close

Vladimir Purqin: saxta qəhrəman

Foto: Meydan Tv

Kiçik vəzifəyə təyin olunan adamın belə bütün nəsil-nəcabəti araşdırılan SSRİ kimi bir dövləti aldatmış gəncin hekayəsi

Həyatda dələduzluğun müxtəlif formalarına rast gəlmək olur. Bunlardan bəziləri öz təxəyyülü və miqyası ilə insanı mat qoyur. Kimisi Eyfel qülləsini satır, kimisi İstanbulda Boğaz körpüsünü. Biriləri maliyyə piramidası yaradır, digəri yeni düzəldilmiş əşyanı əntiq əşya kimi muzeyə sırıyır. Tarix onlarla yalançı hökmdar və şahzadəyə şahidlik edib. Qəlp pul kəsmək və saxta sənəd düzəltmək kimi qədim peşənin də öz dahiləri var.

SSRİ tarixində məni ən çox heyrətləndirən iki dələduzuq halı var. Bunlardan biri Nikolay Pavlenkonun saxta hərbi hissə yaratmasıdır ki, bu haqda məqaləm Meydan TV-də paylaşılıb.

İkincisi isə Vladimir Purqin adını mənimsəyən (əsl adı başqadır) birisinin saxta sənədlərlə özünə Sovet İttifaqı Qəhrəmanı adını verdirməsidir ki, məqalə də onun haqqındadır.

***
SSRİ-də Sovet İttifaqı Qəhrəmanı ali fərqlənmə dərəcəsi Mərkəzi İcraiyyə Komitəsinin 16 aprel 1934-cü il tarixli qərarı ilə tətbiq edildi. Dövlətin mövcud olduğu sonrakı 57 il ərzində bu ada 12 862 nəfər layiq görüldü, onlardan 95 nəfər qadın idi. Qəhrəmanların əksəriyyəti, 11 657 nəfər (90%) sovet-alman müharibəsi illərindəki xidmətlərinə görə təltif olunublar.

Bizim Milli Qəhrəman adından fərqli olaraq Sovet İttifaqı Qəhrəmanını bir neçə dəfə almaq olardı. 154 nəfər bu dərəcəyə iki dəfə, 3 nəfər (Budyonnıy, Kojedub və Pokrışkin) üç dəfə, 2 nəfər də (Brejnev və Jukov) dörd dəfə layiq görülüblər.

İkinci Dünya müharibəsindən sonra həmin adı daha çox Əfqanıstan müharibəsinin iştirakçları və kosmonavtlar alıblar. Yeganə qadın iki dəfə Sovet İttifaqı Qəhrəmanı Svetlana Savitskaya da kosmonavt idi.

Demək artıqdır ki, bu fəxri adın daşıyıcıları üçün xüsusi imtiyazlar nəzərdə tutulurdu, hər yerdə hörmətlə qarşılanırdılar, necə deyərlər, aça bilmədikləri qapı yox idi. Amma onların hamısının eyni tale yaşadıqlarını söyləmək olmaz. Qəhrəmanlardan Stalin repressiyalarına qurban gedənlər də vardı. Doğrudur, onların titulları Xruşşov dövründə bərpa edildi.

Bundan əlavə, 72 Qəhrəman sonradan bərpa edilməməklə adlarını itirdilər. Bu siyahıda Qəhrəman adına layiq görüldükdən sonra almanlara əsir düşüb onlar tərəfdə döyüşənlər də var, hətta Usyançı Ukrayna Ordusuna (UPA) qoşulanlar da. Amma əksəriyyət  adlarını cinayət əməli törətməyə görə itirirdi.

Nəhayət, 13 nəfərlik bir siyahı da var ki, buradakılar əsasən Qəhrəman adına yanlış informasiya əsasında layiq görülənlərdir. Məsələn, qəhrəmancasına həlak olması deyilib, lakin əsirlikdə imiş. Və yaxud, etmədiyi əmələ görə təltif olunub.

Vladimir Purqin də bu siyahıdadır. Amma onu hamıdan fərqləndirən və SSRİ tarıxındə bərabəri olmayan fırıldaqçı edən bir cəhət var. O, adını yanlış informasiya əsasında almayıb: saxta məlumatlar tərtib edərək özünü mükafata təqdim edib və almağı bacarıb.

