close

Heç kəsin yazığı gəlmir

Silva Kaputikyan və Xəlil Rza.

Zərdüşt Əlizadə

Silva Kaputikyanın yaradıcılığı, kəsişən yollar…

İndi bir etiraf edəcəyəm. Bilirəm ki, müdrik və qəhrəman xalqımızın gözündə olan-qalan hörmətimi itirəcəyəm, fəqət sözün düzünü demək mənim islahedilməz adətimdir.

Gəncliyimdə (çaşmayasız, 1960-cı illərin əvvəli) mən Silva Kaputikyanın şeirlərini çox sevirdim. İllah ki, bu şairənin mahir yəhudi mütərcimlərin istedadı sayəsində mənim anladığım rus dilinə çevrilmiş məhəbbət lirikası ürəyimi oxşayırdı.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Odur ki, bir dəfə “Literaturnaya qazeta”da onun böyük məqaləsini görəndə, həvəslə oxumağa başladım.

Silva bir gənc erməni aliminin faciəvi həyatını təsvir edirdi.

Bu erməni ABŞ-da doğulub böyümüşdü, məktəbi və universiteti əla qiymətlərlə bitirmişdi və hansısa elmi-biotexnoloji şirkətdə yüksək maaşla işə düzəlmişdi. Onun ilk elmi məqalələri parlaq gələcəyindən xəbər verirdi.

Fəqət ailəsi bu ağıllı gənci erməni millətçisi kimi tərbiyə etmişdi və o, heç vaxt görmədiyi Ermənistanı dəlicəsinə sevirdi. Odur ki, günlərin bir günü bu gənc işini də, Amerikanı da atıb köçür Ermənistan Sovet Sosialist Respublikasının paytaxtı Yerevana və onu düzəldirlər Elmlər Akademiyasının Biologiya İnstitutuna.

Maaşının birdən birə on dəfə azalması onu əsla narahat etmir. Narahat etmir ki, müasir cihazlar əvəzinə laboratoriyada ona ağ kağız və bir karandaş veriblər.  Əsas odur ki, sevimli vətənində, sevimli xalqı ilə bir yerdədir. Bu gənc öz biliyini, öz gələcək elmi nailiyyətlərini yad Amerikaya deyil, doğma vətəninə və doğma xalqına həsr edəcəyi ilə fəxr edirdi.

Biologiya İnstitunun elmi kollektivi tam fərqli düşünürdü. Əvvəla, bu kollektivin azı 80 faizi bu mənfur Ermənistanı tərk edib ABŞ-a köçməyi özünün ən şirin arzusu sayırdı. Amerikalı gəncin sovet Ermənistanına köçməsini “bu alçaq və əbləh gəda”nın onların ən şirin arzusuna tüpürməsi kimi qiymətləndirdilər. İkincisi, elə ilk təmaslar onun elmi səviyyəsinin yerli namizəd və doktorlardan bir tərtib yüksəkdə olduğunu göstərdi. Sovet alimləri belə təhlükəli rəqibin rahat işləyib yaratmasına dözərdilərmi? Təbii ki, yox.

Qarabağ erməniləri Azərbaycanda bəy balası kimi yaşayırdılar, vilayətin ağası idilər, azərbaycanlıları az qala minib sürürdülər. Şadlıqlarına şitlik etdilər, silaha sarıldılar, Rusiyanın köməyi ilə parlaq qələbə qazandılar.

Silva Kaputikyan məharətlə sovet erməni alimlərin necə amansızlıq və hiylə ilə bu bədbəxt romantik millətçini özlərinin intriqa ət maşınına sürüdüklərini, onu necə addım-addım təcrid etdiklərini, sındırıb həyatdan və vətənindən iyrəndirdiklərini təsvir edirdi.

Təbii ki, bir nəfər bütün xalqa qarşı müqavimət göstərə bilməz, odur ki, hansısa mərhələdə bu gənc erməni amerikalı anlayır ki, ya intihar etməlidir, ya da geriyə, ABŞ-a qayıtmalıdır.

Sevimli vətənini tərk edib ABŞ-a qayıdacağını həmkarlarına deyəndə, erməni alimləri onun şərəfinə vida qonaqlığı təşkil etməyi boyunlarına götürürlər.

