Üzeyir Cəfərov: “Onları yerində oturtmaq lazımdır”
Ermənistanın “Şant” televiziya operatorunun bölmələrimizin atəşi nəticəsində yaralanması barədə erməni KİV-də məlumatlar gedib. Ermənistan KİV-i iddia edir ki, mayın 10-da saat 18 radələrində Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusunun açdığı atəş nəticəsində “Şant” televiziyasının “Mövqelərdə” proqramının operatoru David Atoyan yaralanıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunub ki, Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, “Şant” televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb. Məlumatda həmçinin bildirilib ki, Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür.
Hərbi ekspert Üzeyir Cəfərov Azadlıq.info-ya deyir ki, ermənilərin bu iddiası tamamilə yalandır. Düşmənin istənilən yolla bizi günahlandırmaq üçün müxtəlif variantlar düşündüyünü deyən ekspert, erməni operatorun yaralanmasını sübut edən faktlar tələb edir:
“Erməni operatoru avtomobildə vurulubsa, orada ən azından qan izi olmalıdır. Amma orada yaralanmanı sübut edən heç bir iz yoxdur. Uzaqdan atılan güllənin izi hardadır bəs? Ona görə də
ermənilərin uydurduğu bu məsələyə inanmıram. Bizim Müdafiə Nazirliyi ermənilərin bu yalanını dərhal üzə vurmalıdır. Bundan başqa, erməni generalının rus qoşunlarıyla bağlı həyasızlığına da tutarlı cavab verilməlidir. Müdafiə və xarici işlər nazirlikləri səviyyəsində onları yerində susdurmaq lazımdır. Diqqət edin, işğalçı rejim qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtını Şuşaya köçürür. Ermənilərin mədəniyyət nazirliyi və daha neçə qurum da Şuşaya köçürülüb. Bu həyasızlığa tutarlı və kəskin cavab verilməlidir. Belə bir vaxtda ermənilər operatorun yaralanmasıyla bağlı xəbərlər yayır. Biz onların təxribatına uymamalıyıq və adekvat cavabla düşməni yerində oturtmalıyıq”.
Nigar
Oxunub: 364