close

Zelenski əks-hücumdan danışdı: “Bu, xoşbəxt sonluqla bitən film deyil”

Volodimir Zelenski. Foto: Dmytro Larin/shutterstock

Ukrayna Prezidenti deyib ki, müharibədə xeyli insan itirilib

Ukrayna Prezidenti Volodimir Zelenski “CNN” telekanalına müsahibəsində deyib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu xoşbəxt sonluqla bitən film adlandırmaq olmaz.

Zelenski bildirib ki, hətta Ukrayna qələbə qazanarsa, bu, xoşbəxt sonluq hesab edilməməlidir.

Biz hamımız uğur qazanmaq, xoşbəxt sonluğa çatmaq istəyirik. Amma bu, saatyarımlıq film deyil. Bu, əks-hücumdur. Bu, xoşbəxt sonluqla bitən film deyil. Xoşbəxt sonumuz olmayacaq. Çox insan itirmişik. Biz bunu etiraf etməliyik. Qələbə, sadəcə, Rusiyanın digər ölkələrə – Baltikyanı ölkələrə, Polşaya hücumunun və hamımızı Sovet İttifaqına qaytarmasına mane ola biləcək yeganə amildir”, – Ukrayna Prezidenti deyib.

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı 2023-cü ilin yayında başlayıb.

İyunda Zelenski bildirib ki, böyük minalanmış sahələr də daxil olmaqla, hücum istəniləndən daha yavaş gedir.

Sentyabrın əvvəlində Ukrayna Silahlı Qüvvələri cənub cəbhəsində rus qoşunlarının ilk, ən möhkəmləndirilmiş müdafiə xəttini keçdiklərini açıqlayıb.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəDünyaZelenski əks-hücumdan danışdı: “Bu, xoşbəxt sonluqla bitən film deyil”