Silva Kaputikyan acı-acı yazırdı ki, erməni xalqı və cəmiyyəti azad, istedadlı və yaradıcı insanlara düşməndir və onları məhv etməyə çalışır. Bu sözləri o, 1960-cı illərin əvvəllərində yazmışdı və mən də oxumuşdum. Onun yazdığından anlamışdım ki, şairə öz həssas qəlbi ilə azad və istedadlı insanların tərəfindədir, küt, zalım və mürtəce erməni cəmiyyətinin mahiyyətini gözəl anlayır.

Gün keçdi, ay dolandı, 1980-cı illərin sonlarında mən oxudum ki, sevimli şairəm qollarını çırmalayıb Azərbaycanın Qarabağ ermənilərini torpaq qarışıq qatmaq istəyir həmin bu zalım və mürtəce Ermənistana.

Onda özüm özümdən soruşdum ki, “niyə bu ermənilərə heş kəsin yazığı gəlmir?” Hətta həssas qəlbli Silva Kaputikyanın bu Qarabağ ermənilərinə zərrəcə rəhmi gəlmirdi. Hərçənd ki, gözəl bilirdi: erməni cəmiyyəti istənilən azad və istedadlı ermənini mütləq çeynəyib-çeynəyib tüpürəcək, bədbəxt edəcək.

Qarabağ erməniləri Azərbaycanda bəy balası kimi yaşayırdılar, vilayətin ağası idilər, azərbaycanlıları az qala minib sürürdülər. Şadlıqlarına şitlik etdilər, silaha sarıldılar, Rusiyanın köməyi ilə parlaq qələbə qazandılar. Gəlib düşdülər arzuladıqları xalis erməni cəmiyyətinə. Nə turkes var idi, nə rus, ətrafda hamı erməni idi. 99 faiz erməni!
Çox gözəl, çox pakizə!

Ermənilər düşdülər çirkab çalasına. Çalaya yox, çirkab quyusuna! Başladılar boğuşmağa, bir-birini öldürməyə, ayağının altını qazmağa, badalaq vurmağa, itələyib yıxmağa, şərləyib qara yaxmağa, cibini soymağa. Millət yabançıların əsarətindən qurtulandan sonra tale elə gətirdi ki, cəmiyyətin yuxarı səfinə ən alçaq, ən bişərəf, ən həyasız, ən oğru vücudlar dürtüldülər.
Qarabağda nümunəvi istibdad quruluşu bərqərar oldu. Ermənilər görəndə ki, əməlli və abırlı Qarabağ qura bilmirlər, qərara aldılar ki, onun adını dəyişib Artsax qoysunlar. Bəlkə onda düzəldi. Minib sürüləsi turkes qalmadığından hakim zümrəyə məxsus ermənilər sıravi erməniləri minib sürməyə başladılar.

Və bu zaman bəlli oldu ki, heç kəsin ermənilərə yazığı gəlmir. Nə rusun, nə demokratik Qərbin, nə Qırmızı Xaçın, nə də Hilal və Ayparanın. Heç kəsin.  Azərbaycanda Hilalı şərləyib tütdular, Ayparanı şərləyib öldürdülər. Erməniyə yazığı gələsi heç kəs qalmadı.

Qaldı Silva Kaputikyana, mənim həyat yolum bu şairə ilə bir dəfə də kəsişdi. 1991-ci ilin yazında Məhəmməd Hatəmi Tantəkinin ictimai vəkili idim. Onu və Xəlil Rza Ulutürkü erməni talanlarında fəal iştiraka görə Moskvadan, Lefortovo həbsxanasından sürüyüb Bakıya, şəhər məhkəməsinə gətirmişdilər ki, mühakimə etsinlər. Mən bilirdim ki, onların hər ikisi  günahkardır, talana gətirmiş kütləvi iğtişaşların təşkilatçılarıdır. Lakin onu da bilirdim ki, əsas günah bu münaqişəni təşkil etmiş sovet rəhbərliyindədir, günah payı insafla bölünsə, iki faiz bu bişüur bədbəxtlərdə, 98 faiz məkrli və zalım Moskva təşkilatçılarındadır.
Odur ki, cani saydığım bu bədbəxtləri insaf xatirinə müdafiə edirdim.

Hakim İlqar adlı arif və müdrik insan idi. Qəziyyəni çox gözəl anlayırdı və həm də məzəni çox xoşlayırdı.

