Azərbaycan Dillər Universitetinin tələbələri mayın 30-da etiraz aksiyası keçiriblər. Onlar rektorluğun universitetdən buraxılış üçün dövlət imtahanını bərpa etməsinə qarşıdırlar. Tələbələr bildirilər ki, universitetə qəbul olunarkən onlara dövlət imtahanının olmayacağı deyilib.
Tələbələr deyirlər ki, həm də dövlət imtahanı buraxılışa bir ay qalmış təyin edilib və imtahan fənllərinin sayı da həddən artıqdır.
“9 fənn üzrə imtahan olar?” deyə etirazçı tələbələrdən biri deyib. Tələbələr vurğulayıblar ki, yeniliklər builki məzunlara şamil edilməsin.
Universitetin rəsmi şəxsləri tələbələrlə danışıqlara gəlib. Tələbələr isə yalnız rektorla görüşmək istədiklərini deyiblər.
ADU İnformasiya Departamentinin müdiri tələbələrin etirazına münasibət bildirərək deyib ki, dövlət imtahanı Nazirlər Kabinetinin “Bakalavr təhsilinin təşkili qaydaları” ilə bağlı qərarına əsasən təyin edilib: “Həmin qaydalarda göstərilir ki, yekun buraxılış attestasiyasının keçirilməsi məcburidir. Yəni, bu, kiminsə kəşfi deyil…”. Departament müdirinin sözlərinə görə, dövlət imtahanının olacağı tələbələrə dərs ilinin əvvəlindən deyilib.
Tələbələr isə sual edirlər ki, Nazirlər Kabineti bu qərarı 2010-cu ildə verib, bəs universitet rəhbərliyi onu niyə məhz indi tətbiq edir?..
Bir müddətdən sonra etirazçı tələbələri universitet rəhbərliyi akt zalına dəvət edib. Lakin tələbələr aldadılacaqlarını deyərək rektorla görüş olmadan, akt zalına toplaşmaq istəməyiblər.
Nəhayət, rektor tələbələrlə görüşməyə razılıq verib və tələbələr zala toplaşıb. Lakin rektor zala görüşün sonuna yaxın gəlib və danışmayıb da.
Görüşdə tələbələri təhsil nazirinin müavini Ceyhun Bayramov dinləyib, onların suallarına cavab verib. Nazir müavini deyib ki, tələbələrin bütün fikirləri ilə tanışdırlar, hər bir fikrə, təklifə hörmətlə yanaşırlar. “İndi məsələ bundan ibarətdir ki, hər hansı qərar verilməlidir. Bu qərarları qəbul etməyin də prosedurları var. Biz bu prosedurlara əməl etməliyik” deyən C.Bayramov vəd edib ki, qəbul ediləcək qərarda tələbələrin mənafeyi nəzərə alınacaq.
“Sizin bütün fikirlər nəzərə alınacaq. Qərar hər kəsin marağına cavab verən qərar olacaq. Narahatçılığa səbəb yoxdur”, deyə – nazir müavini bildirib.
C.Bayramov qeyd edib ki, məsələ mayın 31-də universitetinin Elmi Şurasında müzakirəyə çıxarılacaq.
Tələbələr görüşdə tələb ediblər ki,imtahan fənlərinin sayı 9-dan 5-ə endirilsin. Bundan başqa, ya sualların sayı azaldılsın, ya da bu yenilik gələn ildən tətbiq olunsun.
Oxunub: 2136