiya qanunlarına görə həddi-buluğa çatmamış sayılırdı və bu üzdən edam oluna bilməzdi. Məhkəmə onu maksimum müddətli cəzaya – 20 illik həbsə məhkum etdi.

Qavrilo cəzasını çəkmək üçün Kiçik qaladakı zindana göndərdi. Qətl törədən zaman artıq vərəm xəstəsi olan, həbsxanada da ağır şəraitdə saxlanılan gəncin cəzasını çəkib azadlığa çıxmaq şansı yox idi. O, tətikçisi olduğu müharibənin bitməsinə yarım il qalarkən, 1918-ci il aprelin 28-də vəfat etdi.

İnternetdə bu kameranın qapısının açıq, girişin azad olduğu şəkillərə rast gəlmək mümkündür. Biz orada olanda isə qapı yerində üzərində Prinsipin şəkli əks olunan şüşə vardı və giriş bağlı idi. Yuxarıda da Prinsip haqqında çex və ingilis dillərində məlumat yazılmış lövhə vurulmuşdu.

***

Çexoslovakiya nasist işğalının ilk qurbanı olan ölkədir. Almanlar əvvəlcə soydaşlarının üstünlük təşkil etdiyi Sudet vilayətini Münhen sazişi nəticəsində, Böyük Britaniya və Fransanın xeyir-duası ilə 1938-ci ilin oktyabrında ölkədən qopardılar. 1939-cu ildə isə dövlətin varlığına son qoyuldu: Slovakiya öz müstəqilliyini elan etdi, Çexiya isə Almaniya tərəfindən işğal olunaraq Bohemiya və Moraviya protektoratlığı adı altında nəzarətə alındı.

Protektoratlıq reyxin daxilində muxtar qurum sayılırdı. Çexoslovakiyanın prezidenti Emil Haxa indi protektoratlığın prezidenti idi. Çexlərdən ibarət hökumət vardı. İlk dövrdə alman canişini – reyxsprotektor nisbətən mülayim baxışları ilə seçilən Konstantin fon Neyrat idi və hökumətin işinə çox müdaxilə etmirdi.

Amma bu idilliya çox sürmədi. Oktyabrın 28-də, Çexoslovakiya dövlətinin yaranmasının ildönümündə çexlər küçələrə çıxaraq işğala etirazlarını bildirdilər. Təkcə Praqada 100 min insan əsasən Vatslav və Staromestski meydanlarına toplaşdı. Dərslərin dayandırıldığı universitetlərin tələbələri xüsusilə fəal idilər.

İşğalçılar meydanları yalnız axşamüstü təmizləyə bildilər. Odlu silahdan kütləvi istifadə olunmasa da bəzən atəş açıldı, bir nəfər öldü, 15 nəfər ağır yaralandı. Sonunculardan biri, Karlovı universitetinin tələbəsi Yan Opletal noyabrın 11-də keçindi. Onun dörd gün sonrakı dəfni növbəti antinasist nümayişə çevrildi.

Bu dəfə almanlar daha amansız davrandılar. Universitetlər bağlandı, 1200 tələbə Zaksenhauzen həbs düşərgəsinə göndərildi. Noyabrın 17-də isə 9 tələbə həbs olundu və elə həmin gün məhkəməsiz güllələndi. Bu dövrdən etibarən nasistlərin Bohemiya və Moraviya protektoratlığında siyasəti sərtləşdi.

***

Həbslərin çoxalması ilə Praqada yerləşən Pankrats həbsxanası doldu və yeni həbsxanaya ehtiyac yarandı. 1940-cı ilin iyununda Terezində, Kiçik qalada gestapo həbsxanası yaradıldı. Əvvəlcə burada yalnız kişilər saxlanılırdı. Amma 1942-ci ilin iyununda Reynhardt Heydrixin qətlindən sonra qadın şöbəsi də yaradıldı və əlavə hissə tikildi.

Burada həbs düşərgəsinin əsası isə 1941-ci ilin noyabrında qoyuldu. Başqa sözlə, Terezienştadtda həm həbsxana, həm də həbs düşərgəsi vardı. Hərçənd, nasistlər özləri buranı getto (azlıqların könüllü və ya məcburi yaşaması üçün seçilən ərazi) adlandırmağa üstünlük verirdilər. İlk gətirilənlər Çexiya yəhudiləri oldular. 1942-ci ilin mayında burada artıq 28 min yəhudi vardı.

Kiçik qala bu qədər adamı yerləşdirmək potensialına malik deyildi. Buna görə də əlavə korpuslar tikildi. Ziyarət zamanı diqqətimi çəkən cəhət bu oldu ki, insanları konveyer üsulu ilə məhv edən, amansız işgəncələrə və tibbi eksperimentlərə məruz qoyan nasistlər əlavə korpusları qalanın ümumi arxitekturasına zərər vermədən, köhnə tikililərə uyğun inşa ediblər.

Fotolar: Müəllifindir

Yəhudi məsələsinin qəti həllinə, yəni Avropa yəhudilərinin ucdantutma öldürülməsinə həsr olunan Vanze konfransı (20 yanvar 1942) zamanı yaşı 65-dən yuxarı olan Almaniya yəhudilərinin Terezienştadta göndərilməsi qərara alındı. Məsələ belə təqdim olunurdu ki, guya burada pensiyaçılar gettosu yaradılır. Çünki qoca yəhudilərin də digərləri kimi guya işləmək üçün şərqə, Polşaya göndərilməsi inandırıcı olmazdı.

