Natiq Güləhmədoğlu
Bizim ən böyük səhv yanaşmalarımızdan biri hazırkı Azərbaycan hakimiyyətinin apardığı müstəbid siyasəti, günahsız insanları şərləməsini, həbsə atmasını, öldürməsini və s. 1937-ci il repressiyaları ilə eyniləşdirməyimizdi. Əlbəttə, Stalin repressiyaları indikindən daha qanlı-qadalıydı. Fəqət, nə qədər qəribə görünsə də, o repressiyaların bir mənası, daha uca hədəfi vardı. Başadüşülən idi. Kobud ifadə eləsək, yeni sovet quruluşu Kommunizmi hədəfləmişdi. Bu həddə çatma cəmiyyətdə məhsullar bolluğu, qardaşlıq və s. maddi-mənəvi dəyərlərin hökmran olmasını vəd edirdi. Başda Stalin olmaqla, əksər sovet nomenklaturasının (xırda istisnalarla) repressiyalarında əsas motivi tamah, görməmişlik, şəxsi lüks həyat aludəçiliyi təşkil etməyib. Bəs indi? Bu suala cavab verməkdən ötrü biz aşağıdakı məsələləri özümüz üçün aydınlaşdırmalıyıq:
İlham Əliyevin repressiyalarının ana hədəfi nədir? Əliyev bizi hara aparmaq istəyir? Onun “kommunizmi” nə cürdür? Mən belə başa düşürəm ki, o elə hədəflədiyi kommunizmi qurub. Lakin bu, YAPsayağı kommunizmdir. Dar bir dairə üçün hər şey, geniş kütlə üçün köləlik və məşəqqət! İndi ona mane olan “keçmişin qalığı kimi” fəaliyyət göstərən tənqidçiləridi. Əliyev istəyir ki, onun əyan-əşrəfinin maddi sərvətlər bolluğunda, tamamilə məsuliyyətdən kənar ömür sürdüyü bu günlərdə insanlar – qulları başları kəsilsə də, “uf” belə deməsinlər, çünki onların ovqatı təlx ola bilər. O, qatığa “qaradır” deyəndə, kimsə, hətta “boza oxşayır” iradını da bildirmək cürətində bulunmasın. Beləliklə, biz görürük ki, bütün neqativ, dözülməz cəhətlərinə rəğmən, sovet repressiyası şəxsi və cılız məişət maraqlarından xeyli uzaq idi. Yaxud, sovet rəhbərliyi eqoist, dar düşüncəyə söykənən maraqlarını yaxşı pərdələyə bilmişdisə, bizimkilər ideya və qlobal mütərəqqi səciyyə daşıyan bütün cəhətlərdən məhrumdular. Hər nə qədər uca amalları məqsəd seçsələr də, nə Stalin repressiyaları, nə də 16-17 ildən sonra o repressiyalara görə sistemin “tövbə etməsi” belə, sovet sistemini ayaqda saxlaya bilmədi. Yıxıldılar. Bunlar isə yıxılmayacaq. Çünki təməli, bel sütunu olmayan şey yıxılmır, kül kimi sovrulub gedir. Gedəcəklər!
Oxunub: 886