Kənd Təsərrüfatı naziri Heydər Əsədov yığıncaq keçirib və tipik sovet üslubunda tədbirlər görüb
Kənd Təsərrüfatı Nazirliyində “Aqrolizinq” ASC tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş kollegiya iclasının keçirilməsi və bu iclasda “Aqrolizinq” ASC işçilərinin bəzilərinin işdən azad edilməsi, bəzilərinə şiddətli, şiddətsiz töhmətlər verilməsi, bəzilərinə isə xəbərdarlıqlar edilməsi özünü doğrultmayan, iflasa uğrayan sovet idarəçilik sistemini xatırladır. Sahəyə cavabdeh olan qeyri-peşəkar məmurlar çalışır ki, iş görüntüsü yaratsın.
Əslində isə uzun müddətdir ki, “Aqrolizinq” ASC fəaliyyəti, göstərdiyi xidmətin keyfiyyəti fermerləri qane etmir. Fermerlərə güzəştli şərtlərlə verilən gübrə və pestisidlərin keyfiyyəti, istifadə müddəti və dəyəri ilə bağlı həmişə ciddi suallar yaranıb.
Dövlət büdcəsi vəsaitləri hesabına monopolistə çevrilmiş “Aqrolizinq” ASC mövcudluğu digər özəl oyunçuların bu sahəyə girişini əngəlləyir. Bu qurumun tezliklə buraxılması özəl şirkətlərin bu bazara girişinə geniş imkan açar və bu yolla fermerlər, kəndlilər ucuz və keyfiyyətli xidmət imkanı əldə edər.
Çox təəssüflər olsun ki, “Aqrolizinq” ASC-nin indiki fəaliyyəti əsasən dövlət büdcəsindən və xidmət sahəsindən əldə olunan vəsaitlərin bəzi subyektlər arasında bölüşdürülməsini təmin etməkdən ibarətdir.
Baxın, artıq bölgələrdə taxıl biçininə başlanılmalıdır, ancaq “Aqrolizinq”ə fermerlərin texnikaya, taxılyığan kombaynlara olan ehtiyacını müəyyən etmək üçün tapşırıq indi verilir. Pambıq səpini yekunlaşıb, lakin istehsalçıların texnikaya, gübrəyə olan tələbatlarının müəyyənləşdirilməsi tapşırığı indi verilir.
Bu iclasdan aydın şəkildə görünür ki, kənd təsərrüfatı naziri işlə yox, imitasiya ilə məşğuldur.
azadliq.info
Oxunub: 512