Pensiyaçılardan əlavə Almaniya qarşısında xidmətləri olan (Birinci dünya müharibəsinin veteranları, yüksək təltifləri olanlar, məşhur idmançılar və s.) yəhudilər də Terezienştadta göndəriləcəkdi. Özü də onları inandırırdılar ki, Terezin şəhərində yaşayacaqlar, reyx onları mənzillə təmin edəcək. Halbuki hamısı həbs düşərgəsinə göndərilirdi.

Məsələn, 1896-cı ildə keçirilən ilk müasir olimpiya oyunlarının gimnastika üzrə üçqat çempionu Alfred Flatov və əmioğlusu Qustav Flatov nasistlərin üzündən Niderlanda köçmüşdülər. Bu ölkə də işğal olunanda Alfred 1942-ci ilin oktyabrında tutulub Terezinə göndərildi və cəmi iki ay sonra aclıqdan öldü. Bir müddət gizlənə bilən Qutav isə 1944-cü ilin fevralında ələ keçdi və Terezinə deportasiya olundu və 1945-ci ilin yanvarında burada öldü.

Ümumiyyətlə, Terezienştadt nasistlərin ən çox riyakarlıq etdikləri həbs düşərgəsi idi. Buranın məqalənin əvvəlində dediyim xüsusi cəhəti də bundan ibarət idi. Düşərgədə hətta müxtəlif mədəni tədbirlər keçirilir, tamaşalar səhnələşdirilir, xor fəaliyyət göstərirdi və s.

Alman işğalı altında olan Danimarkadan 476 yəhudi 1943-cü ilin oktyabrında Terezienştadta deportasiya edildi (Danimarka yəhudilərinin əksəriyyəti bitərəf İsveçə qaça bilmişdi). Kopenhagen bu yəhudilərin taleyinə ciddi maraq göstərdi, Berlinə sorğular göndərdi. Nasistlər danimarkalıların loyal münasibətinə ehtiyac duyurdular, əks halda buradakı rejimi sərtləşdirmək lazım gələcəkdi. Bunun üçün isə əlavə qoşunlar göndərməli olacaqdılar, halbuki onlara cəbhədə kəskin ehtiyac duyulurdu. O üzdən Beynəlxalq Qırmızı xaç komitəsinin əməkdaşlarına düşərgəni ziyarət etmək fürsəti yaradıldı.

Komitənin nümayəndələri 1944-cü il iyunun 23-də düşərgəni ziyarət etdilər. Burada onlara göstərişli mənzərə təqdim olundu. Yəhudilər burada futbol, voleybol oynayır, emalatxanalarda öz peşələri ilə məşğul olurdular. Uşaq dustaqlar komissiya qarşısında özü də düşərgədə olan bəstəkar Hans Krasanın “Brundibar” operasını oynadılar.

Nasistlər yəhudilərin Terezində necə “xoşbəxt” olduqlarını göstərmək üçün film çəkməyi də unutmadılar. Rejissor üçün uzağa getmədilər. İşi dustaqlardan birinə, tanınmış aktyor və rejissor Kurt Qerrona tapşırdılar. Film sentyabrda çəkildi və ilk dəfə 1945-ci ilin qışında göstərildi. Bu zaman Qerron da, Krasa da artıq Auşvitsə göndərilərək öldürülmüşdülər.

Terezienştadt düşərgəsinin fəaliyyət göstərdiyi müddətdə buraya (yalnız düşərgəyə, həbsxana aid deyil) 140 mindən çox yəhudi göndəridi. Onlardan 33,5 mini burada öldü. 88 mini isə Polşadakı ölüm düşərgələrinə, əsasən Auşvitsə, eləcə də Maydanek, Sobibor və Treblinkaya göndərildilər. 1654 nəfər azadlığa buraxıldı. Sovet ordusu 1945-ci il mayın 9-da düşərgəni azad edəndə 16832 dustaq vardı.

Müharibənin son günlərində dustaqlar arasında yatalaq xəstəliyi yayılmıdı. Sovet tərəfi Terezində təcili tibbi məntəqələr yaratdı, buraya tibbi personal göndərdi. Görülən tədbirlərə baxmayaraq, azad olunan dustaqların bəziləri xəstəlikdə öldülər. Onlardan biri tanınmış Fransa şairi Rober Desnos idi. 

Terezinin məşhur dustaqları arasında Çexoslovakiyanın demokrat siyasi xadimi Milada Qorakova da var. Gizli antifaşist fəaliyyətdə görə həbs olunan Qorakovanı nasistlər 8 illik həbsə məhkum etmişdilər. Müharibə bitdikdə azadlğa çıxan Qorakovanı Çexoslovakiyanın kommunist hakimiyyəti 1949-cu ildə yenidən həbsə aldı və tamamilə qondarma ittiham əsasında çıxarılan hökmdən sonra edam etdi.

Ana səhifəMənim FikrimcəTerezienştadt həbs düşərgəsində