close

Zamirə Hacıyevanın Londondakı malikanəsi və qolf klubu müsadirə edilib

Foto: Meydan TV

Ali Məhkəmə Hacıyevanın mülklərinin cinayət fəaliyyəti nəticəsində alındığı qənaətindədir

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda olan əmlakı və qolf klubu müsadirə edilib.

Qərarı Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) verib.

Cahangir Hacıyev Bakıda 3 milyard dollardan çox pul mənimsəməkdə təqsirli bilinib və 16 il həbs cəzası alıb.

OCCRP yazır ki, Cahangir Hacıyev sədrlik etdiyi bankı talamaqda ittiham edilsə də, həyat yoldaşı Zamirə Hacıyeva Londonda təmtəraqlı həyat yaşayıb. O, 42 milyon dollarlıq şəxsi təyyarəsi ilə uçub, zirzəmisini dünyanın ən bahalı şərabları ilə doldurduğu evdə yaşayıb və məşhur “Harrods” univermağında 21 milyon dollar xərcləyib.

Bunlar son 10 il müddəti əhatə edən xərcləmələrdir.

Hacıyeva 2018-ci ildə Böyük Britaniyada ilk dəfə Açıqlanmayan Sərvət Sərəncamının (UWO) mövzusuna çevrildiyi zaman manşetlərə çıxıb.

NCA ondan şübhəli dərəcədə böyük sərvətinin mənbəyini izah etməyi xahiş edib. Bildirib ki, bunu etməməsi onun əmlakını itirməsi ilə nəticələnə bilər.

2018-ci ilin noyabrında NCA London hərrac evindən Hacıyevanın qızı üçün qiymətləndirildiyi 500 min dollar dəyərində qızıl-zinət əşyalarını müsadirə edib. Daha sonra 2019-cu ilin yanvarında NCA Hacıyevanın ərindən hədiyyə olaraq aldığı 1,5 milyon dollarlıq “Cartier” üzüyünü müsadirə edib.

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva
Source: Meydan TV

İndi Hacıyeva Londonun Naytsbricdəki 17,8 milyon dollarlıq evini, həmçinin Berkşir ştatının Ascot şəhərindəki qolf klubunu müsadirə etməyə razılaşıb. Hər iki əmlak 2018-ci ildə NCA tərəfindən müvəqqəti olaraq dondurulmuşdu. Agentlik 2021-ci ilin martında əmlakın tam dondurulması, ardınca 2023-cü ilin iyununda mülki bərpa qərarı üçün müraciət edib.

Nəhayət, London Ali Məhkəməsi NCA-nın mülki bərpa qərarını ötən cümə axşamı verib.

NCA həm evin, həm də qolf klubunun böyükmiqyaslı fırıldaqçılıq, mənimsəmə, saxta uçot və çirkli pulların yuyulması nəticəsində əldə edildiyinə inanır.

NCA-nın bazar ertəsi verdiyi açıqlamaya görə, Ali Məhkəmə Hacıyevanın mülklərinin cinayət fəaliyyəti nəticəsində alındığı qənaətindədir.

Hacıyevanın vəkilləri “The Guardian”-a bildiriblər ki, “məhkəmə müvəkkilimizin bu əmlakla bağlı biliyi və ya əhval-ruhiyyəsi ilə bağlı heç bir faktın müəyyən edilməməsini, daha az iştirakını nəzərdə tutur”. Onlar əlavə ediblər ki, həbsdə olan ərindən “iş üçün mühüm əhəmiyyət kəsb edən sənədləri ala bilməməsi Hacıyevanın müdafiəsini qeyri-mümkün edib”.

Vəkillər həbsxanada Hacıyevlə görüşə icazə verilmədiyini bildiriblər.

Hacıyevanın əri 2001-ci ildən 2015-ci ilə qədər dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankının (ABB) sədri vəzifəsində çalışıb. O, 2015-ci ilin dekabrında Azərbaycan hakimiyyəti tərəfindən həbs edilib, daha sonra 2016-cı ildə mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda dələduzluq ittihamı ilə məhkum edilib.

2019-cu ildə Hacıyev əsasən, ABB-nin Moskvadakı törəmə müəssisəsində mənimsəmə şübhəsi ilə bağlı əlavə ittihamlarla üzləşib. Azərbaycan məhkəməsi onu növbəti dəfə təqsirli bilib, cəzasının ümumi müddətini il yarım artırıb. Məhkəmə qərara alıb ki, Hacıyev ABB-nin sədri olduğu müddətdə Azərbaycandan kənarda qeydiyyatdan keçmiş şirkətlərlə sadə veksellərin alqı-satqısı yolu ilə bankdan pul çıxarıb.

Nəticədə, “əsasən xarici yurisdiksiyalarda yerləşən, çox vaxt çirkli pulların yuyulmasına qarşı nəzarəti zəif olan 69 şirkətlə 922 müqavilə bağlanıb. Həmin şirkətlərin maliyyə sabitliyi və ödəmə qabiliyyəti, fəaliyyət dairəsi, kredit tarixçəsi və s. baxımından düzgün qiymətləndirilmədən əməliyyatların bağlandığı bildirilir”, – deyə məhkəmənin qərarında bildirilir.

Hacıyev ona qarşı irəli sürülən ittihamları rədd edib.

Araşdırma zamanı NCA dövlət bankından əldə edilən pul vəsaitlərinin çoxsaylı hesablar vasitəsilə “ümumi çirkli pulların yuyulması təcrübələrinə uyğun şəkildə” köçürülməsi ilə bağlı bir neçə nümunə müəyyən edib.

Agentliyin məlumatına görə, qolf klubunun alınması Lüksemburq və Gernseydə qeydiyyatdan keçmiş şirkətlərin mürəkkəb strukturu vasitəsilə və “Gernseydə və daha sonra Kiprdə ofşor trestlərdən” istifadə etməklə həyata keçirilib. Knightsbridge evinin alınması üçün istifadə edilən vəsaitlərin demək olar ki, hamısının “iki xüsusi ABB hesabından gəldiyi güman edilir.

“Hər iki əmlakın alınması üçün istifadə olunan vəsaitin mənbəyi ilə bağlı NCA-ya heç bir əsaslı izahat verilməyib. Əhəmiyyətli bir hissəsi bilavasitə ABB-nin pullarının oğurlanmasını gizlətmək üçün istifadə olunan veksellər və kredit müqavilələri ilə yaranan məbləğlərdə müşahidə oluna bilər”, – NCA-nın bəyanatında deyilir.

NCA OCCRP-yə bildirib ki, onlar əmlakları satacaqlar və xalis satışdan əldə olunan gəlirin 70 faizini agentliyin hüquqi xərcləri çıxılmaqla Böyük Britaniya hökumətinə verəcəklər. Yalnız yerdə qalan 30 faiz Hacıyevaya qaytarılacaq.

Ana səhifəSiyasətZamirə Hacıyevanın Londondakı malikanəsi və qolf klubu müsadirə edilib