Xəlil Rzaya sual verirdi ki, Siz niyə bütün çıxışlarınızda Silva Kaputikyanı təhqir edirdiniz?”.
Xalqımızın cəsur şairi belə cavab verirdi:

“Silviya mənim bacımdır, biz onunla bacı-qardaş kimi bir-birimizə hörmət edirik. Hətta bir dəfə mən Moskvada sətəlcəm olanda bacı kimi mənim yatağımın yanında oturub qızdırmalı alnıma soyuq yaş dəsmal qoyub, mənə qaşıqla şorba içirdib”.

Hakim gülürdü, sonra sifətinə ciddi görkəm verib soruşurdu: “Siz nə üçün bütün çıxışlarınızda erməni xalqını alçaldan təhqirlər yağdırırdınız?”.

Xalqımızın müdrik şairi cavab verirdi: “Mən bütün erməniləri təhqir etmirdim. Erməni xalqının içində yaxşı adamlar da var”.

Baməzə hakim özünü güclə gülməkdən saxlayıb soruşurdu ki: “Birinin adını çəkə bilərsinizmi?”.

Xalqımızın ulu şairi cavab verirdi ki, “Bəli, var. Erməni xalqı arasında bir yaxşı adam tanıyıram, o da Bakı sakini Petoyandır. Ermənilərin daşnak siyasətinə etiraz olaraq özünü yaşadığı doqquzuncu mərtəbədəki mənzilin eyvanından həyətə atmışdı və ölmüşdü”.
Hakim yenə gülüşünü boğaraq soruşurdu ki, “indi erməni yaxşı sayılmaq üçün özünü gərək doqquzuncu mərtəbədən eşiyə atsın?”.

Xalqımızın fəxri sayılan şair cavab verirdi: “Elədir ki, var, yoldaş hakim, başqa yolu yoxdur”.
SSRİ-nin çökməsinə bir neçə ay qalmışdı, İlqar adlı hakim bu cıqqılı canilərə şərti həbs cəzası verib onları boşladı.

Mən onda bildim ki, doğru-yalan, Silva Kaputikyan bizim Xəlil Rzanın xətrini çox istəyirmiş.
Həyatın yolları cox qəribə və dolanbacdır. Dəyişməz bircə şey var, o da odur ki, dünyada heç kəsin ermənilərə yazığı gəlmir. İndi Qarbağ ermənilərinin Laçın yolu kəsilib, yeddi aydır ora ərzaq gəlmir, qıtlıq şiddətlənir, Azərbaycan deyir gəlin Ağdam yolundan keçib yükləri çatdırın Xankəndinə, erməni liderləri deyirlər ki, “acından ölərik, Ağdam yolundan istfadə etmərik”.

Burada mənim yadıma qədim rəvayət düşür. İki qadın mübahisə edir, gəlirlər Süleyman padşahın hüzuruna. Şikayətçi xanım deyir ki, ikinci xanımın qucağındakı çağa mənim balamdır, onu məndən oğurlayıblar. İkinci xanım deyir ki, elə şey yoxdur, bu uşaq elə mənimkidir. Süleyman padşah fikrə gedir, sonra deyir ki, çağanın əsl anasının kim olduğunu təyin etmək mümkün deyil, buna görə çarə qalır çağanın düz ortadan bölünməsinə. Birinci qadın deyir: “Yox, bölməyin balamı, mən ondan imtina edirəm”. Süleyman padşah əmr verir: “Alın çağanı yalançı anadan, qaytarın onu əsl anasına”.

İndi Qarabağda oxşar vəziyyət yaranıb. Ermənistan və Qarabağ rəhbərləri deyir ki, “bu xalq bizimdir və Azərbaycanda yaşamaq istəmir. Xalq acından ölsə də, ərzağı Ağdam yolu ilə almarıq”. Azərbaycan rəhbərliyi deyir ki, :“Onlar bizim vətəndaşlardır və biz deyəni etməlidir, ərzağı Ağdam yolu ilə almalıdır. Almasalar, canları cəhənnəm, qoy ölsünlər”.

Ha indi kim birinci geri durub deyəcək ki, “çağanı bölməyin, qoy ögey ana ilə qalsın, təki yaşasın?”.

Ana səhifəMənim FikrimcəHeç kəsin yazığı gəlmir