                                     ***
Əsl adı Vladimir Qolubenko olan qəhrəmanımız 1914-cü ildə anadan olub. Doğum yeri dəqiq məlum deyil, Ural ərazisi deyilir. Atası fəhlə, anası süpürgəçi imiş. Orta məktəbi bitirməyib. Yeniyetmə yaşlarında cinayətlərə qurşanıb.

Volodya ilk dəfə 19 yaşında, tramvayda sərnişinin cibindən pul çıxaranda yaxalanır. Kəsilən cəzanın müddəti barədə məlumat yoxdur, amma həbsdə çox vaxt keçirməyib. Çünki 4 il sonra, 1937-ci ildə yenidən tutulur. Bu dəfə maddələr “buket”i ilə: oğurluq, dələduzluq və aldatma. Məhkəmədən sonra Dmitrov islah-əmək düşərgəsinə göndərilir.

Həmin düşərgənin dustaqları Moskvanı içməli su ilə təmin etmək üçün Volqa çayından kanal çəkirdilər. Hər ay yüzlərlə məhbus ağır işlərə dözməyərək ölürdü. Qolubenkonun öz ömrünü belə tez başa vurmaq fikri yox idi və ilk fürsətdəcə qaçır. Qatarda Valentin Purqin adlı adamın həm pulunu, həm sənədlərini oğurlayır.

Öz ad-soyadı ilə azadlıqda çox qalmasının mümkün olmadığını anlayan qaçaq dustaq Purqinin sənədlərindən istifadə etmək qərarına gəlir. Başqası yəqin ki, sənədləri götürüb ucqar yaşayış məntəqəsinə gedər və qalan ömrünü sakitcə orada keçirməyə çalışardı. Amma personajımız sakit həyat üçün doğulmamışdı.

Sverdlovska (indi Yekaterinburq) gələn Qolubenko-Purqin Hərbi Nəqliyyat Akademiyasına daxil olur. Eyni zamanda buradakı dəmiryolçuların mətbuat orqanı sayılan “Putyovka” qəzetində işə düzəlir. Sverdlovsk SSRİ-nin böyük və sürətlə inkişaf edən şəhərlərindən sayılırdı, amma Purqini (bundan sonra biz də onu belə adlandıracağıq) Moskvanın cazibəsi çəkirdi.

Özü haqqında saxta xasiyyətnamə, tövsiyə məktubları hazırlayan dələduz həm də jurnalistikada müəyyən təcrübə ilə paytaxta yollanır. O, burada Dəmiryolu Nazirliyinin orqanı olan “Qudok” qəzetinə işə düzəlir. Tezliklə isə ölkənin ən nüfuzu qəzetlərindən olan “Komsomolskaya pravda”nın məsul işçiləri ilə tanış olur və bunun sayəsində 1939-cu ilin martında həmin qəzetdə hərbi şöbənin redaktor müavini vəzifəsinə təyin olunur.

Günlərin bir günündə gənc jurnalist işə gələndə yaxasında nüfuzlu “Qırmızı ulduz” ordeni parıldayır. Hansı xidmətlərinə görə təltif olunması barədə suala mənalı-mənalı gülümsəyərək cavab vermir. Nəticədə, ətrafdakılarda onun xüsusi xidmət oraqanlarının əməkdaşı olması fikri yəqinləşir.

Həmin ilin mayında Monqolustan ərazisində SSRİ və Yaponiya arasında Xalxin Qol döyüşləri başlayır. Təbiidir ki, “Komsomolskaya pravda”nın hərbi redaktorunun müavini oraya ezam olunmalı idi. Bir qədər sonra isə qəzet rəhbərliyi əməkdaşlarının yaralanması haqqında məlumat aldılar.

Yəqin oxucular artıq anlayırlar ki, yaralanma xəbəri də saxta idi. Purqinin öz ezamiyyətini harada keçirməsi aydın deyil, amma Xalxin Qoldan çox uzaqda istirahət etməsi şübhəsizdir. Əvəzində “sağalıb” iş yerinə qayıdan Purqinin sinəsini dövlətin ali mükafatı – Lenin ordeni bəzəyirdi. Əlbəttə, Qırmızı ulduz kimi Lenin ordeni ilə də kimsə onu təltif etməmişdi. Ordenlər də, vəsiqələr də oğurluq idi.

Bu qədər “xidmət”ləri olan şəxsin növbəti addımı, təbii, Kommunist Partiyasına üzvlük olacaqdı. İlin sonunda partiya üzvlüyünə namizəd qəbul olunur (Kommunist Partiyasında üzv olmazdan əvvəl birillik namizədlik mərhələsi vardı). Tələb olunan zəmanət məktubları da iki köhnə bolşevikin adından saxtalaşdırılmışdı.

Həmin vaxt artıq sovet-fin müharibəsi başlamışdı və Purqin yenə döyüş bölgəsinə ezam olundu. Ancaq onun təhlükəli və soyuq fin cəbhəsinə yaxın getmək fikri yox idi. Az sonra qəzet redaksiyasına məktub gəlir ki, əməkdaşınız Leninqradda xüsusi tapşırıq yerinə yetirir, olmadığı müddətdə maaşını vermək lazımdır. Demək artıqdır ki, bu məktubu da Purqin özü yazmışdı. Həmin vaxt günlərini Leninqradda yeyib-içməklə keçirirdi.

1940-cı ilin martında müharibə bitdi. Əsgər və zabitlər kütləvi surətdə müxtəlif orden və medallarla təltif olunurdular. Bu zaman Purqinin ayıqmı, yoxsa içkidən dumanlımı, hər halda başına heyrətamiz bir ideya gəldi: Sovet İttifaqı Qəhrəmanı adını almaq. Amma bu dəfə oğurlamamaq, həqiqətən dövlətdən almaq.

Heyrətamiz olduğu qədər də təhlükəli fikir idi, çünki təqdimatdan sonra bu qədər yüksək mükafata namizəd olan şəxsin tərcümeyi-halı mütləq yoxlanılırdı. O zaman əsl həqiqət ortaya çıxa bilərdi. Amma təhlükə Purqini durdurmadı. O, 39-cu diviziyadan çırpışdırdığı xüsusi blankda təqdimat yazaraq Hərbi Dəniz Nazirliyinə göndərdi.

İnanılmaz idi, amma o, istədiyini aldı. SSRİ Ali Sovetinin 21 aprel 1940-cı il tarixli fərmanı ilə 15 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Siyahıda 10-cu adam Valentin Petroviç Purqin idi. O, xüsusən həmin illərdə hər şey nəzarətdə saxlanılan, kiçik vəzifəyə təyin olunan adamın belə bütün nəsil-nəcabəti araşdırılan SSRİ kimi bir dövləti aldatmışdı.

Amma bu inanılmaz uğur həm də onun sürətli sonunu gətirdi. Təltifdən bir ay sonra, mayın 22-də “Komsomolskaya pravda” qəzetində öz əməkdaşının xidmətlərindən bəhs edən məqalə çap olundu. Məqalənin ortasında verilən şəkil hər şeyi korladı: indi Sovet İttifaqı Qəhrəmanı Valentin Purqin olan qaçaq dustaq Vladimir Qolubenkonu tanıdılar.

Ertəsi gün ali təltifi almaq üçün Kremlə yollanan Purqini Spasski darvazası qarşısında həbs etdilər. Hələ məhkəmə hökmü olmadan iyulun 20-də təltif olunması ləğv edildi.  Avqustun 24-də isə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Vladimir Qolubenkonu ən ağır cəzaya – güllələnməyə məhkum etdi. Hökm noyabrın 5-də yerinə yetirildi.

Maraqlıdır ki, Purqin-Qolubenkonun törətdiyi cinayət əməllərinin – həbsdən qaçmaq, oğurqluq, dələduzluq, saxtakarlıq – heç biri bu qədər ağır cəza kəsməyə əsas vermirdi. Görünür sovet orqanları özlərini təhqir olunmuş hesab edirdilər və müttəhimdən bunun acığını çıxdılar. Həm də, ola bilər, potensial təqlidçilərə ibrət dərsi verdilər.

Beləliklə, bənzərsiz dələduz Vladimir Qolubenkonun və ya Valentinin Purqinin macəralı həyat yolu 26 yaşında sona çatdı.

Yadigar Sadıqlı

Ana səhifəMənim FikrimcəVladimir Purqin: saxta qəhrəman